Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-08-2026 , 22:38

68

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Elmi-Praktik Məsələlər
- +

Maddi-mədəni irsimizi gələcək nəslə sap-sağlam çatdırmaq üçün…

Beləliklə, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bələdiyyələrin maddi-mədəni irsin öyrənilməsi və təbliğində rolunun gücləndirilməsi” layihəsi çərçivəsində ölkəmizin doqquz şəhər bələdiyyəsində görüşlərini başa vurdu.

Uç ay ərzində Cəlilabad, Masallı, Yardımlı, Siyəzən, Şabran, Xaçmaz, Quba, İsmayllı və Oğuz şəhər bələdiyyələrinin  inzibati binalarında kollektiv üzvlərinin iştirakı ilə keçirilən görüşlərdə maraqlı  təklif və tövsiyələr səsləndi.

Hər biri iki gün olmaqla davam edən səfər çərçivəsində bələdiyyədə keçirilən görüşlər yanaşı, rayonda fəaliyyətdə olan  tarix-diyarşünaslıq muzeyləri, “Beşbarmaq tarix, mədəniyyət və təbiət qoruğu”, “Çıraqqala-Şabran tarix və mədəniyyət qoruğu”, qədim məscidlər, habelə  Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsində götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsü"ndə qeydiyyata alınan çoxsaylı abidələr də ziyarət olunmuşdur. 

****

Layihə çərçivəsində apardığımız müşahidələr göstərir ki, iyirmi beş il əvvəl tərtib edilmiş “siyahının” yenidən işlənməsinə ciddi şəkildə ehtiyac vardır. Bu gün müşahidələr göstərir ki, qeydiyyatda olan abidələrin bir qısmi sıradan çıxmış, bəziləri qəzalı vəziyyətə düşmüş, bir çoxlarının yerini belə müəyyən etmək mümkün olmamışdır.

Bununla bağlı Mədəniyyət nazirliyi 25 il əvvəl tərtib edilmiş “siyahının” təkmilləşdirilməsi üçün fəaliyyətini təxirəsalmadan davam etdirməlidir. İlk olaraq monitorinqlərə start verilməsi daha düzgün addım olardı.

Müşahidələrimizdən belə qənaətə gələ bilərik ki, ziyarətində olduğumuz rayonlarda maddı-mədəni irsimizin qorunma səviyyəsini qənaətbəxş hesab etmək olmaz. Sual olunur Şabran rayonunda  dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında 63-cü sırada qeydiyyata alınan “qədim Şabran şəhəri”nin qalıqlarının mühafizəsini,  Quba şəhərində olan ölkə əhəmiyyətli  abidələr siyahısına düşmüş “Səkinəxanım” məscidinin və onlarca digər abidələrin bərpa və konservasiyasına, habelə  “Beşbarmaq tarix, mədəniyyət və təbiət qoruğunda” infrastruktur layihələrin icrasına nə vaxt başlanılacaqdır.

Bu gün dünya əhəmiyyətli qədim Şabran şəhərinin arxeoloji qazıntılar zamanı üzə çıxarılan şəhərin qalıqlarını mühafizə edə bilməsək, onu gələcək nəslə necə çatdıra biləcəyik. Nəzərə alaq ki, cari ilin aprel ayında aramsız yağan yağışlar abidəyə ciddi ziyan vurub. Çox da böyük olmayan bir ərazini əhatə edən qədim şəhərin qalıqlarının üstünün örtülməsini və ərazidə tədqiqatlarını davam etdirlməsini, o cümlədən ərazinin turzim marşrutuna salınmasını kim təmin etməlidir? Mədəniyyət nazirliyi bu barədə nə düşünür, maraqlıdır.

*****

Bu arada diqqətimi çəkən bir məqamı oxucularımında diqqətinə çatdırmaq istərdim.

Belə ki, Siyəzən şəhər bələdiyyəsində keçirilən görüşdən sonra yayın ən isti qızmar günündə qrafiqə uyğun olaraq “Beşbarmağı” ziyarət etmək qərarına gəldik.

