Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-11-2026 , 17:55

131

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Habil Həmidov: “Bu gün vergi xidmətinin qarşısında daha ciddi və məsuliyyətli vəzifələr dayanır”

Binə bələdiyyəsində büdcə gəlirlərinin artırılması, vergi yığımının mövcud vəziyyəti və vergi uçotu sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlərlə bağlı görüş keçirilib.

Görüşdə Xəzər rayonu Binə bələdiyyəsinin sədri Habil Həmidov, bələdiyyənin Vergi Xidmətinin yeni təyin edilən rəhbəri Tərlan Abdullayev və “Bələdiyyələrin Fəaliyyətinin Təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli iştirak ediblər.

Müzakirələr zamanı bələdiyyənin büdcə gəlirlərinin mövcud vəziyyəti, vergi ödəyicilərinin uçotunun daha səmərəli təşkili, vergi bazasının genişləndirilməsi və daxilolmaların artırılması istiqamətində həyata keçirilən tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.

Təqdim olunan statistik göstəricilərə əsasən, 2025-ci ilin yanvar-oktyabr aylarında Binə bələdiyyəsi üzrə vergi yığımları 127.037 manat təşkil etdiyi halda, 2026-cı ilin eyni dövründə bu rəqəm 139.376 manata yüksəlib. Beləliklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmalarında 12.339 manat və ya təxminən 9,7 faiz artım qeydə alınıb.

Xüsusilə oktyabr ayının nəticələri diqqət çəkir. Belə ki, 2025-ci ilin oktyabr ayında vergi yığımı 11.875 manat olduğu halda, 2026-cı ilin oktyabr ayında bu göstərici 20.788 manata çatıb. Bu isə əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 8.913 manat və ya təxminən 75,1 faiz artım deməkdir. Oktyabr ayında qeydə alınan bu dinamika vergi xidmətinin fəaliyyətində müsbət dəyişikliklərin baş verdiyini göstərir.

Hazırda Binə bələdiyyəsi üzrə ümumilikdə 15.295 vergi ödəyicisi uçotdadır. Onlardan 317-si qeyri-yaşayış sahələri üzrə vergi ödəyiciləridir. Bu göstəricilər bələdiyyənin vergi bazasının kifayət qədər geniş olduğunu və mövcud potensialdan daha səmərəli istifadə edilməsinin vacibliyini ortaya qoyur.

Görüşdə çıxış edən bələdiyyə sədri Habil Həmidov indiyədək vergi xidmətinin əldə etdiyi nəticələrin onu və bələdiyyə üzvlərini tam qane etmədiyini bildirib. O, yeni formalaşdırılan və fəaliyyətinə yenidən baxılan vergi xidmətinin qarşısında daha ciddi və məsuliyyətli vəzifələrin dayandığını vurğulayıb. Qeyd edib ki, vergi daxilolmalarının artırılması üçün yalnız mövcud vəziyyətin təhlili ilə kifayətlənmək olmaz. Eyni zamanda, vergi ödəyicilərinin dəqiq uçotunun aparılması, vergi bazasının genişləndirilməsi və yığım prosesinin müasir tələblərə uyğun təşkili istiqamətində ardıcıl iş aparılmalıdır.

Habil Həmidov Binə qəsəbəsinin ərazisinin genişliyinə və demoqrafik göstəricilərinə diqqət çəkərək əhalinin sayının təxminən 200 min nəfərə çatdığını bildirib. Onun sözlərinə görə, belə böyük ərazini və əhali kontingentini əhatə edən bələdiyyənin maliyyə imkanlarının mövcud potensiala uyğun formalaşmasına bir sıra obyektiv amillər mane olur.

Bu amillər sırasında bələdiyyəyə indiyədək ərazinin müfəssəl xəritəsinin təqdim edilməməsi, bələdiyyə mülkiyyətinə torpaq və əmlak verilməməsi, eləcə də vergi və rüsum tariflərinin təxminən 26 il əvvəl müəyyənləşdirilmiş səviyyədə qalması xüsusi qeyd olunub. Bildirilib ki, bu məsələlər bələdiyyənin gəlir imkanlarını məhdudlaşdırmaqla yanaşı, yerli özünüidarəetmə orqanının ərazidə mövcud olan potensialdan tam istifadə etməsinə də maneə yaradır.

Bələdiyyə sədri vurğulayıb ki, vergi xidmətinə yeni kadrların cəlb edilməsi, işin təşkilində müasir yanaşmaların tətbiqi və uçot sisteminin təkmilləşdirilməsi ilin sonunadək büdcə gəlirlərinin artırılması baxımından müəyyən ümidlər yaradır. Artıq oktyabr ayının göstəricilərində müşahidə olunan ciddi artım da bu istiqamətdə görülən işlərin ilkin nəticəsi kimi qiymətləndirilib.

Görüşdə, həmçinin vergi ödəyiciləri haqqında məlumat bazasının dəqiqləşdirilməsi, ərazidə vergi uçotundan kənarda qalan obyektlərin müəyyənləşdirilməsi, qeyri-yaşayış sahələrinin uçotunun təkmilləşdirilməsi və vergi yığımına nəzarətin gücləndirilməsi məsələlərinin əhəmiyyəti vurğulanıb.

Sonda “Bələdiyyələrin Fəaliyyətinin Təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli müzakirə olunan məsələlərlə bağlı fikirlərini bölüşüb və iştirakçıları maraqlandıran sualları cavablandırıb. O, yerli özünüidarəetmə orqanlarının maliyyə dayanıqlığının gücləndirilməsində düzgün vergi uçotunun aparılmasının, şəffaf idarəetmənin və vergi ödəyiciləri ilə sistemli işin mühüm rol oynadığını diqqətə çatdırıb.

Görüşdə aparılan müzakirələr bir daha göstərib ki, Binə bələdiyyəsinin mövcud vergi potensialından daha səmərəli istifadə edilməsi, uçot sisteminin təkmilləşdirilməsi və büdcə daxilolmalarının artırılması istiqamətində işlərin sürətləndirilməsi vacibdir. 2026-cı ilin on aylıq nəticələrində, xüsusilə oktyabr ayında müşahidə olunan artım isə bu istiqamətdə həyata keçirilən tədbirlərin davam etdirilməsi üçün müəyyən əsaslar yaradır.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər