Sumqayıt və Xırdalan bələdiyyələri arasında Əməkdaşlıq Memorandumu imzalanıb
Sumqayıt Bələdiyyəsi və Xırdalan Bələdiyyəsinin rəhbərliyi və nümayəndə heyətləri arasında geniştərkibli işgüzar görüş keçirildi.
Görüşün əsas məqsədi yerli özünüidarəetmə orqanları arasında əməkdaşlığın gücləndirilməsi, yerli büdcələrin dayanıqlılığının təmin olunması, torpaq və əmlak münasibətlərinin hüquqi çərçivədə tənzimlənməsi, vergi və icarə yığımının səmərəliliyinin artırılması, habelə vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi olmuşdur. Müzakirələr zamanı xüsusi olaraq qiymətləndirmə prosesi ilə bağlı mövcud çətinliklər gündəmə gətirilmişdir. Qeyd olunmuşdur ki, problem qiymətləndiricilərin fəaliyyəti ilə bağlı deyil. Əsas məsələ müstəqil qiymətləndiricilər tərəfindən müəyyən edilən bazar dəyərlərinin Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qəbul edilməməsi və ya həmin qiymətlərə münasibətdə imtina qərarlarının verilməsidir. Bu kimi halların nəticəsində sənədləşmə prosesləri uzanır, hüquqi prosedurlar ləngiyir, vətəndaşlar əlavə vaxt və maliyyə itkisi ilə üzləşir, bələdiyyə büdcələrinin formalaşması prosesində qeyri-müəyyənlik yaranır. Vurğulanmışdır ki, bu məsələ təkcə Sumqayıt Bələdiyyəsinə,Xırdalan Bələdiyyəsinə aid deyil, ümumilikdə ölkə üzrə bir çox bələdiyyələrin qarşılaşdığı sistemli xarakter daşıyan problemdir. Məhz buna görə yanaşma da fərdi deyil, vahid və koordinasiyalı formada müəyyən edilməlidir.
Görüş çərçivəsində tərəflər arasında Əməkdaşlıq Memorandumu da imzalanmışdır. Memorandum aşağıdakı istiqamətlərə xidmət edir:
• yerli özünüidarəetmə sahəsində strateji əməkdaşlığın gücləndirilməsi;
• torpaq və əmlak münasibətlərində vahid hüquqi yanaşmanın təşviqi;
• qiymətləndirmə prosesləri üzrə koordinasiyanın artırılması;
• vergi və icarə bazasının genişləndirilməsi;
• rəqəmsallaşma və şəffaf idarəetmə mexanizmlərinin tətbiqi;
• vətəndaş məmnuniyyətinin artırılması.
İmzalanmış sənəd iki bələdiyyə arasında davamlı və sistemli əməkdaşlığın hüquqi əsasını formalaşdırmaqla yanaşı, ümumilikdə yerli idarəetmə sisteminin daha effektiv və vahid prinsiplər əsasında inkişafına töhfə verməyi hədəfləyir.
Sumqayıt bələdiyyəsi
Rəylər
1 Rəy
Tahir Huseynli
18-02-2026, 5 saat əvvəl
Hər iki bələdiyyəni bu uğurlu addım münasibəti ilə təbrik edirəm
Cavabla