Anar İsmayılov: “Torpaq sahələrinin ayrılması prosesində mövcud prosedurların sadələşdirilməsinə ciddi ehtiyac var”
“Bu gün ölkə bələdiyyələrinin fəaliyyətini artırmaq üçün ilk növbədə hansı addım atılmalıdır”-Belediyye.infonun bu sualına Mingəçevir bələdiyyəsinin sədri Anar İsmayılov cavab olaraq bildirib ki, bunun üçün ilk olaraq torpaq sahələrinin ayrılması prosesində mövcud prosedurların sadələşdirilməsinə ciddi ehtiyac var.
Hazırda bir torpaq sahəsinin ayrılması üçün əvvəlcə Dövlət Kadastr və Reyestr Xidməti tərəfindən torpaq sahəsinin bir neçə aya cizgisi (sxemi) hazırlanır, bundan sonra isə memarlıq və şəhərsalma orqanlarının rəyi alınır (verilsə əgər).
Daha sonra
digər aidiyyəti qurumlarla razılaşdırmalar aparılır. Xüsusilə Əmlak Məsələləri
üzrə Dövlət Xidmətinin aidiyyəti qurumlarının rəylərinin gec verilməsi və yaxud
verilməməsi, bəzən də neçə aydan sonra imtina cavabının gəlməsi vətəndaşı bələdiyyə
ilə üz-üzə qoyur.
Prosesin uzanması vətəndaş və bələdiyyələr üçün həm də vaxt itkisinə səbəb olur. Bu baxımdan, torpaq ayrılması prosedurlarının elektronlaşdırılması, mərhələlərin sadələşdirilməsi və hər bir qurum üçün qanunvericiliklə konkret cavab müddətlərinin müəyyən edilməsi bələdiyyələrin fəaliyyətinin operativliyini əhəmiyyətli dərəcədə artırar. Bu addımın atılması nəticə etibari ilə bu sahədəki mövcud bürokratik məqamların aradan qalxmasına və nəticədə vətəndaş məmnunluğunun təmin edilməsinə həm də şərait yaratmış olacaqdır.
Belediyye.info
Rəylər
0 Rəy