“Mülkiyyət hüququnun qorunması və Avropa Konvensiyası” mövzusunda birgə təlim keçirilib
Oktyabrın 23-də Hüquq və İnsan Haqları İnstitutu ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Baş idarəsi tərəfindən Bakı şəhərində fəaliyyət göstərən 29 bələdiyyənin nümayəndələri üçün “Mülkiyyət hüququnun qorunması və Avropa Konvensiyası” mövzusunda birgə təlim keçirilib.
Təlimin
keçirilməsində məqsəd bələdiyyə nümayəndələrinin mülkiyyət hüququnun müdafiəsi
sahəsində hüquqi biliklərinin artırılması, Avropa Konvensiyasının bu hüquqla
bağlı müəyyən etdiyi standartların diqqətə çatdırılması və yerli özünüidarəetmə
fəaliyyəti zamanı insan hüquqları prinsiplərinin tətbiqinə dair praktiki
yanaşmaların formalaşdırılması olub.
Tədbirdə
çıxış edən İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə mülkiyyət
hüququnun fundamental insan hüquqlarından biri olduğunu vurğulayıb. O, dövlət və
yerli özünüidarəetmə orqanlarının fəaliyyətində qanunun aliliyi və insan
hüquqları prinsiplərinə riayət olunmasının, ictimai maraqlarla vətəndaşların
mülkiyyət hüquqlarının qorunması arasında ədalətli balansın təmin edilməsinin
vacibliyini qeyd edib.
Azərbaycan
Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin Analitik təhlil
və metodoloji yardım şöbəsinin rəisi Elşən Fətullayev çıxışında təmsil etdiyi
idarə tərəfindən bələdiyyələrin fəaliyyətində qanunvericiliyin tələblərinin
düzgün tətbiqinə nail olmaq məqsədilə metodoloji yardım tədbirlərinin həyata
keçirildiyini bildirib. O, təlimin bələdiyyə üzvlərinin mülkiyyət hüququnun
müdafiəsi ilə bağlı biliklərinin daha da artırılmasına və praktiki fəaliyyətlərində
ölkə qanunvericiliyinin və Avropa Konvensiyasının müddəalarından irəli gələn tələblərə
düzgün əməl olunmasına müsbət təsir göstərəcəyini vurğulayıb.
Təlim
mülkiyyət hüququnun milli qanunvericilik və Avropa Konvensiyası çərçivəsində
müdafiəsi, bu hüquqa müdaxilənin hüquqi əsasları, qanunilik və legitimlik
prinsiplərini əhatə edən mövzularda təqdimatlarla davam etdirilib. Mövzunun bələdiyyə
fəaliyyəti ilə əlaqəli aspektlərinə xüsusi diqqət yetirilib, torpaq və əmlak
münasibətləri, yerli özünüidarəetmə orqanlarının qərarlarının şəxslərin mülkiyyət
hüquqlarına təsiri və bələdiyyələrin fəaliyyətində insan hüquqları
standartlarının nəzərə alınması ilə bağlı məsələlər müzakirə olunub.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Rəylər
0 Rəy