“Beşbarmağı”n ən yüksək zirvəsində bir Rusiyadan olan xanımı, iki Qırğızıstan vətəndaşını və bir nəfər  Afrikalını görəndə təəcübümü saxlaya bilmədim və narahat oldum.  Ona görə ki, uzaq bir məsafəni qət edib qoruğa gələnləri bizim hansı forma və məzmunda qarşılamaq “paketimiz” var. Ümumiyyətlə belə bir təkliflər paketi varmı?  Qonaqlara, xüsusəndə xarici ölkələrdən gələnlərə özümüzü necə təqdim edirik?

Deməliyəm ki, ərazinin yol infrastrukturu sıfır vəziyyətindədir. Üstəlik, qoruğa çatmamış kortəbii, bəlkə də  eybəcər  şəkildə qonaqların qarşılarına qaçıb samovar çayı və kabab təklifi üçün müştəri cəlb etməklə özümüzü aşağılamırıqmı? Bu durumdan müvafiq orqanların, o cümlədən yerli icra hakimiyyətinin xəbərləri yoxdurmu? Bununla bağlı hansı qurum təkliflə çıxış edib, bilən varmı. Belə olan halda Mədəniyyət nazirliyi niyə hərəkətə keçmir. Nəyi gözləyir? Bu cür münasibət sonda həm də maliyyə itkisi deməkdır, axı. Və yaxud Çıraqqala kompleksində bərpa-konservasiya işləri nə vaxt başa çatacağı da maraqlıdır. Nəzərə alaq ki, “Çıraqqala” sıra da 4.7 yeri tutmaqla dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınıb.

*****

Qeyd edim ki, rayon mərkəzlərində fəaliyyətdə olan tarix-diyarşünaslıq muzeylərindəki vəziyyət daha acınacaqlıdır. Ziyarətində olduğum doqquz rayonun səkkizində muzey formalaşdırlıb. Bununla yanaşı Şabran rayonunda Pirəbədil tarix muzeyi də fəaliyyətdədir. Siyəzən şəhərində isə muzeyin fəaliyyətə başlaması üçün müəyyən addımlar atılıb. Lakin proses nədənsə ləng gedir.  

Elə məsələlər var ki, onun həlli kollektivdən deyil, məhz tabe olduqları Mədəniyyət nazirliyinin onlara göstərdiyi qayğıdan asılıdır. Səkkiz muzeydən yalnız Quba və Masallı  tarix-diyarşünaslıq  muzeyləri özünə məxsus binada fəaliyyət göstərir. Lakin digər altı muzey Cəlilabad, Yardımlı, Şabran, İsmayıllı, Oğuz və Xaçmaz uyğunlaşdırılmış binalarda fəaliyyət göstərir. Əlavə edim ki, bu muzeylərin eksponat fondunun qorunması, muzeyə yeni eksponatların alınmasında yaranan və yaxud yaradılan problemlər çoxsaylı suallar yaradır. Üstəlik muzey binalarının əmək şəraitinin müasir tələblərə cavab verməməsi, bəzilərində isə soyuq hava kütləsinin birbaşa binaya daxil olması, güclü yağışın bir çox hallarda binaya damması kollektivin fəaliyyətinə ciddi problem yaratması da göz önündədir.   

Ancaq müsbət hal ondadır ki, bu rayonların zəngin tarixi muzeylərdə öz əksini tapıb. Onu da əlavə edim ki, bu gün bu muzeylər orada çalışan fədakar insanların sayəsində ayaq üstədir. Hər birində olduğum zaman muzey barəsində, muzeydə sərgilənən eksponatlar barəsində muzey əməkdaşlarının, xüsusən də Xaçmaz, Şabran, Masallı və İsmayıllı muzeylərinin əməkdaşlarının hazırlıqlı olması, müzeydə sərgilənən hər bir eksponat barədə məlumatlı olmaları diqqətimdən qaçmadı.

*****

Beləliklə, maddi-mədəni irsimizin qorunması ilə bağlı addımlar atılsa da, bunu hələ ki qənaətbəxş saymaq olmaz. Düzdür, bu gun uzun illər işğal altında olmuş maddi-mədəni irs nümunələrinin bərpa-konservasiya işlərinin aparılması, hətta həmin ərazilərdə tədqiqat işlərinin aparılması təqdirəlayiqdir.

