Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-11-2026 , 20:02

101

Son xəbərlər

Bütün xəbərlər

Zəfərin əbədi varisləri

Elmi-Praktik Məsələlər
07-11-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Sabunçu bələdiyyələrinin büdcə gəlirləri 32 faiz artıb: Maştağa bələdiyyəsi ölkə üzrə ikinci yerdədir


Cari ilin ilk on ayı ərzində Sabunçu rayonunda fəaliyyət göstərən on bələdiyyədən doqquzunda yerli vergilər və digər ödənişlər üzrə daxilolmalarda artım qeydə alınıb. Bələdiyyələrin maliyyə göstəricilərinin təhlili göstərir ki, hesabat dövründə ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli müsbət dinamika müşahidə olunub.

Belə ki, 2026-cı ilin yanvar-oktyabr aylarında Nardaran bələdiyyəsinin büdcə daxilolmaları 240 786 manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 132 faiz artım deməkdir. Zabrat bələdiyyəsi 175 645 manat gəlir əldə etməklə göstəricisini 51 faiz, Maştağa bələdiyyəsi 593 347 manat gəlirlə 50 faiz, Pirşağı bələdiyyəsi 137 002 manat gəlirlə 36 faiz artırıb.

Digər bələdiyyələrdə də müsbət dinamika qeydə alınıb. Sabunçu bələdiyyəsinin gəlirləri 225 769 manata çataraq 23 faiz, Kürdəxanı bələdiyyəsinin gəlirləri 150 851 manata çataraq 22 faiz, Ramana bələdiyyəsinin gəlirləri 200 059 manata çataraq 15 faiz artıb. Bakıxanov bələdiyyəsi 421 080 manat gəlirlə 13 faiz, Bilgəh bələdiyyəsi isə 207 372 manat gəlirlə 12 faiz artım əldə edib.

Yalnız Balaxanı bələdiyyəsində cüzi azalma müşahidə olunub. Belə ki, hesabat dövründə bu bələdiyyənin gəlirləri 93 580 manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azdır.

Beləliklə, cari ilin ilk on ayında Sabunçu rayonunun on bələdiyyəsi üzrə ümumi maliyyə daxilolmaları 2 milyon 445 min 491 manata yüksəlib. Halbuki 2025-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 1 milyon 850 min 80 manat təşkil etmişdi. Müqayisə göstərir ki, bir il ərzində bələdiyyələrin ümumi gəlirləri 595 min 411 manat artıb. Bu isə təxminən 32,2 faizlik yüksəliş deməkdir.

Ötən ilin müvafiq dövründə bələdiyyələrin gəlirləri aşağıdakı kimi olub: Nardaran – 103 645 manat, Zabrat – 116 550 manat, Maştağa – 396 741 manat, Pirşağı – 100 532 manat, Sabunçu – 184 182 manat, Kürdəxanı – 123 728 manat, Ramana – 173 405 manat, Bakıxanov – 371 297 manat, Bilgəh – 185 118 manat, Balaxanı – 94 882 manat.

Rəqəmlərdən də göründüyü kimi, Sabunçu rayonunun bələdiyyələri üzrə ümumi gəlirlərin artımında xüsusilə Nardaran, Zabrat və Maştağa bələdiyyələrinin nəticələri diqqəti cəlb edir. Nardaran bələdiyyəsinin gəlirlərində qeydə alınan 132 faizlik artım rayon üzrə ən yüksək göstəricidir. Maştağa və Zabrat bələdiyyələri də həm gəlirlərin ümumi həcminə, həm də artım tempinə görə seçilirlər.

Gəlirlərin ümumi həcminə görə isə Maştağa bələdiyyəsi rayon üzrə liderliyini qoruyub. 593 347 manatlıq büdcə daxilolması ilə bu bələdiyyə təkcə Sabunçu rayonu üzrə deyil, ölkəmizdə formalaşmış 98 qəsəbə bələdiyyəsi arasında da ikinci yerdə qərarlaşıb. İlk pillədə isə cüzi fərqlə Badamdar bələdiyyəsi dayanır.

Maştağa bələdiyyəsinin əldə etdiyi nəticə onun yerli gəlir mənbələrinin səfərbər edilməsi istiqamətindəki fəaliyyətinin miqyasını nümayiş etdirir. Bununla yanaşı, artım tempinin də yüksək olması diqqətəlayiqdir. Mövcud dinamika ilin sonuna qədər davam edərsə, Maştağa bələdiyyəsinin ölkə üzrə qəsəbə bələdiyyələri arasında birinci yerə yüksəlməsi real ehtimal kimi qiymətləndirilə bilər.

Ümumilikdə, Sabunçu rayonunun bələdiyyələri üzrə gəlirlərin 32 faizdən çox artması yerli özünüidarəetmə orqanlarının maliyyə imkanlarının genişlənməsi baxımından müsbət göstəricidir. Bu dinamikanın davamlı olması üçün vergi ödəyiciləri ilə işin gücləndirilməsi, daşınmaz əmlak və torpaq vergisi üzrə uçotun təkmilləşdirilməsi, mövcud vergi bazasının tam müəyyənləşdirilməsi və yığım potensialından daha səmərəli istifadə edilməsi mühüm əhəmiyyət daşıyır.

Nəticə etibarilə, 2026-cı ilin ilk on ayının göstəriciləri Sabunçu rayonunun bələdiyyələri üzrə gəlirlərin artımının təsadüfi deyil, geniş əhatəli müsbət tendensiya olduğunu göstərir. İlin yekununda bu göstəricilərin hansı səviyyəyə çatacağı və xüsusilə Maştağa bələdiyyəsinin ölkə üzrə mövqeyinin dəyişib-dəyişməyəcəyi maraq doğurur.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər