Bələdiyyə sədri işçi qrupuna rəhbərlik edəcək: İcra başçısının bu qərarı hansı məntiqə və hüquqa söykənir?
Paytaxt rayonlarının birində maraqlı bir hadisənin baş verdiyi bildirilir. Əgər belə bir məlumat yayılıbsa, deməli, müzakirə üçün müəyyən əsaslar da var. Bizim məqsədimiz bələdiyyə-icra münasibətlərində mövcud olan boşluqların aradan qaldırılmasına dəstək vermək, bu münasibətlərin sivil və tərəfdaşlıq prinsipləri əsasında inkişafına töhfə vermək, icra hakimiyyəti orqanlarında çalışanların bələdiyyələri yalnız tərəfdaş kimi qəbul etməsinə nail olmaqdır.
Qeyd edək ki, bu gün Nərimanov, Səbail, Xətai,
Sabunçu, Yasamal və Binəqədi rayonlarında formalaşan bələdiyyə-icra
münasibətləri, həqiqətən də, təqdirəlayiqdir və bu təcrübə digər ərazilərdə də
yayıla biləcək səviyyədədir.
Nə isə... Keçək mətləbə.
Məlumata görə, bu günlərdə paytaxt rayonlarından
birinin icra hakimiyyətinin başçısı qanunsuz tikintilərlə mübarizə məqsədilə
işçi qrupu yaradıb və həmin qrupa rəhbərliyi bir qəsəbə bələdiyyəsinin sədrinə
həvalə edib. Açığı, bu qərarın hansı məntiqə və idarəçilik prinsipinə
əsaslandığı ciddi suallar doğurur.
İlk növbədə, icra hakimiyyətinin başçısı siyasi və
inzibati rəhbər kimi qəbul etdiyi qərarların yalnız formal tərəfini deyil,
onların ictimai və siyasi nəticələrini də nəzərə almalıdır. Rəhbər vəzifəyə
təyin etdiyi şəxsin şəxsi keyfiyyətləri, idarəçilik bacarığı və ən azı onun
haqqında formalaşmış ictimai rəy ilə hesablaşmalıdır. Çünki rəhbər vəzifəyə
gətirdiyi şəxsin fəaliyyəti və davranışı müəyyən mənada həmin qərarı verən
rəhbərin də nüfuzuna təsir göstərir. Bu baxımdan, belə bir təyinatın icra başçısının
özünün ictimai-siyasi nüfuzuna xələl gətirə biləcəyini əvvəlcədən nəzərə almaq
çətin deyildi.
Digər tərəfdən, bir qəsəbənin bələdiyyə sədrinin
digər qəsəbələrdə qanunsuz tikintilərlə mübarizəyə rəhbərlik etməsi hansı
idarəçilik məntiqinə söykənir? Bəs həmin ərazilərdə fəaliyyət göstərən icra
nümayəndələri, bələdiyyə sədrləri və digər məsul şəxslər hansı funksiyanı
yerinə yetirməlidirlər? Onların məsuliyyət və səlahiyyət dairəsi nədən
ibarətdir?
Əgər bir bələdiyyə sədrinə digər ərazilərdəki
qanunsuz tikintilərlə mübarizə prosesinə rəhbərlik etmək etibar edilirsə, onda
həmin ərazilərdə fəaliyyət göstərən yerli idarəetmə strukturlarının mövcudluğu
və funksional məsuliyyəti hansı zərurətdən irəli gəlir?
Bu məntiqdən çıxış etsək, rayondakı bütün inzibati
ərazi vahidlərini birləşdirib, həmin şəxsi də onların hamısına rəhbər təyin
etmək qalır. Təbii ki, bu, idarəçilik deyil, səlahiyyət və məsuliyyət
bölgüsünün qarışdırılmasıdır.
Məsələnin digər mühüm tərəfi də var. Bələdiyyə
yerli özünüidarəetmə orqanıdır və onun sədri qanunla müəyyən edilmiş
səlahiyyətlər çərçivəsində fəaliyyət göstərməlidir. Bir bələdiyyə sədrinin
digər ərazilərdə fəaliyyət göstərən yerli özünüidarəetmə subyektlərinin işinə
rəhbərlik etməsi, xüsusilə də bu prosesin hüquqi əsasları və səlahiyyət bölgüsü
aydın şəkildə müəyyənləşdirilmədikdə, ciddi suallar yaradır.
Təbii ki, işçi qrupuna rəhbərlik etmək
özü-özlüyündə qanun pozuntusu demək deyil. Lakin belə bir təyinatın hansı
hüquqi əsaslara söykəndiyi, rəhbərin funksional səlahiyyətlərinin nədən ibarət
olduğu və məsuliyyət mexanizminin necə müəyyənləşdirildiyi açıq şəkildə izah
edilməlidir.
Qanunsuz tikintilərlə mübarizə, şübhəsiz ki, vacib
və zəruri istiqamətdir. Lakin bu mübarizə ayrı-ayrı şəxslərin subyektiv
seçimləri, qeyri-müəyyən səlahiyyət bölgüsü və formal işçi qrupları vasitəsilə
deyil, qanunvericiliyin tələblərinə uyğun, sistemli və institusional məsuliyyət
prinsipi əsasında aparılmalıdır. Hər bir ərazidə qanunsuz tikintilərə qarşı
mübarizəyə, ilk növbədə, həmin istiqamətdə qanuni səlahiyyət və məsuliyyət
daşıyan qurumlar cəlb edilməlidir.
İcra hakimiyyətinin başçısı bilməlidir ki,
idarəçilik ayrı-ayrı şəxsləri bir-birinin səlahiyyət dairəsinə daxil etməkdən
deyil, hər kəsin öz vəzifəsini, məsuliyyətini və hüquqi öhdəliklərini düzgün
müəyyənləşdirməkdən ibarətdir.
Bu səbəbdən hesab edirəm ki, belə bir qərar ən azı
ciddi şəkildə əsaslandırılmalı, hüquqi və idarəçilik baxımından yenidən
nəzərdən keçirilməlidir. İcra başçısının atdığı addımların əsas məqsədi dövlət
idarəçiliyinə ictimai etimadı gücləndirmək olmalıdır, əlavə suallar yaratmaq
yox.
P.S. Müəyyən məsələləri nəzərə alıb haqqında
danışılan rayonun adını çəkmirik.
Vüqar Tofiqli
Rəylər
0 Rəy