Bəzən bir foto daha çox mətləblərdən xəbər verir
Və ya Suraxanı rayonunda keçirilən ağacəkmə aksiyasına sözardı
Bu şəkil Suraxanı rayonunda Zəfər Günü münasibətilə keçirilən
ağacəkmə aksiyası zamanı çəkilib. Şəkilə baxarkən diqqətimi bir məqam cəlb
etdi. Əslində, bu cür tədbirlər əvvəlki siyasi rəhbərlərin dövründə də keçirilib,
saysız-hesabsız ağacəkmə
aksiyaları təşkil olunub və müvafiq fotolar çəkilib. Hətta həmin illərdə
keçirilən belə tədbirlərin birində mən özüm də təsadüfən iştirak etmişəm.
Lakin bugünkü mənzərə ilə o illərdəki görüntülər arasında nəzərəçarpacaq
bir fərq var. Fərq təkcə insanların üz ifadələrində deyil, münasibətlərdə,
yanaşmada və ümumi ab-havada hiss olunur. Əvvəlki illərdə çəkilən fotolarda bələdiyyə
sədrlərinin üzündə səmimiyyətə söykənən sevincdən daha çox, müəyyən bir məcburiyyətin,
narahatlığın və süni münasibətin izləri görünürdü. Çünki həmin dövrdə icra
hakimiyyəti ilə bələdiyyələr arasında münasibətlər sağlam əməkdaşlıq və
qarşılıqlı etimad üzərində qurulmamışdı.
Təəssüf ki, bir sıra hallarda RİH nümayəndələri bələdiyyələrə
yerli özünüidarəetmə orqanı, hüquq və səlahiyyətləri olan müstəqil tərəfdaş
kimi deyil, sanki öz tabeliklərində olan, istədikləri kimi idarə edə biləcəkləri
bir qurum kimi yanaşırdılar. Bələdiyyələrin fəaliyyətinə müdaxilələr, onların təşəbbüslərinə
etinasız münasibət və problemlərinə laqeyd yanaşma bu münasibətlərin əsas
xarakterik cəhətlərindən idi. Başqa sözlə, bələdiyyələrə tərəfdaş kimi deyil,
hansısa qurumun yaratdığı MMC kimi baxılırdı.
Belə münasibətlərin nəticəsi də gec-tez özünü göstərirdi. Bələdiyyələrin
fəaliyyətində ruh düşkünlüyü yaranır, sədrlərin üzərinə düşən məsuliyyətlə
yanaşı, onların imkanları da məhdudlaşdırılırdı. Bəzi bələdiyyələrdə DSMF
qarşısında borclar yaranır, maliyyə və idarəetmə problemləri dərinləşirdi. Digər
tərəfdən, vəzifəsinə və məsuliyyətinə qeyri-ciddi yanaşan bəzi şəxslərin
sonradan hüquqi məsuliyyətə cəlb olunaraq həbsə düşməsi də yaddaşımızdadır. Və
təəsüf ki, belə həssas məqamlarda həmin siyasi rəhbələr sudan quru çıxmağı bacarmışdılar.
Əlbəttə, hər bir halda qanun qarşısında məsuliyyət fərdi xarakter daşıyır.
Lakin ümumi mənzərə onu göstərirdi ki, bələdiyyə institutu öz potensialından və
imkanlarından lazımi səviyyədə istifadə edə bilmirdi.
Nə isə...
Sözümün canı başqadır. Bu gün Adil Əliyevin bələdiyyələrə
münasibətində müşahidə olunan yanaşma, onların yerli idarəetmədə tərəfdaş kimi
qəbul edilməsi və üzləşdikləri problemlərin həllinə diqqət göstərilməsi, məncə,
əvvəlki dövrlərlə müqayisədə müsbət mənada ciddi fərq yaradır.
Əslində, bələdiyyə sədrlərinin üzündəki səmimi təbəssümün
arxasında da məhz bu münasibət dayanır. Çünki insanlara yalnız tapşırıq vermək,
onlardan nəticə tələb etmək deyil, həm də problemlərini dinləmək, çətinliklərinin
həllinə dəstək olmaq, təşəbbüslərinə dəyər vermək lazımdır. Bələdiyyə rəhbəri
özünü hansısa inzibati qurumun tabeliyində olan şəxs kimi deyil, dövlət idarəçiliyinin
və yerli özünüidarəetmənin ümumi məqsədlərinə xidmət edən tərəfdaş kimi hiss
etməlidir.
Unutmaq olmaz ki, güclü yerli özünüidarəetmə sistemi yalnız
səlahiyyət və məsuliyyət bölgüsü ilə deyil, həm də qarşılıqlı hörmət, etimad və
əməkdaşlıq mühiti ilə formalaşır. Bələdiyyələrin problemlərinə həssas yanaşmaq,
onların fəaliyyətinə dəstək vermək, yerli təşəbbüsləri stimullaşdırmaq nəticə
etibarilə dövlət-vətəndaş münasibətlərinin möhkəmlənməsinə də xidmət edir.
Bu baxımdan, Suraxanıda keçirilən ağacəkmə aksiyasından çəkilmiş
həmin foto mənim üçün sadəcə bir tədbirin görüntüsü deyil. O, idarəetmədə
münasibətlərin dəyişməsinin, bələdiyyələrə yanaşmada daha sağlam əməkdaşlıq
mühitinin formalaşmasının bir ifadəsidir. Və bu mühitin formalaşmasında əsas səbəbkar
isə məhz Suraxanı RİH başçısı Adil
Əliyev hesab edilməlidir.
Bəzən bir foto uzun-uzadı çıxışlardan daha çox mətləbdən xəbər
verir. Əsas məsələ də elə budur: insanlar tədbirdə iştirak etdikləri üçün
deyil, gördükləri münasibətdən və göstərilən diqqətdən məmnun olduqları üçün
gülümsəsinlər.
Vüqar Tofiqli
Rəylər
0 Rəy