Zakir Fərəcov: “Sumqayıt bələdiyyəsinin 74 şəhər bələdiyyəsi arasında birinci yeri tutması şəhər üçün böyük uğurdur”
Sumqayıt
Bələdiyyəsi 2025-ci il üzrə fəaliyyətinin yekunlarını açıqlayıb. Bununla bağlı
keçirilən tədbir əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
İclasın açılışını Sumqayıt Bələdiyyəsinin sədri Adil
Xudatatov edib. O, hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, 2025-ci il
Sumqayıt Bələdiyyəsi üçün təkcə görülən işlərin deyil, eyni zamanda yeni idarəetmə
yanaşmasının və sistemli fəaliyyətin nəticələrinin aydın şəkildə göründüyü bir
il olub.
Adil Xudatatov qeyd edib ki, ötən ilin yekunlarına əsasən
Sumqayıt Bələdiyyəsinin yerli büdcəsinin gəlirləri 3 milyon 750 min manat təşkil
edib ki, bu da proqnoz tapşırığının 191 faizi deməkdir. 2024-cü illə müqayisədə
büdcə gəlirləri 709 min manat artıb. Əmlakın icarəsi və özəlləşdirilməsindən,
eləcə də torpaq və əmlak vergilərindən daxilolmalar proqnozu dəfələrlə üstələyib.
Büdcə vəsaitlərinin əsas hissəsinin şəhərin sosial-iqtisadi inkişafına,
infrastruktur layihələrinə və əhalinin rifahının yaxşılaşdırılmasına yönəldildiyi
vurğulanıb.
Məruzədə bildirilib ki, 2025-ci ildə şəhər üzrə 30 min
kvadratmetrdən artıq ərazidə asfalt örtüyü salınıb, 21 iri infrastruktur layihəsi
icra olunub, qaranlıq küçələr işıqlandırılıb, park və yaşıllıq sahələrində
geniş abadlıq işləri aparılıb. İl ərzində minlərlə ağac və mövsümi gül əkilib,
ekoloji layihələrə yüz minlərlə manat vəsait yönəldilib. Sədr sonda qeyd edib ki, bələdiyyə bu uğura icra
hakimiyyətinin və kollektivin birgə səyi ilə imza atıb.
Daha
sonra tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edib.
O, Sumqayıt Bələdiyyəsinin fəaliyyətini yüksək qiymətləndirərək bildirib
ki, əldə olunan nəticələr planlı, ardıcıl və məsuliyyətli idarəetmənin göstəricisidir.
Zakir Fərəcov qeyd edib ki, bələdiyyə ilə icra hakimiyyəti arasında qurulan
sağlam və koordinasiyalı əməkdaşlıq şəhərin inkişafında mühüm rol oynayır. Onun
sözlərinə görə, Sumqayıtda həyata keçirilən abadlıq, yol infrastrukturu,
işıqlandırma və yaşıllaşdırma layihələri şəhərin simasını dəyişir, sakinlərin həyat
keyfiyyətini yüksəldir.
İcra başçısı xüsusilə vurğulayıb ki, torpaq və əmlak münasibətlərinin
hüquqi tənzimlənməsi istiqamətində görülən işlər, inzibati ərazinin genişləndirilməsi,
kadastr və inventarizasiya prosesləri Sumqayıtın gələcək inkişafı üçün strateji
əhəmiyyət daşıyır. O, bu proseslərin şəffaf və qanunvericiliyə uyğun
aparıldığını bildirib.
Zakir Fərəcov Sumqayıt Bələdiyyəsinin 74 şəhər bələdiyyəsi
arasında birinci yerə layiq görülməsini şəhər üçün böyük uğur adlandırıb və bu
nəticənin kollektiv əməyin, düzgün qərarların və dövlət siyasətinə uyğun fəaliyyətin
məntiqi nəticəsi olduğunu deyib.
Daha sonra tədbirdə Azərbaycan Şəhər Bələdiyyələri Milli
Assosiasiyasının sədri Təmraz Tağıyev, millət vəkilləri Hicran Hüseynova,
Mehriban Vəliyeva və Tahir Mirkişili çıxış edərək Sumqayıt Bələdiyyəsinin fəaliyyətini
müsbət dəyərləndiriblər, görülən işlərin davamlı olacağına əminlik ifadə ediblər.
Çıxış edənlər 2025-ci ilin “Konstitusiya və Suverenlik İli”,
Sumqayıtın isə “Gənclər Paytaxtı” statusu daşımasının şəhərdə sosial layihələrin
əhatəsini və keyfiyyətini daha da artırdığını vurğulayıblar.
Tədbirdə digər qonaqların da çıxışları dinlənilib.
Sonda Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudatatov hesabat iclasında iştirak edən qonaqlara təşəkkür edib və bildirib ki, qarşıdakı dövrdə də bələdiyyə şəhərin inkişafı, sakinlərin rifahı və sosial ehtiyacların qarşılanması istiqamətində fəaliyyətini davam etdirəcək.
Rəylər
0 Rəy