Qeydiyyatdan yayınmaq vergi öhdəliyindən azad edirmi...
Cəmiyyətin inkişaf səviyyəsini müəyyən edən əsas göstəricilərdən biri onun vergi mədəniyyətidir. İnsanların qanunlara münasibəti, ictimai vəsaitə baxışı, yaşadığı ərazinin inkişafında iştirak etmək istəyi məhz bu mədəniyyətin formalaşma səviyyəsini göstərir.
Təəssüf ki, bu gün də bəzən belə fikirlərlə qarşılaşırıq: "Əmlakım qeydiyyata alınmayıb, deməli, vergi də ödəməməliyəm". İlk baxışdan sadə görünən bu yanaşma əslində həm hüquqi, həm də mənəvi baxımdan ciddi suallar doğurur.
Axı insan illərlə istədiyi şəkildə istifadə etdiyi - yaşadığı, icarəyə verdiyi və ya gəlir əldə etdiyi əmlakın sahibi olduğu halda, sadəcə, özü də bilərəkdən onu dövlət qeydiyyatına almadığını əsas gətirərək cəmiyyət qarşısındakı öhdəliklərdən kənarda qala bilərmi?
Bu sual üzərində düşünməyə dəyər. Düşünə bildikdə görür və anlayırıq ki, vergi yalnız dövlətin və ya bələdiyyənin gəlir mənbəyi deyil. Vergi yaşadığımız mühitə qoyulan sərmayədir. Hər gün istifadə etdiyimiz yollar, küçələrin işıqlandırılması, parkların salınması, yaşıllıqların qorunması, məhəllələrin abadlaşdırılması və digər yerli xidmətlər məhz manat-manat, qəpik-qəpik toplanan həmin vəsaitlərin hesabına maliyyələşdirilir.
Hamımız abad küçədə gəzmək, təmiz məhəllədə yaşamaq, rahat infrastrukturdan istifadə etmək istəyirik. Bəs bunun maliyyə yükünü kim və ya kimlər daşımalıdır?
Söz yox ki, biz - cəmiyyətin bütün üzvləri. Məhz buna görə də vergi ödəmək təkcə qanuni öhdəlik deyil, həm də vətəndaş məsuliyyətidir.
Qeydiyyatdan yayınmaq çıxış yolu deyil
Bəzən elə düşünülür ki, əmlak dövlət qeydiyyatında deyilsə, onunla bağlı heç bir öhdəlik də yoxdur. Halbuki qeydiyyatın olmaması əmlakın mövcud olmadığını göstərmir.
Əgər şəxs həmin evdə yaşayırsa, torpaq sahəsindən istifadə edirsə, tikilini inşa etdiribsə və ya ondan gəlir götürürsə, deməli, həmin əmlak faktiki olaraq onun istifadəsindədir.
Belə olan halda "qeydiyyata alınmayıb" arqumenti yalnız hüquqi prosedurun tamamlanmadığını göstərir. Bu isə nə əmlakı yox edir, nə də ondan istifadə faktını aradan qaldırır.
Əksinə, qeydiyyatdan yayınmaq ilk növbədə elə həmin şəxsin öz maraqlarına zərbə vurur.
Qeydiyyata alınmayan əmlakı satmaq çətinləşir, miras qoymaq problem yaradır, bank təminatı kimi istifadə etmək mümkün olmur, mübahisə yaranarsa, mülkiyyət hüququnun müdafiəsi xeyli mürəkkəbləşir.
Yəni vergi ödəməmək məqsədilə atılan addım sonradan daha böyük hüquqi çətinliklər doğurur.
Vergidən yayınan əslində kimə zərər vurur?
Bu sualın özü kimi ona verilən cavab da kifayət qədər düşündürücüdür.
İlk baxışdan elə görünür ki, vergi ödəməyən şəxs yalnız öz cibini qoruyur. Əslində isə vəziyyət tam fərqlidir.
Vergidən yayınan hər bir vətəndaş yaşadığı ərazidə bələdiyyənin maliyyə imkanlarını azaldır. Nəticədə həyata keçirilməsi planlaşdırılan abadlıq işləri gecikir, infrastruktur layihələri məhdudlaşır, sosial təşəbbüslər zəifləyir. Bu halda ən təhlükəlisi isə cəmiyyətdə ədalət hissinin sarsılmasıdır.
Çünki bir vətəndaş vergisini vaxtında ödəyir, digəri isə müxtəlif bəhanələrlə bundan yayınırsa, məsuliyyətli vergi ödəyicisində haqlı narazılıq yaranır.
"Əmlakım qeydiyyata alınmayıb, ona görə vergi ödəmirəm", - fikri nə cəmiyyət qarşısında məsuliyyəti aradan qaldırır, nə də vətəndaşın həmin əmlak üzərində faktiki sahiblik və istifadə münasibətlərini dəyişir.
Hüquqi dövlətin əsas prinsiplərindən biri ondan ibarətdir ki, hər kəs həm hüquqlarından, həm də vəzifələrindən eyni dərəcədə istifadə etsin.
Yaşadığımız küçənin işıqlı, yolların rahat, məhəllələrin abad olmasını istəyiriksə, bunun məsuliyyətini də bölüşməliyik.
Vergi mədəniyyəti məhz bu düşüncədən başlayır: cəmiyyətə verdiyimiz töhfə, əslində, öz gələcəyimizə qoyduğumuz sərmayədir.
Şahməmməd Soltanov,
İsmayıllı bələdiyyəsində Yerli sosial-siyasət, iqtisadi-inkişaf məsələləri daimi komissiyasıın sədri
Rəylər
0 Rəy