Seminar təşkil olunub: Sumqayıt Bələdiyyəsi və Sumqayıt Regional Ədliyyə İdarəsinin birgə təşkilatçılığı ilə
Sumqayıt Bələdiyyəsi və Sumqayıt Regional Ədliyyə İdarəsinin birgə təşkilatçılığı ilə, Yeni Azərbaycan Partiyasının inzibati binasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin metodiki tövsiyələri əsasında seminar təşkil olundu.
Seminar üç əsas istiqamət üzrə müzakirə edildi:
- 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində
qarşıda duran vəzifələr
- Bələdiyyə üzvləri və qulluqçularının hüquqi statusu və məsuliyyəti
- “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun tətbiqi
zamanı yaranan praktiki məsələlər
Seminarı açan Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatov
çıxışında Azərbaycan Respublikasının Prezidentinin 2025-ci ildə yerli özünüidarə
və şəhərsalma sahəsində müəyyən etdiyi strateji çağırışlara toxunaraq bildirdi
ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 2026-cı il üzrə əsas istiqamət
kimi Yaşıl Dərə yaşayış massivi müəyyən edilmişdir. Həmin ərazidə asfaltlanması
nəzərdə tutulan küçələrin yenilənməsi, kompleks abadlıq işlərinin aparılması və
müasir küçə işıqlandırma sistemlərinin qurulması planlaşdırılır. Görüləcək işlər
şəhərsalma normalarına və təhlükəsizlik tələblərinə uyğun şəkildə həyata
keçiriləcəkdir.
Çıxış zamanı bələdiyyə üzvləri və qulluqçularının hüquqi
statusu və məsuliyyəti xüsusi vurğulanaraq qeyd edildi ki, qərarların qəbulu
prosesində qanunvericiliyin düzgün tətbiqi, şəffaflıq və hüquqi əsaslandırma əsas
prinsip kimi qəbul olunmalıdır.
Qiymətləndirmə və torpaq sənədləşdirilməsi sahəsində mövcud
vəziyyətə xüsusi diqqət yetirildi. Qeyd olundu ki, Sumqayıt şəhəri üzrə bələdiyyənin
ehtiyat fondunda istifadəyə verilə biləcək boş torpaq sahəsi mövcud deyil. Sənədləşmə
prosesinə cəlb olunan torpaq sahələri əsasən uzun illərdir əhalinin faktiki
istifadəsində olan, üzərində yaşayış evləri inşa edilmiş və abadlaşdırılmış ərazilərdir.
Bu reallıq nəzərə alınmadan tətbiq edilən mexaniki yanaşmalar və imtina qərarları
birbaşa Sumqayıt sakinlərinin sosial problemlərinə çevrilir. Vurğulandı ki, bu
məsələ artıq inzibati prosedur çərçivəsindən çıxaraq şəhər sakinlərinin gündəlik
həyatına təsir edən ciddi sosial məsələdir. Məhz bu səbəbdən problem Sumqayıt Şəhər
İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun nəzarətindədir və məsələnin
sistemli həlli istiqamətində koordinasiyalı yanaşma vacib hesab olunur.Eyni
zamanda “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun tətbiqi zamanı yaranan
praktiki çətinliklərə toxunuldu, torpaq və əmlakın sənədləşdirilməsi prosesində
normativ tələblərlə real vəziyyət arasında uzlaşmanın təmin edilməsinin
vacibliyi bildirildi.
Tədbirdə Sumqayıt Regional Ədliyyə İdarəsinin rəis vəzifəsini
icra edən Hüseyn Məmmədov, aparıcı məsləhətçi Rüfanə Ömərova, Sumqayıt Regional
İcra İdarəsinin müdir müavini Bayram Bayramzadə və Sumqayıt Regional Vəkillər
Bürosunun müdiri Anar Qasımlı çıxış edərək mövzular üzrə fikir və təkliflərini
bölüşdülər.
Seminar çərçivəsində Sumqayıt Bələdiyyəsi ilə Sumqayıt
Regional Vəkillər Bürosu arasında əməkdaşlıq memorandumu imzalandı.
Memorandumun əsas məqsədi bələdiyyəyə müraciət edən aztəminatlı və həssas
kateqoriyaya aid ailələrə pulsuz hüquqi yardımın göstərilməsi, müraciətlərin
hüquqi baxımdan düzgün istiqamətləndirilməsi və vətəndaşların qanuni
maraqlarının müdafiəsinin gücləndirilməsidir.
Seminar qarşılıqlı fikir mübadiləsi şəraitində keçirildi və
normativ baza ilə real icra təcrübəsi arasında uzlaşmanın təmin olunmasına xidmət
etdi. Şəffaflıq, hüquqi məsuliyyət və əməkdaşlıq yerli özünüidarənin dayanıqlı
inkişafının əsas təminatıdır.
Rəylər
0 Rəy