Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-11-2026 , 20:26

130

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyələr hər kəsin yarımçıq qalan işini görən əlavə inzibati qurum deyil: BƏLƏDİYYƏ ÜZVÜ YAZIR

2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək yeni qərara əsasən, ölkədə ev təsərrüfatlarının kənd təsərrüfatı məhsullarının uçotu aparılacaq. Bu iş yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinə həvalə edilib.
Beləliklə, kəndlərdə hər bir ev təsərrüfatı üzrə torpaq sahələri, əkinlər, heyvanlar, quşlar, süd və yumurta istehsalı və digər kənd təsərrüfatı göstəriciləri qeydə alınacaq. Hətta ailənin öz istehlakı üçün əldə etdiyi yumurtaların sayı belə uçota daxil ediləcək.
Ümid edirik ki, qanunla nümayəndəliklərə həvalə edilmiş bu işin icrasına gələcəkdə bələdiyyələr də cəlb edilməyəcək. Çünki bələdiyyələrin onsuz da kifayət qədər problemləri və həllini gözləyən məsələləri var.
Bu gün öz əmlak vergisini toplamaqda çətinlik çəkən, vergi yığımı üçün vətəndaşların qapısını döydükdə bəzən qapıdan geri qaytarılan bələdiyyə əməkdaşlarından əlavə olaraq kənd təsərrüfatı məhsullarının uçotunu aparmağı da tələb etmək nə dərəcədə doğrudur?
Əməkhaqqını güclə ödəyən, Dövlət Sosial Müdafiə Fonduna olan borclarını bağlamaqda çətinlik çəkən, maddi-texniki bazası və kadr potensialı yetərli olmayan bələdiyyələr bu qədər əlavə işin öhdəsindən necə gələcəklər?
Unutmayaq ki, bələdiyyə əməkdaşlarının əsas işi yerli özünüidarəetməni həyata keçirmək, yerli vergiləri toplamaq, ərazinin sosial-iqtisadi inkişafına töhfə vermək və vətəndaşların problemlərinin həllində iştirak etməkdir.
Bələdiyyə əməkdaşını bir tərəfdən vergi toplamağa göndərib, digər tərəfdən ailələrin qapısını döyərək neçə toyuq saxladığını, neçə yumurta əldə etdiyini, nə qədər süd istehsal etdiyini soruşmağa məcbur etsək, onsuz da zəif olan bələdiyyə-vətəndaş münasibətlərinə daha bir zərbə vurmuş olarıq.
Digər tərəfdən, belə bir işin lazımi kadr, maliyyə və texniki təminat olmadan həyata keçirilməsi formal hesabatçılığa yol aça bilər. Kağız üzərində rəqəmlər toplanar, hesabatlar hazırlanıb dövlətə təqdim edilər, lakin həmin məlumatların reallığı nə dərəcədə əks etdirdiyi sual altında qalar.
Nəticədə kənd təsərrüfatının real vəziyyətini öyrənmək məqsədilə başladılan iş özü etibarsız statistik məlumatların yaranmasına səbəb ola bilər.
Bir daha qeyd edək: bələdiyyələrin üzərinə yeni-yeni öhdəliklər qoymaqla yerli özünüidarəetmə inkişaf etmir. Əvvəlcə mövcud problemlər həll edilməli, bələdiyyələrə real səlahiyyətlər, maliyyə imkanları və fəaliyyət göstərmək üçün zəruri şərait yaradılmalıdır.
Bələdiyyələr hər kəsin yarımçıq qalan işini görən əlavə inzibati qurum deyil. Onların öz vəzifələri, öz məsuliyyəti və həllini gözləyən öz problemləri var.
Tərlan İsmayılov
İsmayıllı bələdiyyəsinin üzvü

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

RİH-lərin bələdiyyələrə dəstəyi olarsa

Gündəlik Xəbərlər
18-10-2026
736

E-Bələdiyyə tətbiqi istifadəyə verildi

Gündəlik Xəbərlər
06-10-2026
1361