Lakin ölkəmizin digər ərazilərində bu sahənin qorunması, mühafizəsi bir qədər diqqətdən kənarda qalması bütün hallarda qəbul edilən deyil. Onu da nəzərə alaq ki, bu sahəyə xərclənən hər bir maliyyə vəsaiti qurulacaq düzgün siyasət nəticəsində əvəzini dəfələrlə qaytara bilər.

Yekun olaraq hansı qənətə gələ bilərik. İlk olaraq bu gün mədəniyyət və turizm  sahəsinin bir mərkəzdən idarə olunması daha məqsəd uyğun ola bilər. Qısa bir müşahidə aparılsa bu sahədəki pərakəndəliyi hər kəs açıq-aydın görə bilər.

*****

Layihə çərçivəsində bələdiyyələrin bu sahəyə öz töhfələrini verməyə hazır olduqları qənaətinə gəldik. Yəni, inzibati ərazi daxilində mütəxəsislərdən ibarət işçi qrupu yaratmaqla, monitorinq aparıb siyahıya düşməyən və özündə tarixi-memarlıq elementləri daşıyan abidələrin siyahılaşdırlmasını həyata keçirməyi, bəzi abidələrin ətrafında səliqə-səhman yaradılmasını, o cümlədən bələdiyyə büdcəsində bu sahənin qorunması və mühafizəsinə müəyyən maliyyə vəsaitinin ayrılmasını, ən əsası isə muzeylərin eksponat fondunun zənginləşdirilməsinə töhfə vermək kimi təkliflərin görüşlərdə  səsləndirilməsi diqqətimi çəkdi. Sözsüz ki, bu prosesin icrası nəticə etibari ilə maliyyə vəsaiti tələb edir. Ziyarətində olduğumuz doqquz şəhər bələdiyyəsinin yeddisi bu istiqamətdə ciddi addımlar atacaqlarını söylədilər.

*****

Biz inanırıq. İnanırıq ki, qısa bir yazıda qaldırdığımız məsələləri Mədəniyyət nazirliyi diqqətdən kənarda saxlamayacaqdır: 

1)      Bu gün özəl mülkiyyətə verilən və dövlət tərəfindən mühafizə olunan maddi-mədəni irs nümunələrinin bir çoxunun  bərpasının tam mülkiyyətçilərin üzərinə atmaq olmaz. Bununla bağlı Quba şəhərində özəl mülkiyyətdə olan və bərpa-konservasiya tələb edən çoxsaylı dövlət qeydiyyatında olan yerli əhəmiyyətli abidələr var. Bu gün Şəhərin mərkəzində Quba meydanının sağ və sol tərəflərində vaxtı ilə  göz oxşayan  bu gün isə bərpaya ehtıyacı olan abidələr var. Eləsi var ki, onun bərpasına bina sahiblərinin imkanı yoxdur. Belə olan bir vaxtda nazirlik təkliflə çıxış etməli və siyahıda olan abidənin bərpasına öz töhfəsini verməlidir. Konkret.

2)      Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsində götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsü"nə yenidən işlənilməsi gündəmə gəlməlidir. Çünki siyahıda olanlar barəsində yuxarıda qeyd etdiyimə əlavə olaraq deməliyik ki, siyahıda adları səhf düşən, hətta təkrar düşən maddi mədəni irs nümunələrinə rast gəlmək olur. Bununla yanaşı ziyarətində olduğumuz rayonlarda dövlət qeydiyyatına düşməyən çoxsaylı maddi-mədəni irs nümunələri var. Onlarında yenilənmiş siyahıya salınmasının vaxtı çatıb.

3)      İnanırıq ki, Mədəniyyət nazirliyi maddi-mədəni irsimizin qorunması, xüsusəndə tarix müzeyləri ilə bağlı siyasətinə yenidən baxacaq, bu qurumlarda çalışanların fəaliyyətləri üçün lazimi şəraitin yaradılmasına çalışmaqla, zəngin tarixə sahib olan Azərbaycanın maddi-mədəni irsini gələcək nəslə sap-sağlam çatdıracaq və prosesin icrasında bələdiyyələrində öz töhfəsinin verməsinə lazımı şərait yaradacaqdır.

Vüqar Tofiqli (Cəfərov)

“Bələdiyyələrin fəaliyyıətinin təbliği” İctimai birliyin sədri

Rəylər

0 Rəy


Rəy yaz