Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-07-2026 , 16:15

170

Son xəbərlər

Bütün xəbərlər

Şabranın mədəniyyət qoruyucuları

Gündəlik Xəbərlər
18-07-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Şabranın mədəniyyət qoruyucuları

Ölkəmizin hər hansı bir bölgəsinə səfərə gedərkən mütləq şəkildə həmin rayonun mərkəzi bazarını və muzeyinı ziyarət edirəm. Çünki bazarın hər hansı  bir formada  mövcud olması rayonun iqtisadi mənzərəsinin göstəricisi, muzeyin olması, xüsusən də onun zənginliyi ərazinin  maddi-mədəni irsinin güzgüsü hesab edirəm. Hər iki istiqamətin ziyarət edilməsi bütün hallarda bizdə rayon haqqında müəyyən təəssürat yaratmağa imkan verir.

Uzun illərdir ki, bu ənənəyə sadiq qalmağa çalışıram. Layihə çərçivəsində Şabran bələdiyyəsində keçirəcəyim görüşə hazırlaşarkən iki günlük səfərin digər rayonlarda keçirilən görüşlərdən fərqli olaraq bu qədər zəngin olacağını düşünmürdüm, etiraf edim ki, heç ağlıma belə gəlmirdi.

*****

Şabran şəhərinin bazarında, əgər belə demək mümkündürsə, alverin zəif getməsi, bazarda çeşidin az olması, yerli məhsulların gözə dəyməməsi, zəngin tarixə və mədəniyyətə sahib olan bir şəhərin çəkisini azaltmır. Hər halda mən bu qənaətdəyəm.

Əlavə edim ki, əvvəlki adı Dəvəçi olan rayon 8 avqust 1930-cu ildə təsis edilib. 4 yanvar 1963- cü ildə ləğv edilərək Abşeron rayonuna birləşdirilib. Lakin bu birləşdirmə uzun çəkməyib. 6 yanvar 1965-ci il tarixdə yenidən Abşeron rayonundan ayrılıb. 2 aprel 2010-cu il tarixdə isə ölkə başçısının müvafiq Sərəncamı ilə adı dəyişdirilərək rayona Şabran adı verilib.

*****

Beləliklə, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bələdiyyələrin maddi-mədəni irsin öyrənilməsi və təbliğində rolunun gücləndirilməsi” layihəsi çərçivəsində Şabran bələdiyyəsinin inzibati binasında keçirilən növbəti görüşdən sonra tarix-diyarşünaslıq muzeyini, Çiraqqala-Şabran tarix-mədəniyyət qoruğunu, Pirəbədil tarix müzeyini və Ləcədi kəndində olan yerli əhəmiyyətli tarixi abidə olan məscidi ziyarət etdim.

Bəri başdan görüşlərin təşkilində göstərdiyi dəstəyə görə Şabran bələdiyyəsinin sədri Fidan Fərzəliyevaya təşəkkürümü bildirirəm.

*****

Şabran tarix-diyarşünaslıq və Pirəbədil tarix müzeylərində, ən əsası Çiraqqala-Şabran tarix-mədəniyyət qoruğunda olarkən qarşılaşdığım bəzi məqamlar məni bu yazını yazmağa bir növ təhrik etdi.

Heç də hər kollektivdə rast gəlinməyən mehribançılığın hökm sürməsi, çalışdıqları mədəniyyət ocaqları haqqında hər bir kollektiv üzvünün dərin məlumatlara sahib olmaları diqqətimdən qaçmadı. Hər üç kollektivə rəhbərlik edən xanımların öz işlərinə sevgi və istəklə yanaşmaları, çalışdıqları mədəniyyət ocaqlarının üzləşdikləri əyər-əskikləri öz gücləri hesabına aradan qaldırmaları, eksponat fondunun zənginləşdirmək üçün az qala dəridən-qabıqdan çıxmaları bir daha sübut edir ki, kadrlar yerindədirsə, demək problem olmaya bilər və yaxud olsa da səsi-küyü çıxmamış öz həllini tapar.

*****

Pirəbədil tarix müzeyi Şabran şəhərindən bir xeyli uzaq məsafədə yerləşir. Bina möhtəşəmliyi ilə hələ uzaqdan adamın diqqətini çəkir. Biz muzeyin həyətinə daxil olarkən ziyarətçilərin muzeydən gülərüz çıxdığının şahidi olduq. Sanki hansısa bir zirvəni fəth etmiş kimi görünürdülər. Özü də taksi ilə gəlmişdilər. Ziyarətçiləri söhbətə tutub soruşdum- uzaq bir yol gəlib muzeyi ziyarət etdiniz, yaddaşınızda nə qaldı, nə öyrəndiniz?

Adını soruşmağı unutduğum orta yaşlı xanım ziyarətçinın cavabı qısa oldu – çox maraqlı məlumatları öyrəndik və uşaqlığımızda nənəmin gördüyü əl işlərini burda da gördüm. Çox yaxşı qoruya biliblər. Xeyli vaxt idi ki, ziyarət etməyi düşünürdüm, axır ki, arzuma catdım, -dedi.

