Mingəçevir bələdiyyəsi beynəlxalq tədbirdə iştirak edib
"Merlər Razılaşması – Şərq Tərəfdaşlığı" təşəbbüsünə qoşulan bələdiyyələrin iştirakı ilə Azərbaycanda yerli iqlim fəaliyyəti imkanları barədə maarifləndirici tədbir keçirilib. Tədbir fevralın 10-da Bakıda təşkil olunub və bələdiyyə və milli qurumların 100-ə yaxın nümayəndəsini bir araya gəlib. Tədbirin əsas məqsədi Merlər Razılaşmasına üzvlüyün praktikada nə demək olduğunu iştirakçılara izah etməkdən ibarət idi.
"Merlər Razılaşması – Şərq Tərəfdaşlığı" komandası
təşəbbüs haqqında məlumat verib və şəhərlər üçün konkret dəstək mexanizmlərini
təqdim edib.
Tədbirdə iştirak edən Mingəçevir Bələdiyyəsinin sədri Anar
İsmayılov "Şəhərlərin Dayanıqlı gələcəyi: Merlər Razılaşması Kontekstində
Mingəçevir şəhərinin təcrübəsi" mövzusunda çıxış edib, iştirakçılara şəhər
üzrə bələdiyyənin hazırladığı Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planı
barədə məlumat verib və Plana daxil olan layihələrin təqdimatını diqqətə
çatdırıb. O qeyd edib ki, Mingəçevir ölkədə "Merlər Razılaşması – Şərq Tərəfdaşlığı"
tərəfindən Fəaliyyət Planının (SECAP-ın) hazırlanması üçün dəstək alan ilk şəhər
olub və bu, yerli iqlim və enerji planlaşdırılması üçün zəmin yaradıb.
Mingəçevir Bələdiyyəsinin təqdim etdiyi layihələr tədbir
iştirakçıları tərəfindən maraqla qarşılanıb. Tədbirdə Avropa İttifaqının Azərbaycandakı
səfiri Marijana Konjundric, Maldovanın şəhər meri Anatoli Topal, Energetika
Nazirliyinin şöbə müdiri Cavid Mikayılov, təşəbbüsün komanda rəhbəri Christophe
Frering, Şəki şəhər İcra Hakimiyyətinin başçısının müavini Səyyarə Musayeva
çıxış ediblər.
Qeyd edək ki, bu təşəbbüsün ölkə üzrə milli koordinatoru
Energetika Nazirliyidir.
"Merlər Razılaşması – Şərq Tərəfdaşlığı" Global Merlər Razılaşması ailəsinin tərkib hissəsidir. Bu qlobal təşəbbüs şəhərlərin iqlim liderliyi üzrə dünyanın ən böyük alyansıdır, 6 qitə ve 147 ölkəni təmsil edir və ümumilikdə 1,2 milyarddan çox əhalini əhatə edir.
Rəylər
0 Rəy