Təmraz Tağıyev: “55 il əvvəl başlayan Heydər Əliyev yolu bu gün ölkəmizi dünyanın aparıcı dövlətləri sırasına doğru aparmaqdadır”
“1969-cu il iyulun 14 tarixində Azərbaycan KP MK-nın plenumunda Heydər Əliyevin birinci katib seçilməsi ilə respublikamızın intibah dövrü başladı. Bu gün həm də Azərbaycanın zirvəyə yüksəlişinin başlanğıc günü kimi də tarixə düşüb”- bu fikirləri Belediyye.infoya Qərbi Azərbaycan İcması Nərimanov təşkilatının rəhbəri və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.
Təşkilat rəhbəri bildirib ki, məhz həmin günün respublikamızın sosial-mədəni və siyasi-iqtisadi yüksəlişində, xalqımızın rifah halının yaxşılaşdırılmasında, indiki müstəqil dövlətimizin təməlinin qoyulmasında müstəsna rolu var.
Dövlət müstəqilliyimizin bərpa olunduğu ilk illərdə Azərbaycanda görünməmiş xaos və anarxiya hökm sürdüyü illər hər kəsin yaxşı yadındadır. Bir tərəfdən iqtidarın səriştəsizliyi, digər tərəfdən hakimiyyət kreslosu uğrunda çəkişmələr ölkəmizi uçuruma, müstəqil dövlət olaraq onun süqutuna aparırdı.
Təmraz Tağıyev bildirib ki, Ulu öndər o illərdə respublikanın acınacaqlı vəziyyətə düşdüyünü yaxşı bilirdi. Ölkədə ətalət hökm sürür, təsərrüfat və iqtisadiyyat gündən - günə zəifləyir, xalqın vəziyyəti pisləşirdi. Xalqın rəğbətini qazanmış, işgüzar və mənəviyyatca saf olan işçilər sıxışdırılır və şəxsi mənafelərə görə sıradan çıxarılırdı.
Mənim isə, 1992-ci ilin aprel ayında Milli Məclisin qarşısında “121-ci maddənin 2-ci bəndinin, “Yaş senzi” ilə bağlı keçirilən mitiniqdən iştirakımdan başlayaraq bütün siyasi fəaliyyətim bu günədək Vətənimə, dövlətimə və Ulu öndərin qurub yaratdığı Azərbaycanın inkişafına yönəlib. Bugün YAP-in Nərimanov təşkilatının yaranmasında bir əsgər kimi iştirakımdan qürur hissi duyuram.
1993-cü ilin ortalarında siyasi-iqtisadi böhran ən pik nöqtəsinə çatdı. Belə mürəkkəb və ağır vəziyyətdə xalqın yeganə ümid yeri Heydər Əliyev idi. Hamı düşünürdü ki, Azərbaycanı düşdüyü fəlakətdən yalnız o xilas edə bilər. Odur ki, xalqımız Ulu Öndəri təkidlə siyasi rəhbərliyə dəvət edirdi. Xalq öz xilaskarını böyük ümid və ehtiramla qarşıladı.Bununla da Ümummilli Lider xalqın taleyi üçün məsuliyyəti və xilaskarlıq missiyasını çiyinlərinə götürdü. Ulu öndər əzmkarlıq və qətiyyətlilik nümayiş etdirməklə ölkəmizi bu durğunluqdan çıxarmış oldu. Bununla Ulu öndər öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırmış oldu.
Təmraz Tağıyev daha sonra bildirib ki, Qarabağın işğaldan azad edilməsi Ulu Öndərin ən böyük arzusu idi. Bu müqəddəs arzu 2020-ci ilin noyabrında reallaşdı. Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə rəşadətli Ordumuz 30 illik işğala 44 gündə son qoyuldu. Eləcə də uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin suverenliyi tam təmin olundu. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümündə Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli Bayrağımızı ucaltması tariximizə daha bir unudulmaz hadisə kimi yazıldı.
Ümummilli lider çıxışlarında həm də bu gün aktual olan Qərbi Azərbaycana qayıdış məsələsini daim diqqətdə saxlayırdı. Qərbi Azərbaycana həsr olunan bütün görüşlərdə Heydər Əliyev qayıdış prosesinin gələcəkdə reallaşacağına inandığını dilə gətirir və qeyd edirdı: “Mən buna inanıram. İnanıram ki, o yerlərin sahibləri –azərbaycanlılar oraya qayıdacaqlar”. Bəli, biz bu tarixi günləri də səbirsizlilə gözləyirik.
Bu gün fəxr ediləsi məqam bir ondadır ki, Ulu öndərin Qarabağımızın erməni işğalçılarından azad edilməsiylə bağlı arzularını həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyevin qətiyyətli addımları sayəsində Azərbaycanı regionun qüdrətli dövlətinə çevrilib.
Beləliklə, 55 il əvvəl başlayan Heydər Əliyev yolu bu gün ölkəmizi dünyanın aparıcı dövlətləri sırasına doğru aparmaqdadır.
Belediyye.info
Rəylər
0 Rəy