Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-11-2026 , 00:43

76

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Elmi-Praktik Məsələlər
- +

İlin sonu bələdiyyələr üçün məsuliyyət imtahanıdır: İndi hər gün, hər addım önəmlidir!

Bu gün bələdiyyələrin ictimaiyyətlə əlaqələrində və sosial media fəaliyyətində əsas diqqət sakinlərin təklifləri əsasında, eləcə də bələdiyyə iclaslarının müvafiq qərarları ilə həyata keçirilən layihələrin icrası barədə məlumatların paylaşılmasına yönəldilməlidir. Sakinlər bilməlidirlər ki, onların müraciətləri, təklifləri və təşəbbüsləri diqqətdən kənarda qalmır, əksinə, yerli özünüidarəetmə orqanlarının fəaliyyətində nəzərə alınır və konkret layihələrə çevrilir.

Bununla yanaşı, bələdiyyələr gündəlik olaraq keçirdikləri vətəndaş qəbulları barədə məlumatları da ictimailəşdirməyi unutmamalıdırlar. Qəbulun keçirilməsi, sakinlərin hansı məsələlərlə bağlı müraciət etməsi, qaldırılan problemlərin həlli istiqamətində görülən işlər barədə mütəmadi məlumat verilməsi bələdiyyə ilə vətəndaş arasında etimadın möhkəmlənməsinə xidmət edir. Unutmaq olmaz ki, şəffaflıq yalnız görülən işlər barədə hesabat vermək deyil, həm də sakinlərlə davamlı və açıq ünsiyyət qurmaqdır.

Hazırda bələdiyyələrin qarşısında duran ən vacib və təxirəsalınmaz məsələlərdən biri də vergi ödənişlərinin təmin edilməsidir. Noyabrın 15-i vergi ödəyiciləri üçün vergi ödənişlərinin son müddətidir. Bu tarixdən sonra ödənilməmiş vergi borclarına görə Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq hər gecikdirilmiş gün üçün borc məbləğinin 0,1 faizi həcmində faiz hesablanır. Bu baxımdan, bələdiyyələrin vergi xidməti əməkdaşları xüsusilə fəal olmalı, sakinlərlə fərdi görüşlər keçirməli, onlara vergi öhdəliklərini, vaxtında ödənişin əhəmiyyətini və gecikmənin yarada biləcəyi maliyyə nəticələrini ətraflı izah etməlidirlər.

Burada əsas məqsəd yalnız vergi borclarının yığılmasına nail olmaq deyil, həm də vətəndaşlarda vergi mədəniyyətini formalaşdırmaq, onların yerli büdcənin gəlirlərinin artırılmasında iştirakının əhəmiyyətini anlatmaqdır. Çünki hər bir sakinin ödədiyi yerli vergi vəsaiti bələdiyyə büdcəsinin formalaşmasına, həmin vəsait hesabına ərazidə sosial və infrastruktur layihələrinin həyata keçirilməsinə imkan yaradır.

Bu istiqamətdə sosial medianın imkanlarından da maksimum istifadə edilməlidir. Vergi ödənişlərinin son tarixi, ödəniş üsulları, mövcud borcların yoxlanılması qaydası və gecikməyə görə hesablanan faizlər barədə aydın, sadə və anlaşıqlı məlumatlar hazırlanaraq mütəmadi paylaşılmalıdır. Sosial media sadəcə görülən işlərin nümayiş etdirildiyi platforma deyil, həm də vətəndaşlarla operativ əlaqənin qurulduğu, problemlərin dinlənildiyi və ictimai maarifləndirmənin aparıldığı mühüm vasitədir.

