Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-11-2026 , 19:06

273

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Fərid Cəfərov: “Biləcəri bələdiyyəsində vergi bazasının genişləndirilməsi, yaşıllaşdırma və beynəlxalq əməkdaşlıq istiqamətində sistemli işlər davam etdirilir”

Biləcəri bələdiyyəsində yerli büdcə gəlirlərinin artırılması, vergi bazasının genişləndirilməsi, ərazidə abadlıq və yaşıllaşdırma işlərinin aparılması, eləcə də beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bələdiyyənin bu istiqamətlərdə gördüyü işlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə Biləcəri bələdiyyəsinin sədri Fərid Cəfərovla söhbət etdik.

Müsahibimiz Binəqədi rayonu Biləcəri bələdiyyəsinin sədri Fərid Cəfərovdur.

– Biləcəri bələdiyyəsində yerli büdcə gəlirlərinin artırılması və vergi bazasının genişləndirilməsi istiqamətində hansı işlər görülür?

– Biləcəri bələdiyyəsinin əsas fəaliyyət istiqamətlərindən biri yerli özünüidarəetmənin maliyyə imkanlarının gücləndirilməsi və yerli büdcənin gəlir potensialının artırılmasıdır. Bu məqsədlə vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi uçotunun əhatə dairəsinin genişləndirilməsi və mövcud resurslardan daha səmərəli istifadə olunması istiqamətində sistemli tədbirlər həyata keçirilir.

Hazırda Bələdiyyələrin Vahid İnformasiya Sistemi (BVİS) üzərindən bu istiqamətdə çoxşaxəli işlər aparılır. Belə ki, çoxmənzilli yaşayış binalarında yerləşən mənzillərin, ixtisaslaşmış avtomobil dayanacaqlarının və mehmanxanaların vergi və yerli ödənişlər üzrə uçota alınması təmin edilir. Eyni zamanda, əvvəllər vergi uçotundan kənarda qalmış əmlakların müəyyənləşdirilməsi və qanunvericiliyə uyğun olaraq vergitutmaya cəlb edilməsi istiqamətində tədbirlər görülür.

Aparılan işlərin nəticələri büdcə daxilolmalarında da öz əksini tapır. Belə ki, 2025-ci ilin ilk 10 ayında 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 22 faiz, ümumi daxilolmalar isə 20 faiz artıb. 2026-cı ilin ilk 10 ayında isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə həm vergi daxilolmalarında, həm də ümumi daxilolmalarda 2 faizdən çox artım qeydə alınıb.

Bu göstəricilər vergi uçotunun təkmilləşdirilməsi, vergi bazasının genişləndirilməsi və büdcə gəlirlərinin artırılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini nümayiş etdirir.

– Ərazidə yaşıllaşdırma və abadlıq işlərinin aparılması istiqamətində hansı tədbirlər həyata keçirilib?

– Ərazinin ekoloji vəziyyətinin yaxşılaşdırılması, yaşıllıq sahələrinin genişləndirilməsi və sakinlər üçün daha sağlam yaşayış mühitinin yaradılması Biləcəri bələdiyyəsinin fəaliyyətində mühüm yer tutur.

Bu istiqamətdə Binəqədi rayonunda elan edilmiş “Memarlıq və Şəhərsalma ili” çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti və Biləcəri bələdiyyəsinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Aksiya zamanı ərazinin torpaq-iqlim şəraitinə uyğun seçilmiş 250-dən çox həmişəyaşıl ağac əkilib. Əkilən ağacların inkişafının təmin edilməsi məqsədilə suvarma və digər aqrotexniki qulluq işləri də həyata keçirilib.

Ümumilikdə, cari il ərzində Biləcəri bələdiyyəsinin inzibati ərazisində bələdiyyənin və digər qurumların təşkilatçılığı ilə keçirilən tədbirlər çərçivəsində 600 həmişəyaşıl ağac əkilib.

Bu tədbirlərin əsas məqsədi yaşıllıq sahələrini artırmaq, ekoloji tarazlığın qorunmasına töhfə vermək və ərazinin ümumi görünüşünü daha da yaxşılaşdırmaqdır. Gələcəkdə də abadlıq və yaşıllaşdırma tədbirlərinin davam etdirilməsi nəzərdə tutulur.

– 8 Noyabr – Zəfər Günü münasibətilə bələdiyyənin inzibati ərazisində hansı tədbirlər həyata keçirilib?

