Sədr yerində olarsa...
Bələdiyyələri ziyarətim davam edir. Bu gün Sabunçu rayonu Balaxanı və
Maştağa bələdiyyələrində oldum. Balaxanı qəsəbəsində olmaqda məqsədim həm
bələdiyyənin cari fəaliyyəti ilə tanış olmaq,
həm də Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli
qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ərazisində dövlət
mühafizəsində götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət
dərəcələrinə görə bölgüsü"ndə qəsəbə ərazisində qeydiyyata alınan
abidələri ziyarət etmək idi. Balaxanı bələdiyyəsinin xanım sədri Səkinə
Kərimova ilə əlaqə saxlasamda, Maştağa bələdiyyəsində məlumat vermədən oldum.
***
Səhər saatlarında Balaxanı bələdiyyəsində iş öz axarı ilə gedirdi. Hər kəs iş başında idi. Vergi xidmətində isə vətəndaşlarla söhbətə ötəri də olsa qulaq asmalı oldum. Vergi ödənişi ilə bağlı göndərilən bildirişlə bağlı vətəndaşın qaldırdığı məsələyə hüquqa söykənməklə aydınlıq gətirilməsi diqqətimi çəkdi.
Beləliklə, xanım sədrlə görüşüb siyahıda olan abidələri ziyarət etdim. Yol boyu Balaxanı kəndinin tarixi, habelə ziyarətində olduğumuz abidələr haqqında xanım sədrin “yerli-yataqlı” məlumatlı olmasını, etiraf edim ki, gözləmirdim.
“Bakı Abadlıq” MMC tərəfindən qəsəbə ərazisində, o cümlədən qəsəbənin qədim hissəsində aparılan işlər, gündəlik əraziyə göstərilən xidmətin səviyyəsini yüksək hesab etmək olar. Bir çox qədim və siyahıya düşmüş abidlərdə bərpa və restavrasiya, habelə konservasiya işlərinin aparılması, kəndin qədim hissəsində müəyyən ornamentlərlə bəzədilməsi bütün hallarda qəbulediləndir. Ən maraqlı məqam isə qədim ovdana baxış keçirərkən Çin vətəndaşı ilə qarşılaşmağım oldu. Belə başa düşdüm ki, ovdanı ziyarət etmək üçün gəlibmiş. Hər halda xarici ölkə vətəndaşlarının ölkəmizə marağı artmaqdadır. Lakin hər bir mərkəzi və yerli icra hakmiyyəti qurumları, hətta vətəndaşlar da elə etməlidirlər ki, tək-tək ziyarətlər axına çevrilsin.
Bütün görülən işlərlə yanaşı qədim abidələrin üzərində Mədəniyyət nazirliyinin məlumat lövhəsinə rast gəlməməyimə təəsüfləndim. Qəsəbədə siyahıya düşmüş heç bir abidədə məlumat lövhəsi vurulmamışdı.
Ziyarətdən sonra bələdiyyənin inzibati binasında vergi xidmtəi rəhbərinin iştirakı ilə görüşüm oldu. Maraqlı suallara maraqlı da cavab aldım. Görüş barəsində yaxın günlərdə ətraflı məlumat verəcəyəm.
Ancaq ilkin təəsüratım məqbul sayıla bilər. Hiss etdiyim əsas məqam isə sədrin kollektivi ətrafında birləşdirməyə nail olması idi.
***
İndi isə Maştağa bələdiyyəsində keçirdiyim görüşə qısa şəkildə toxunumaq istərdim. Növbəti günlərdə görüş barəsində geniş yazını oxucuların diqqətinə çatdıracağam. Ancaq bir məqamı vurğulayım ki, Maştağa bələdiyyəsi ərazidə inqilabi dəyişikliyə Anar Adıgözəlovun sədr seçildiyi gündən başlayıb. Bundan əvvəl ki, dövrdə yalnız Mikayıl Məmmədovun fəaliyyəti dövründə Maştağa bələdiyyəsi irəliləyişə nail olmuşdu. Lakin son bir ildə bələdiyyənin atdığı addımlar, həyata keçirdyi layihələr, xüsusəndə kollektivi öz arxasınca aparmağı bacaran Anar Adigözəlovun sədr olaraq fəaliyyəti ilə bələdiyyəni təcrübəsi yayıla biləcək bir səviyyəyə az vaxt ərzində çatdırması günün reallığı kimi qəbul edilməlidir.
***
Hər iki görüşdə vətəndaşın bələdiyyədən narazı getməməsi üçün qulluqçuların hər vəchlə can atması təqdirəlayiq haldır.
Hər halda ilkin olaraq gəldiyim qənaət ondan ibarətdir ki, sədr yerində olarsa, bələdiyyə-icra münasibətləri düzgün və sivil formada tənzimlənərsə, onda bələdiyyədə fəaliyyət sistemi qurulmuş hesab etmək olar. Bu gün ziyarətində olduğum hər iki bələdiyyədə bu sistemin qurulduğunun şahidi oldum.
Ardı var...
Vüqar Tofiqli
Rəylər
0 Rəy