“Yaşıl dərə”nin yenicə başlayan ağ günləri
Bu bələdiyyədən tədbirə dəvət alanda hər dəfə maraqlı məqamlarla üz-üzə qalır, hansısa yeniliyi sanki kəşf etmiş kimi görünürəm.
Bələdiyyənin kollektivi formalaşdığı 26 il ərzində ənənələrinə sadiq qalaraq fəaliyyətləri ilə, kreativ ideyaları ilə gələn qonaqları, iştirakçıları təəcübləndirməkdən sanki zövq alır. Əslində öz amplualarındadırlar və bununla da vətəndaşlara, seçicilərinə xidmətdədirlər. Görünən odur ki, ilk dövrdə heç nədən çəkinmədən şəhər icra hakimiyyətinin birinci mərtəbəsində fəaliyyət göstərmələri ilə sanki demək istəyirdilər ki “biz də varıq”. Və birinci mərtəbədə olmaları ilə ilk olaraq vətəndaşın “dadına çatmağı” ənənəyə çevirməyi hələ o illərdə bacarmışdılar.
Keçirdikləri
növbəti tədbir də müqəddəs bayramlarımıza həsr olunsa da, əslində şəhərin bu
massivində ilk dəfə idi ki, həm də belə möhtəşəm bir layihənin təməli qoyulurdu.
Dörd
min kv.metrlik ərazidə ən müasir tələblərə cavab verən parkın salınması, üstəlik
ərazidə dayanıqlı maliyyə mənbəyinin yaradılması ideyası, nəticə etibari ilə yaşayış
massivində abadlıq işlərinin aparılması da məhz
bələdiyyənin ilk sədri olmuş və şəhərin hazırki siyasi rəhbəri tərəfindən
bələdiyyənin hesabat yığıncağında təklif
olunmuşdu.
Yəqin
ki, hiss etdiniz ki, söhbət Sumqayıt şəhərindən və onun təcrübəsi yayıla biləcək
səviyyədə olan bələdiyyəsindən gedir.
Yaşayış
massivinə gedərkən yol boyu şəhərdəki təmizlik diqqətimdən qaçmadı. Üstəlik hər
kəsin iş başında olması da şəhərdə idarəçiliyin hansı səviyyədə olmasından xəbər
verirdi. Beləliklə, “Yaşıl dərəyə” çatırıq. AzərTAc-ın xüsusi müxbiri Ətrabə
Rzayeva da bizimlə birlikdə idi.
*****
“Yaşıl
dərə”də isə həyat qaynayırdı. Hamı Sumqayıt bələdiyyəsinin yeni salınmaqda olan
parkına yön alırdı. Şəhid və qazi ailələrinin tədbirin ən görkəmli yerində
oturmaları üçün şəraitin yaradılması təşkilatçıların diqqətindən yayınmamışdı.
Yaşayış massıvının sakinlərinin və xüsusəndə azyaşlılar sevinci isə yerə-göyə
sığmırdı. Hazırlıqlar lazımı səviyyədə idi. Hiss olunurdu ki, tədbirin hər bir,
hətta ən xırda bir detalı belə kollektivdə müzakirə olunmuşdu. İşin gedişi
zamanı hər hansı sual verilməsinə, qısası, hansısa neqativə yer qoyulmamışdı. Bu
isə təşkilatçılğın hansı səviyyədə olmasından xəbər verirdi.
Milli
Məclisin üzvü Mehriban Vəliyevanın çıxışı, ardınca bələdiyyə sədri Adil
Xudadatovun və şəhid xanımının çıxışları tədbirə ayrı bir rəng qatdı.
Əlavə
edim ki, ikinci dəfə idi ki, MM üzvü olan xanım Mehriban Vəliyevanın çıxışına
qulaq asırdım. Birinci dəfə bələdiyyənin hesabat yığıncağındakı çıxışı diqqətimi
çəkmişdi. Yəni ekspromt, bir nəfəsə, sədrin çıxışına qulaq verib, sonrada onu təhlil
edərək çıxış edəsən, etiraf edim ki, bu heç də hər Milli Məclis üzvünə xas olan
cəhət deyil. Bu görüşdə də xanım deputata məhz
bələdiyyə barəsində söylədiyi fikirlərə görə, təşəkkürümü bildirdim. Kaş
ki, hər bir Milli Məclis üzvü bələdiyyənin təşkil etdiyi tədbirdə iştirak etməklə,
həm də obyektiv şəkildə bələdiyyənin fəaliyyəti barəsində fikirlərini
bildirəydilər. Nə isə, mətləbdən uzaqlaşmayım.
Beləliklə,
dörd min kv.metrlik parkın may ayında istifadəyə verilməsi nəzərdə tutulur.
Park yaşayış massivinin tən ortasında yerləşir. Park ərazisinin 40 faizə yaxın
hissəsi yaşıllıq zolağı olacaq. Burada uşaq atraksionları, fəvvarə, söhbətkeşlər
və digər xidmət sahələrinin olması da nəzərdə tutulub. Layihənin müəllifi isə
elə sədr Adil Xudadatovun özü idi. Qeyd edim ki, bələdiyyə sədri ixtisasca
memardır, uzun illər şəhərin baş memarı vəzifəsində çalışıb. Parka gedən yolun
asfalt vurulması da görüləcək işlərdən hesab olunur.
*****
Tədbir
öz axarı ilə gedir, Sumqayıtlı sənət adamı Namiq Mənanın həm Sumqayıt barəsində
şeiri, həm də bələdiyyənin fəaliyyətinə
bədahatən söylədiyi meyxana, üstəlik balacaların yumurta döyüşdürməsi, şeir
söyləmələri, idmançıların qol güləşdirməsi, ata-oğul kəndirbazların maraqlı
çıxışı sakinlərdə bayram günündə xoş
ovqat yaratdı. Tədbirin sonunda sədr
Adil Xudadatovun kollektiv üzvləri ilə birgə tonqal ətrafında “Yallı” süzmələri isə kollektivdə hökm sürən səmimiyyətdən xəbər
verirdi.
*****
“Yaşıl
dərə” sakinlərinin bəxtindən həmin gün havanın günəşli olması, üstəlik hər
hansı formada şıltaqlıq etməməsi onlara Novruz şənliyindən sonadək zövq almağa
həm də şərait yaratmış oldu. Görünən odur ki, Sumqayıt ŞİH başçısı Zakir Fərəcovun
təşəbbüsü ilə “Yaşıl dərəlilər”in ağ günə çıxacağı gün uzaqda deyil. Belə məsuliyyətli
bir vəzifəni isə Sumqayıt bələdiyyəsi öz üzərinə götürüb.
Beləliklə,
“Yaşıl dərədə” keçirilən ilk tədbir
Sumqayıt bələdiyyəsinin sədri Adil Xudadatovun təbrik mesajı ilə başa çatdı. Bizə
isə belə məqamda bələdiyyə sədrinə və ətrafında formalaşdırdığı dəyərli
kollektiv üzvlərinə yalnız uğurlar arzulamaq qalır.
Vüqar Tofiqli
Rəylər
0 Rəy