– Zəfər Günü xalqımızın milli qürurunu, birliyini və Vətənə bağlılığını ifadə edən mühüm tarixi gündür. Bu əlamətdar gün münasibətilə Biləcəri bələdiyyəsinin inzibati ərazisində yerləşən əsas küçələrdə Azərbaycan Respublikasının Dövlət Bayraqları yerləşdirilib.

Görülən işlər ərazidə bayram ab-havasının yaradılmasına, milli-mənəvi dəyərlərin təbliğinə və sakinlərdə Vətənə bağlılıq hissinin gücləndirilməsinə xidmət edib.

Hesab edirik ki, bu cür təşəbbüslər yalnız ərazinin vizual görünüşünün yaxşılaşdırılması baxımından deyil, həm də milli həmrəyliyin və vətənpərvərlik ruhunun qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

– Biləcəri bələdiyyəsinin beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi istiqamətində fəaliyyəti barədə nə deyə bilərsiniz?

– Müasir dövrdə yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi üçün beynəlxalq təcrübənin öyrənilməsi və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Biləcəri bələdiyyəsi də bu istiqamətdə fəal iştirak edir.

Bu baxımdan, Azərbaycan nümayəndə heyətinin tərkibində 26–29 oktyabr 2026-cı il tarixlərində Fransanın Strasburq şəhərində keçirilən Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 51-ci sessiyasında iştirak etmişəm.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Avropa Şurasının Baş katibi arasında görüş keçirilib. Görüş zamanı yerli özünüidarəetmə sahəsində əməkdaşlığın inkişafı, bələdiyyələrin institusional potensialının gücləndirilməsi və beynəlxalq təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

Görüşdə ölkəmizdə həyata keçirilən bələdiyyə islahatları, vahid bələdiyyə informasiya sisteminin yaradılması, “E-bələdiyyə” portalı və mobil tətbiqinin istifadəyə verilməsi, eləcə də vergi daxilolmalarının artırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat vermişik.

Tədbir zamanı Azərbaycanda yerli özünüidarəetmə sahəsində aparılan islahatlar və rəqəmsallaşma istiqamətində əldə olunan nəticələr müsbət qiymətləndirilib. Eyni zamanda, gələcəkdə bu sahədə əməkdaşlığın davam etdirilməsinə hazırlıq ifadə olunub.

– Beynəlxalq tədbirlərdə iştirakın Biləcəri bələdiyyəsi üçün hansı praktiki əhəmiyyəti var?

– Beynəlxalq tədbirlərdə iştirak yalnız təcrübə mübadiləsi baxımından deyil, həm də yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin müasir tələblərə uyğun qurulması baxımından mühüm əhəmiyyət kəsb edir.

Belə platformalar vasitəsilə digər ölkələrin bələdiyyələrinin idarəetmə modelləri, maliyyə resurslarının formalaşdırılması mexanizmləri, rəqəmsal xidmətlər və ekoloji layihələrin həyata keçirilməsi təcrübəsi ilə tanış olmaq imkanı əldə edirik.

Əsas məqsədimiz öyrənilən qabaqcıl təcrübənin yerli şəraitə uyğun tətbiqinə nail olmaq, bələdiyyənin institusional imkanlarını genişləndirmək və sakinlərə göstərilən xidmətlərin keyfiyyətini daha da yüksəltməkdir.

– Qarşıdakı dövr üçün Biləcəri bələdiyyəsinin əsas prioritetləri hansılardır?

– Qarşıdakı dövrdə fəaliyyətimizin əsas prioritetləri yerli büdcənin gəlir imkanlarının artırılması, vergi uçotunun əhatə dairəsinin genişləndirilməsi, vergi inzibatçılığının daha da təkmilləşdirilməsi, ərazidə abadlıq və yaşıllaşdırma işlərinin davam etdirilməsi, eləcə də beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsidir.

Xüsusilə rəqəmsal idarəetmə imkanlarından səmərəli istifadə, vergi bazasının daha dəqiq müəyyənləşdirilməsi və büdcə daxilolmalarının artırılması istiqamətində işlərimizi davam etdirəcəyik.

Bizim əsas məqsədimiz maliyyə baxımından daha dayanıqlı, idarəetmə baxımından daha çevik və sakinlərin ehtiyaclarına daha həssas yanaşan bələdiyyə modelinin formalaşdırılmasına töhfə verməkdir.

Əminik ki, ardıcıl və sistemli fəaliyyət nəticəsində Biləcəri bələdiyyəsinin institusional və maliyyə potensialı daha da güclənəcək, ərazidə abadlıq, ekoloji mühitin yaxşılaşdırılması və yerli xidmətlərin inkişafı istiqamətində yeni nailiyyətlər əldə olunacaq.

Belediyye.info





Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər