Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-11-2026 , 19:36

161

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Arzu Aslanova: “Sakinlərlə mütəmadi maarifləndirmə işinin aparılmasına xüsusi önəm veririk”


Suraxanı rayonu, Zığ bələdiyyəsinin 2027-ci il büdcə layihəsi və gəlir istiqamətləri ilə bağlı Belediyye.infoya açıqlama verən bələdiyyənin sədri Arzu Aslanova deyib ki, 2027-ci il üçün yerli büdcə layihəsi hazırlanaraq müzakirəyə təqdim olunmuşdur. Ümumi həcmi 163.300 manat nəzərdə tutulan büdcə layihəsi bələdiyyənin aidiyyəti komissiyalarının birgə iclasında ətraflı müzakirə edilmişdir.

 2027-ci il üzrə büdcə xərclərinin əsas istiqamətləri qəsəbə sakinlərinin sosial rifahının yaxşılaşdırılması, sosial müdafiə tədbirlərinin həyata keçirilməsi, ərazinin abadlaşdırılması və yerli infrastrukturun inkişaf etdirilməsidir.

 Belə ki, gələn il üçün:

 Yerli sosial müdafiə, sosial təminat və sosial inkişaf proqramlarının maliyyələşdirilməsinə 75 000 manat;

 Ərazinin abadlaşdırılması və yerli infrastruktur tədbirlərinə 63 000 manat;

 Sair xərclərə isə 5 000 manat vəsait ayrılması nəzərdə tutulmuşdur.

 Büdcənin gəlir hissəsinin ümumi həcmi 163 300 manat proqnozlaşdırılır. Bunun 160 000 manatının 2027-ci il üzrə cari gəlirlər, 3 300 manatının isə əvvəlki illərdən yaranmış debitor borcların yığılması hesabına formalaşması nəzərdə tutulur.

 Təbii ki, yerli büdcənin dayanıqlılığının təmin edilməsi və gəlir imkanlarının genişləndirilməsi əsas prioritetlərimizdəndir. Bu baxımdan, bələdiyyə iclasında büdcə gəlirlərinin artırılması və vergi yığımının səmərəliliyinin yüksəldilməsi ilə bağlı bir sıra konkret təkliflər müzakirə edilmişdir.

 İlk növbədə, bələdiyyə ərazisində torpaq sahələrinin, yaşayış və qeyri-yaşayış obyektlərinin inventarizasiyasının aparılması, uçotdan kənarda qalan əmlak və torpaq sahələrinin müəyyən edilərək müvafiq bazaya daxil edilməsi nəzərdə tutulur.

 Digər mühüm istiqamət əvvəlki illərdən qalan vergi borclarının yığılması ilə bağlı işlərin gücləndirilməsidir. Bu məqsədlə borclulara rəsmi bildirişlərin göndərilməsi, ödəniş intizamının artırılması və sakinlər arasında maarifləndirmə tədbirlərinin genişləndirilməsi planlaşdırılır.

 Eyni zamanda, sakinlərlə mütəmadi maarifləndirmə işinin aparılmasına xüsusi önəm veririk. Çünki yerli vergilərin vaxtında və düzgün ödənilməsi birbaşa qəsəbəmizin abadlaşdırılmasına, sosial layihələrin həyata keçirilməsinə və infrastruktur problemlərinin həllinə xidmət edir. Bələdiyyə büdcəsinin gəlirləri nə qədər çox olarsa, sakinlərin ehtiyaclarına uyğun layihələrin reallaşdırılması imkanlarımız da bir o qədər genişlənər.

 Bununla yanaşı, cari ilin büdcə gəlirlərinin ötən ilin müvafiq dövrü ilə müqayisəsi də diqqətimizdədir. Belə ki, 2025-ci il yanvarın 1-dən noyabrın 1-dək olan 10 aylıq dövrdə bələdiyyə büdcəsinin gəlirləri 93 117 manat təşkil etdiyi halda, 2026-cı ilin eyni dövründə bu göstərici 91 067 manat olmuşdur. Beləliklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 050 manat azalma qeydə alınmışdır.

 Bu göstərici gəlirlərin artırılması, vergi bazasının dəqiqləşdirilməsi və yığım səviyyəsinin yüksəldilməsi istiqamətində işlərin daha da gücləndirilməsinin vacibliyini göstərir. Qarşımızda duran əsas vəzifə mövcud imkanlardan səmərəli istifadə etmək, büdcə daxilolmalarını artırmaq və hər bir manatın qəsəbənin sosial-iqtisadi inkişafına yönəldilməsini təmin etməkdir.

 Əminik ki, sakinlərin fəal iştirakı, vergi ödənişlərinə məsuliyyətli yanaşması və bələdiyyənin həyata keçirəcəyi məqsədyönlü tədbirlər nəticəsində yerli büdcənin gəlir imkanlarını genişləndirə, Zığ qəsəbəsinin abadlığı və inkişafı istiqamətində daha böyük nəticələr əldə edə biləcəyik.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər