Bələdiyyələrin gələcək inkişafı: yeni yanaşma və əməkdaşlıq zərurəti
Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun son günlərdə bələdiyyə sədrlərinin də iştirak etdiyi konfransda səsləndirdiyi fikirlər, məncə, yerli özünüidarəetmə orqanlarının gələcək fəaliyyəti üçün bir növ strateji yol xəritəsi təsiri bağışladı. Açığı, ilk dəfə idi ki, Milli Məclisin təmsilçisindən bələdiyyələrin fəaliyyətinə yalnız qiymət verən deyil, eyni zamanda onların gələcək inkişaf istiqamətlərini göstərən, problemlərə məntiqli yanaşma sərgiləyən və konkret hədəflər müəyyənləşdirən belə məzmunlu və sanballı çıxış eşidirdim.
Bu çıxışın əhəmiyyəti təkcə bələdiyyələrin fəaliyyətinə
verilən qiymətlə məhdudlaşmırdı. Burada, eyni zamanda, yerli özünüidarəetmənin
qarşısında duran vəzifələrə, onun cəmiyyətdəki mövqeyinə və gələcək inkişaf
perspektivlərinə dair mühüm mesajlar da var idi. Əslində, bələdiyyələrin
inkişafı barədə danışarkən əsas məsələ yalnız mövcud problemləri sadalamaq
deyil, onların həlli yollarını göstərmək, təşəbbüskarlığı stimullaşdırmaq və
yerli özünüidarəetmənin ictimai etimadını daha da gücləndirməkdir.
Digər tərəfdən, bələdiyyələrin son illərdə öz fəaliyyətləri
ilə onlar haqqında əvvəlki dövrlərdə süni şəkildə formalaşdırılmış neqativ təsəvvürləri
dəyişməyə başlaması da təqdirəlayiqdir. Ayrı-ayrı bələdiyyələrin təşəbbüsləri, ərazilərindəki
problemlərin həllinə yönəlmiş fəaliyyəti və ictimai münasibətlərdə daha fəal
mövqe tutmaları göstərir ki, yerli özünüidarəetmənin imkanları düşündüyümüzdən
daha genişdir. Əsas məsələ bu imkanlardan düzgün istifadə etmək, müsbət təcrübələri
yaymaq və uğurlu nümunələri ümumi fəaliyyət modelinə çevirməkdir.
Lakin Əli Əhmədovun çıxışı bir vacib məqamı da yenidən gündəmə
gətirdi: bələdiyyələr öz ərazilərindən Milli Məclisə seçilmiş deputatlarla əlaqələrini
daha da gücləndirməlidirlər. Çünki yerli problemlərin həlli yalnız bələdiyyələrin
öz səylərindən asılı deyil. Bu prosesdə parlament təmsilçilərinin dəstəyi,
qanunvericilik təşəbbüsləri, müvafiq qurumlar qarşısında məsələlərin
qaldırılması və əhalinin problemlərinin daha geniş müstəvidə səsləndirilməsi
mühüm rol oynaya bilər.
Bu baxımdan, deputat Aydın Mirzəzadənin Mingəçevir bələdiyyəsi
haqqında əvvəlki dövrlərdə səsləndirdiyi müsbət fikirlər, eləcə də son görüşdə
Tahir Mirkişilinin Sumqayıt, Vüqar Rəhimzadənin isə Xətai bələdiyyəsinin fəaliyyəti
ilə bağlı xoş sözləri diqqətdən kənarda qalmamalıdır. Bu münasibət yalnız
ayrı-ayrı bələdiyyələrin fəaliyyətinə verilən müsbət qiymət kimi dəyərləndirilməməlidir.
Eyni zamanda, bu nümunələr bələdiyyələrlə deputatlar arasında əməkdaşlığın
genişləndirilməsi, qarşılıqlı etimadın gücləndirilməsi və yerli problemlərin
birgə həlli üçün yeni imkanların mövcudluğunu göstərir.
Əslində, bələdiyyə ilə deputat arasında əlaqələr formal
görüşlərdən və ayrı-ayrı tədbirlərdə iştirakdan ibarət olmamalıdır. Bu münasibətlər
davamlı dialoqa, konkret problemlərin müzakirəsinə, birgə təşəbbüslərə və nəticəyönümlü
əməkdaşlığa əsaslanmalıdır. Deputat təmsil etdiyi ərazinin ehtiyaclarını daha
yaxından öyrənməli, bələdiyyə isə mövcud problemləri, imkanlarını və təkliflərini
parlament təmsilçisinin diqqətinə sistemli şəkildə çatdırmalıdır. Belə əməkdaşlıq
həm yerli məsələlərin həllinə, həm də bələdiyyələrin cəmiyyətdə nüfuzunun
artmasına töhfə verə bilər.
Unutmaq olmaz ki, güclü bələdiyyə yalnız öz ərazisində həyata
keçirdiyi işlərlə deyil, həm də qurduğu tərəfdaşlıqlarla, yaratdığı ictimai
etimadla və problemlərin həllinə cəlb etdiyi imkanlarla seçilir. Eyni zamanda,
deputatların yerli özünüidarəetmə orqanları ilə əməkdaşlığı da onların seçicilərlə
əlaqələrinin daha səmərəli qurulmasına xidmət edir.
Məncə, bu gün bələdiyyələrin qarşısında duran əsas vəzifələrdən
biri əldə olunan müsbət təcrübəni davamlı inkişafa çevirmək, cəmiyyətdə
formalaşmış stereotipləri real fəaliyyətlə dəyişmək və dövlət qurumları,
parlament təmsilçiləri, ictimaiyyət arasında səmərəli əməkdaşlıq mühiti
yaratmaqdır.
Əli Əhmədovun çıxışının əhəmiyyəti də məhz bundadır: o, bələdiyyələrin
fəaliyyətinə münasibətdə təkcə bugünkü vəziyyətə qiymət verməklə kifayətlənməyərək,
gələcək üçün düşünməyə, mövcud imkanları dəyərləndirməyə və daha fəal mövqe
tutmağa çağırış kimi qəbul edilə bilər.
İndi əsas məsələ bu fikirlərin səsləndirilməsi ilə kifayətlənməmək,
onları əməli fəaliyyətə çevirməkdir. Bələdiyyələr öz üzərlərinə düşən məsuliyyəti
daha dərindən dərk etməli, deputatlarla əməkdaşlığı genişləndirməli və yerli
problemlərin həlli istiqamətində təşəbbüskar mövqe nümayiş etdirməlidirlər.
Çünki güclü yerli özünüidarəetmə yalnız bələdiyyələrin deyil, bütövlükdə cəmiyyətin
inkişafına xidmət edir.
Vüqar Tofiqli
Rəylər
0 Rəy