Əlfəddin Həsənov: “Sabunçu bələdiyyəsi büdcə gəlirlərini artıraraq paytaxt bələdiyyələri arasında mövqeyini möhkəmləndirir”
Sabunçu bələdiyyəsinin sədri Əlfəddin Həsənovla müsahibə
Son
illər yerli özünüidarəetmə orqanlarının fəaliyyətində maliyyə dayanıqlığının
gücləndirilməsi, büdcə gəlirlərinin artırılması və mövcud resurslardan səmərəli
istifadə olunması əsas prioritetlərdəndir. Bu baxımdan Sabunçu bələdiyyəsinin
cari ilin on ayı ərzində əldə etdiyi maliyyə göstəriciləri diqqət çəkir. Belə
ki, bələdiyyə büdcə gəlirlərini ötən ilin müvafiq dövrü ilə müqayisədə
əhəmiyyətli dərəcədə artıraraq paytaxt bələdiyyələri arasında mövqeyini
yüksəldə bilib.
Mövzu
ilə bağlı Sabunçu bələdiyyəsinin sədri Əlfəddin Həsənovla həmsöhbət olduq.
–
Əlfəddin müəllim, ilk növbədə, Sabunçu bələdiyyəsinin cari ilin doqquz və on
ayı üzrə büdcə gəlirlərində əldə etdiyi nəticələr barədə məlumat verməyinizi
istərdik.
–
Bildiyiniz kimi, bələdiyyələrin fəaliyyətinin səmərəliliyi, ilk növbədə,
onların maliyyə imkanlarından, yerli gəlir mənbələrinin düzgün idarə
olunmasından və büdcə daxilolmalarının təmin edilməsindən asılıdır. Sabunçu
bələdiyyəsinin vergi xidməti bu istiqamətdə ardıcıl iş aparır.
Cari
ilin doqquz ayının nəticələrinə əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə
büdcə gəlirlərimizi 23,4 faiz artırmağa nail olmuşuq. Belə ki, ötən ilin
müvafiq dövründə 166 min 918 manat təşkil edən büdcə gəlirləri cari ilin doqquz
ayı üzrə 205 min 922 manata çatıb. Bu göstərici ilə paytaxtın qəsəbə
bələdiyyələri arasında 17-ci yerdə qərarlaşmışıq.
Oktyabr
ayının yekunlarına görə isə müsbət dinamika davam edib. 2025-ci ilin oktyabr
ayı üzrə 184 min 182 manat təşkil edən büdcə gəlirlərimiz cari ilin on ayı
ərzində 225 min 769 manata yüksəlib. Beləliklə, büdcə daxilolmalarında təxminən
23 faizlik artım əldə etmişik. Bu nəticə əvvəlki mövqeyimizlə müqayisədə
reytinqdə 14 pillə yüksəlməyimizə imkan verib.
– Bəs
büdcə gəlirlərinin artmasına əsasən hansı mənbələr hesabına nail olunub?
– Əldə
etdiyimiz büdcə gəlirlərinin əsas hissəsi əmlak və torpaq vergilərindən
formalaşır. Bu istiqamətdə vergi ödəyiciləri ilə maarifləndirici işlərin
aparılması, mövcud vergi bazasının dəqiqləşdirilməsi, ödəmələrin vaxtında
həyata keçirilməsinə nəzarətin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Əsas
məqsədimiz yalnız büdcə gəlirlərini artırmaq deyil, eyni zamanda mövcud vergi
potensialından daha səmərəli istifadə etməkdir. Bunun üçün ərazidə müvafiq
araşdırmalar aparılır, vergi öhdəlikləri barədə vətəndaşlara məlumat verilir və
ödəniş intizamının yüksəldilməsi istiqamətində tədbirlər görülür.
–
Bələdiyyə büdcəsinin artması yerli əhəmiyyətli məsələlərin həllinə hansı
imkanları yaradır?
