Turizm
potensialı olan bələdiyyələr üçün seminar-təlimlər keçirilib
Noyabrın 13-də Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş
idarəsi tərəfindən Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Azərbaycan
Turizm Bürosu publik hüquqi şəxsin nümayəndələrinin iştirakı ilə ölkə ərazisində
turizm potensialına malik bələdiyyələr üçün onlayn seminar-təlimlər təşkil
edilib.
“Turizmin inkişafında bələdiyyələrin rolu” mövzusuna həsr
olunan təlimlərdə bələdiyyələrin turizm sahəsində iştirak imkanları, yerli səviyyədə
turizmin inkişafının dəstəklənməsi, əlverişli turizm mühitinin
formalaşdırılması üçün görülməli işlər, bu sahədə hüquqi baza və qabaqcıl beynəlxalq
təcrübə barədə məlumat verilib.
Bələdiyyələrin diqqətinə çatdırılıb ki, turizm potensialının
müəyyənləşdirilməsi zamanı ərazilərin təbii-coğrafi quruluşu, infrastrukturu,
tarixi-mədəni abidələri, iqlimi, əhalinin adət-ənənələri, ənənəvi məşğuliyyət
növləri, kulinariyası, incəsənəti və idman imkanları nəzərə alınmalıdır. Bu
xüsusiyyətlər əsasında ərazidə inkişaf etdirilməsi mümkün olan turizm növlərinin
müəyyənləşdirilməsi, turistlərin marağına səbəb ola biləcək yerli proqramların
hazırlanması və müvafiq tədbirlərin həyata keçirilməsi tövsiyə olunub.
Azərbaycan Turizm Bürosu publik hüquqi şəxsin nümayəndəsi
qurumun səlahiyyətləri çərçivəsində bu istiqamətdə bələdiyyələrə zəruri
metodiki dəstəyin göstərilməsinə hazır olduqlarını bildirib.
Təlimlər çərçivəsində xarici ölkələrin yerli özünüidarəetmə
qurumlarının turizm sahəsində təcrübəsi, yerli ərazilərin özünəməxsus xüsusiyyətlərindən
turizmin inkişafı məqsədilə səmərəli istifadə nümunələri, eləcə də uğurlu layihə
və mexanizmlər barədə məlumatlar da iştirakçılarla bölüşülüb.
İnteraktiv formatda keçirilən seminar-təlimlərdə ümumilikdə 155 nəfər iştirak edib.
https://belediyye.gov.az/news/en-turzim-2026-11
Rəylər
0 Rəy