Anar Adıgözəlov: “Maştağa bələdiyyəsi şəhidlərin xatirəsini hər zaman uca tutur”
“Maştağa bələdiyyəsi hər zaman torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsini hər zaman uca tutur, onların məzarları ziyarət olunur, xatirələri əbədiləşdirilir, o cümlədən yaşadıqları küçə və meydanlar abadlaşdırılır” – bu fikri adıçəkilən bələdiyyənin sədri Anar Adıgözəlov Maştağa qəsəbəsinin şəhidi Babayev İlkin Oqtay oğlunun ailə üzvlərini qəbul edərkən deyib.
Sədr qeyd edib ki, yaxın günlərdə bələdiyyənin maliyyə dəstəyi
ilə şəhidin yaşadığı küçəyə asfalt vurulması da planlaşdırılır.
Bununla yanaşı Maştağa Şəhidlər Xiyabanı və ona bitişik ərazilərin
təmizliyi bələdiyyənin diqqətindədir. Əraziyə bələdiyyə tərəfindən əkilən
ağaclara mütəmadi olaraq aqrotexniki qulluğun göstərilməsi, habelə xiyabanın ətrafına
çəkilən hasarda cari təmir işlərinin aparılması cari ildə həyata keçirilən layihələrdəndir.
Görüşdə şəhid İlkin Babayevin
döyüş yolundan, onun cəbhə xəttinin Ağdam rayonu istiqamətində erməni hərbi
birləşmələrinin təxribatının qarşısını alarkən 25 iyun 2017-ci ildə qəhrəmancasına
şəhid olduğu və Maştağa Şəhidlər Xiyabanında dəfn olunduğu
qeyd edilmişdir.
Sədr Anar Adıgözəlov qeyd edib ki, şəhidlərin adlarının əbədiləşdirilməsi,
xatirələrinin hörmətlə yad edilməsi və gələcək nəsillərə ötürülməsi bu gün dövlət siyasətinin əsas istiqamətlərindən
biridir. Torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş qəhrəman Vətən
övladlarının xatirəsinə ehtiram göstərilməsi Maştağa bələdiyyəsində prioritet məsələ olaraq daim diqqət mərkəzində saxlanılır.
Görüşdə şəhid İlkin Babayevin anası ölkəmizdə şəhid ailələlərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını ifadə edib.
Belediyye.info
Rəylər
0 Rəy