Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-11-2026 , 23:02

187

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bəzən bir foto daha çox mətləblərdən xəbər verir

Və ya Suraxanı rayonunda keçirilən ağacəkmə aksiyasına sözardı

 

Bu şəkil Suraxanı rayonunda Zəfər Günü münasibətilə keçirilən ağacəkmə aksiyası zamanı çəkilib. Şəkilə baxarkən diqqətimi bir məqam cəlb etdi. Əslində, bu cür tədbirlər əvvəlki siyasi rəhbərlərin dövründə də keçirilib, saysız-hesabsız ağacəkmə aksiyaları təşkil olunub və müvafiq fotolar çəkilib. Hətta həmin illərdə keçirilən belə tədbirlərin birində mən özüm də təsadüfən iştirak etmişəm.

Lakin bugünkü mənzərə ilə o illərdəki görüntülər arasında nəzərəçarpacaq bir fərq var. Fərq təkcə insanların üz ifadələrində deyil, münasibətlərdə, yanaşmada və ümumi ab-havada hiss olunur. Əvvəlki illərdə çəkilən fotolarda bələdiyyə sədrlərinin üzündə səmimiyyətə söykənən sevincdən daha çox, müəyyən bir məcburiyyətin, narahatlığın və süni münasibətin izləri görünürdü. Çünki həmin dövrdə icra hakimiyyəti ilə bələdiyyələr arasında münasibətlər sağlam əməkdaşlıq və qarşılıqlı etimad üzərində qurulmamışdı.

Təəssüf ki, bir sıra hallarda RİH nümayəndələri bələdiyyələrə yerli özünüidarəetmə orqanı, hüquq və səlahiyyətləri olan müstəqil tərəfdaş kimi deyil, sanki öz tabeliklərində olan, istədikləri kimi idarə edə biləcəkləri bir qurum kimi yanaşırdılar. Bələdiyyələrin fəaliyyətinə müdaxilələr, onların təşəbbüslərinə etinasız münasibət və problemlərinə laqeyd yanaşma bu münasibətlərin əsas xarakterik cəhətlərindən idi. Başqa sözlə, bələdiyyələrə tərəfdaş kimi deyil, hansısa qurumun yaratdığı MMC kimi baxılırdı.

Belə münasibətlərin nəticəsi də gec-tez özünü göstərirdi. Bələdiyyələrin fəaliyyətində ruh düşkünlüyü yaranır, sədrlərin üzərinə düşən məsuliyyətlə yanaşı, onların imkanları da məhdudlaşdırılırdı. Bəzi bələdiyyələrdə DSMF qarşısında borclar yaranır, maliyyə və idarəetmə problemləri dərinləşirdi. Digər tərəfdən, vəzifəsinə və məsuliyyətinə qeyri-ciddi yanaşan bəzi şəxslərin sonradan hüquqi məsuliyyətə cəlb olunaraq həbsə düşməsi də yaddaşımızdadır. Və təəsüf ki, belə həssas məqamlarda həmin siyasi rəhbələr sudan quru çıxmağı bacarmışdılar. Əlbəttə, hər bir halda qanun qarşısında məsuliyyət fərdi xarakter daşıyır. Lakin ümumi mənzərə onu göstərirdi ki, bələdiyyə institutu öz potensialından və imkanlarından lazımi səviyyədə istifadə edə bilmirdi.

Nə isə...

Sözümün canı başqadır. Bu gün Adil Əliyevin bələdiyyələrə münasibətində müşahidə olunan yanaşma, onların yerli idarəetmədə tərəfdaş kimi qəbul edilməsi və üzləşdikləri problemlərin həllinə diqqət göstərilməsi, məncə, əvvəlki dövrlərlə müqayisədə müsbət mənada ciddi fərq yaradır.

Əslində, bələdiyyə sədrlərinin üzündəki səmimi təbəssümün arxasında da məhz bu münasibət dayanır. Çünki insanlara yalnız tapşırıq vermək, onlardan nəticə tələb etmək deyil, həm də problemlərini dinləmək, çətinliklərinin həllinə dəstək olmaq, təşəbbüslərinə dəyər vermək lazımdır. Bələdiyyə rəhbəri özünü hansısa inzibati qurumun tabeliyində olan şəxs kimi deyil, dövlət idarəçiliyinin və yerli özünüidarəetmənin ümumi məqsədlərinə xidmət edən tərəfdaş kimi hiss etməlidir.

Unutmaq olmaz ki, güclü yerli özünüidarəetmə sistemi yalnız səlahiyyət və məsuliyyət bölgüsü ilə deyil, həm də qarşılıqlı hörmət, etimad və əməkdaşlıq mühiti ilə formalaşır. Bələdiyyələrin problemlərinə həssas yanaşmaq, onların fəaliyyətinə dəstək vermək, yerli təşəbbüsləri stimullaşdırmaq nəticə etibarilə dövlət-vətəndaş münasibətlərinin möhkəmlənməsinə də xidmət edir.

Bu baxımdan, Suraxanıda keçirilən ağacəkmə aksiyasından çəkilmiş həmin foto mənim üçün sadəcə bir tədbirin görüntüsü deyil. O, idarəetmədə münasibətlərin dəyişməsinin, bələdiyyələrə yanaşmada daha sağlam əməkdaşlıq mühitinin formalaşmasının bir ifadəsidir. Və bu mühitin formalaşmasında əsas səbəbkar isə  məhz Suraxanı RİH başçısı Adil Əliyev hesab edilməlidir.

Bəzən bir foto uzun-uzadı çıxışlardan daha çox mətləbdən xəbər verir. Əsas məsələ də elə budur: insanlar tədbirdə iştirak etdikləri üçün deyil, gördükləri münasibətdən və göstərilən diqqətdən məmnun olduqları üçün gülümsəsinlər.

Vüqar Tofiqli

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şəhid atası ziyarət olunub

Bakı
02-09-2026
872