– Təbii
ki, büdcə gəlirlərinin artması bələdiyyənin fəaliyyət imkanlarını genişləndirən
əsas amillərdəndir. Yerli gəlirlər nə qədər yüksək olarsa, ərazidə yaşayan
sakinlərin sosial və məişət problemlərinin həllinə, abadlıq və quruculuq
işlərinə, eləcə də digər yerli əhəmiyyətli layihələrin həyata keçirilməsinə bir
o qədər geniş imkan yaranar.
Biz
çalışırıq ki, büdcəyə daxil olan vəsaitlərdən səmərəli və məqsədyönlü istifadə
edilsin. Çünki bələdiyyənin əsas vəzifələrindən biri sakinlərin gündəlik
həyatına müsbət təsir göstərən təşəbbüsləri dəstəkləmək, yerli problemlərin
həllində fəal iştirak etməkdir.
– Vergi
ödəyiciləri ilə işin təşkili və vətəndaşların bələdiyyə büdcəsinin
formalaşmasında iştirakının artırılması istiqamətində hansı addımlar atılır?
– Hesab
edirik ki, bələdiyyə ilə sakinlər arasında qarşılıqlı etimad və əməkdaşlıq
yerli özünüidarəetmənin uğurunun əsas şərtlərindəndir. Vətəndaşlar
bilməlidirlər ki, ödədikləri torpaq və əmlak vergiləri yerli büdcənin
formalaşmasına, həmin büdcə isə yaşadıqları ərazinin inkişafına xidmət edir.
Bu
baxımdan maarifləndirmə işlərinə xüsusi diqqət yetiririk. Sakinlərlə görüşlər,
fərdi söhbətlər və məlumatlandırma tədbirləri vasitəsilə vergi öhdəliklərinin
vaxtında yerinə yetirilməsinin əhəmiyyətini izah edirik. Məqsədimiz vergi
mədəniyyətini yüksəltmək və könüllü ödənişlərin həcmini artırmaqdır.
–
Qarşıdakı dövr üçün əsas hədəfləriniz nələrdir?
– Əsas
hədəfimiz əldə etdiyimiz müsbət dinamikanı qorumaq, büdcə gəlirlərinin artımını
davam etdirmək və Sabunçu bələdiyyəsinin paytaxt bələdiyyələri arasında
mövqeyini daha da yaxşılaşdırmaqdır.
Bu
istiqamətdə vergi bazasının genişləndirilməsi, torpaq və əmlak vergilərinin
yığım səviyyəsinin yüksəldilməsi, vətəndaşlarla işin daha da təkmilləşdirilməsi
və büdcə vəsaitlərindən səmərəli istifadə əsas fəaliyyət istiqamətlərimiz
olacaq.
Əminik
ki, görülən işlərin davam etdirilməsi nəticəsində qarşıdakı dövrdə daha yüksək
göstəricilərə nail ola biləcəyik. Bizim üçün əsas məsələ əldə olunan maliyyə
nəticələrinin Sabunçu sakinlərinin rifahına, ərazinin inkişafına və yerli
problemlərin həllinə real töhfə verməsidir.
– Sonda
sakinlərə mesajınız nə olardı?
–
Sakinlərimizi bələdiyyənin fəaliyyətində daha fəal iştirak etməyə, yerli
məsələlərin həllində əməkdaşlığa və qanunvericiliklə müəyyən edilmiş vergi
öhdəliklərini vaxtında yerinə yetirməyə çağırıram. Bələdiyyənin inkişafı,
büdcəsinin möhkəmlənməsi və ərazimizin abadlaşması ümumi səylərimizdən
asılıdır.
İnanıram ki, bələdiyyə ilə sakinlər arasında qarşılıqlı etimad və əməkdaşlıq daha böyük uğurların əldə olunmasına şərait yaradacaq.
Belediyye.info
Rəylər
0 Rəy