Digər mühüm məsələ isə növbəti ilin bələdiyyə büdcəsinin hazırlanması və təsdiqidir. Dekabrın 20-dək bələdiyyələrin gələn ilin büdcəsini iclasda müzakirə edərək təsdiqləməsi və ictimaiyyətə açıqlaması təmin olunmalıdır. Büdcə layihəsi hazırlanarkən sakinlərin təklifləri, ərazinin mövcud problemləri, prioritet ehtiyaclar və maliyyə imkanları nəzərə alınmalıdır. Təsdiq edilmiş büdcənin ictimailəşdirilməsi isə vətəndaşlara bələdiyyənin növbəti ildə hansı istiqamətlərə vəsait ayıracağını əvvəlcədən bilməyə imkan verəcək. Bu, həm şəffaflığın, həm də ictimai nəzarətin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Bundan başqa, yeni ildən vergi ödəyicilərinə bildirişlərin elektron qaydada təqdim olunacağını nəzərə alsaq, bələdiyyələr indidən informasiya sistemlərində mövcud olan boşluqları aradan qaldırmalıdırlar. Xüsusilə Bələdiyyələrin Vergi İnformasiya Sistemində (BVİS) məlumatların düzgünlüyü, vergi ödəyicilərinin qeydiyyat məlumatlarının aktuallığı və elektron bildirişlərin vaxtında çatdırılması üçün zəruri hazırlıq işləri görülməlidir. Sistemlə bağlı texniki və təşkilati çatışmazlıqların ilin sonuna qədər aradan qaldırılması gələcəkdə yarana biləcək problemlərin qarşısını almaq baxımından vacibdir.

Göründüyü kimi, ilin sonuna yaxın bələdiyyələrin üzərinə düşən işlərin həcmi və məsuliyyət yükü bir neçə dəfə artır. Vergi daxilolmalarının təmin edilməsi, vətəndaşlarla işin gücləndirilməsi, görülən layihələrin ictimailəşdirilməsi, növbəti ilin büdcəsinin təsdiqi və elektron idarəetməyə keçidlə bağlı hazırlıq tədbirləri eyni vaxtda və sistemli şəkildə həyata keçirilməlidir. Bu səbəbdən bələdiyyələr vaxtlarını düzgün planlaşdırmalı, mövcud insan və texniki resurslardan səmərəli istifadə etməli, əsas diqqəti məhz bu prioritet məsələlərə yönəltməlidirlər.

Xüsusilə Dövlət Sosial Müdafiə Fonduna (DSMF) borcu olan bələdiyyələr üçün vəziyyət daha mürəkkəbdir. Belə bələdiyyələr qarşılarında duran digər vəzifələrlə yanaşı, sosial sığorta haqları üzrə yaranmış borcların da ödənilməsinə ciddi yanaşmalı, borcun bağlanılması istiqamətində konkret tədbirlər planı hazırlamalıdırlar. Çünki mövcud borcların həlli gələcək maliyyə öhdəliklərinin vaxtında yerinə yetirilməsi və bələdiyyənin maliyyə dayanıqlığının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bir sözlə, ilin son ayları bələdiyyələr üçün sadəcə hesabat və yekunlaşdırma dövrü deyil, həm də idarəetmənin səmərəliliyinin, maliyyə intizamının və vətəndaşlarla münasibətlərin real vəziyyətinin ortaya çıxdığı mühüm mərhələdir. Bu dövrdə passivlik, işlərin sonraya saxlanılması və formal yanaşma yolverilməzdir.

İndi hər bir bələdiyyə daha çevik, daha təşəbbüskar və daha məsuliyyətli olmalıdır. Çünki ilin sonunda əldə ediləcək nəticələr təkcə büdcə göstəriciləri ilə deyil, həm də sakinlərin bələdiyyəyə olan etimadı, görülən işlərin keyfiyyəti və qarşıdakı ilə nə dərəcədə hazırlıqlı daxil olunması ilə ölçüləcək.

Beləliklə, belə həssas və məsuliyyətli bir dövrdə əl-ələ verib  bələdiyyə sisteminin inkişafına hər birimiz öz töhfəmizi verməliyik. KONKRET.

Vüqar Tofiqli

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Zəfərin əbədi varisləri

Elmi-Praktik Məsələlər
07-11-2026
452

Keçmişdən gələcəyə - toplaşaq muzeylərə!

Elmi-Praktik Məsələlər
07-08-2026
1121