Mən muzeyi ikinci dəfə idi ki, ziyarət edirdim. Hər gəlişimlə nə isə öyrənir, etiraf edim ki, gördüklərimdən zövq alırdım. Keçən dəfə gələndə muzeyin direktoru, dəyərli ziyalı Pərvanə Mirzəyeva binanın birinci mərtəbəsində yağış sularının qalmasından gileylənirdi. Bu dəfə isə artıq problemin həll edildiyi gördüm. Öyrəndim ki, bu problemi kollektiv heç kimə müraciət etmədən öz gücünə həll edib.  Hətta iyirmi kv.metrlik  əraziyə tökülən beton üzərində tarixin yazılması da sanki ənənəyə söykənirdi.

*****

Şabran tarix-diyaşünaslıq muzeyi zənginliyi ilə seçilirdi. Muzeyin gənc, bacarıqlı direktoru Bəsti Məmmədova muzeyi necə həvəslə təqdim etməsinə heyran qaldım. Sərgilənən eksponatlar haqqında, hər fikrində qanunun hansısa maddəsinə istinad etməsi diqqətimi çəkdi. Muzeyi ziyarət edən hər kəs Şabran barəsində ətraflı və zəngin məlumat əldə edə bilər.

Bir çox muzeylər kimi uyğunlaşdırılmış bina da yerləşsələrdə gündəlik səmərəli fəaliyyətləri ilə muzeydə səmimi bir mühit yarada biliblər. Ölkəmizdə fəaliyyətdə olan tarix-diyarşünaslıq muzeylərinin  səksən faizini ziyarət edən şəxs kimi deyə bilərəm ki, Şabran muzeyi bu siyahıda zənginliyi, fəaliyyətləri və işə münasibətləri ilə birinci beşlikdə özlərinə yer tuta bilib.

*****

Qızmar günəş altında Çiraqqala-Şabran tarix-mədəniyyət qoruğunu ziyarət etməyin ayrı bir mənası var. Yayın bu istisində bizi xanım direktor Günel Pirquliyeva qarşıladı.  Deməliyəm ki, “Çıraqqala-Şabran” Qoruğu 7 tarixi abidəni özündə birləşdirir. Onlardan 3-ü dünya əhəmiyyətlidir. Dünya əhəmiyyətli abidələrdən ikisi memarlıq (Çıraqqala və Gilgilçay səddi), biri isə arxeoloji (Qədim Şabran şəhəri) abidədir.

Qədim Şabran şəhərini ziyarət etdikcə xanım direktor ətraflı şəkildə bizi məlumatlandırdı. Ərazidə arxeoloji qazıntıların aparılmasına hazırlıq işləri gedirdi. Üstəlik ərazidən tapılan qədim ekponatlar kiçik bir otaqda sərgilənir. Çıraqqalada təmir işlərinin başa çatdığını və yaxın günlərdə ziyarətə açıq olacağını dedi.

Xanım direktorla təşkil etdikləri çay süfrəsi arxasında kollektiv üzvlərinin iştirakı bir xeyli söhbətimiz oldu. Qısa zaman kəsiyində görülmüş və görülməsi nəzərdə tutulan layihələr ətrafında bir xeyli söhbətimiz oldu. Direktorun bir neçə xarici dil bilgisinə sahib olması, üstəlik yüksək icraçılıq bacarığının olması diqqətimdən yayınmadı. 

*****

Bütün hallarda iki gün ərzində keçirdiyim görüşlərdən zövq aldım. Çünki görüşdüyüm insanların hər biri öz yerində idi, öz işlərinə məsuliyyətlə yanaşmaları ilə seçilirdilər.

Etiraf edilməlidir ki, hər üç mədəniyyət ocağında maddi-mədəni irsimizin qorunması və mühafizəsi ilə bağlı problemlər də kifayət qədərdir. Ancaq kollektiv üzvlərinin işə olan münasibəti onların üzləşdikləri problemlərin tezliklə öz həllini tapacağına inamı artırır.  

Bütün hallarda görüşdüyüm kollektiv üzvlərinin hər birinə uğurlar arzulayıram. İnanmaq istərdim ki, hər üç kollektivin üzvləri Şabranın zəngin tarixi və mədəniyyətinin qorunmasında öz sözlərini deməklə yanaşı, həm də ümumi prosesin gedişinə öz dəyərli töhfələrini verəcəklər.

Vüqar Tofiqli



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şabranın mədəniyyət qoruyucuları

Gündəlik Xəbərlər
18-07-2026
169

Səkkiz bələdiyyənin yarim milyon manat  borcu var

Gündəlik Xəbərlər
08-07-2026
468

Bələdiyyə icra-münasibətlərində Masallı təcrübəsi

Gündəlik Xəbərlər
30-06-2026
681

Şuşa rayonunun demoqrafik vəziyyəti haqqında

Gündəlik Xəbərlər
09-06-2026
504

Bələdiyyələrə dotasiya nə vaxt ayrılacaq?

Gündəlik Xəbərlər
01-06-2026
707

Sabiq icra başçısı dünyasını dəyişib

Gündəlik Xəbərlər
15-05-2026
721