Müasir dövrdə idarəetmə təcrübəsində dövlətin inteqrasiya edilmiş kommunikasiyalar sistemindən istifadəsi aktual əhəmiyyət kəsb edir.
Ölkəmizdə də idarəetmənin hərtərəfli təkmilləşdirilməsi
prosesi kommunikasiya və informasiya texnologiyaları sektorunun sürətlə inkişaf
etdirilməsini prioritet vəzifələrdən birinə çevirmişdir.
Ümumilikdə, idarəçilikdə demokratikliyin, şəffaflığın
artırılması, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasının təmin edilməsi
üçün istər dövlət orqanları, istərsə də yerli özünüidarə orqanları olan bələdiyyələrin
fəaliyyətində müasir informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi
mühüm əhəmiyyət kəsb edir.
Təqdirəlayiq haldır ki, ölkəmizdə müasir
informasiya kommunikasiya texnologiyalarının imkanlarının dövlət idarəetmə
sistemində tətbiqi ilə bağlı çoxsaylı işlər görülmüş, bu sahə üzrə
normativ-hüquqi baza təkmilləşdirilərək ölkəmizin tərəfdar çıxdığı beynəlxalq
müqavilələrə uyğunlaşdırılmış, informasiya cəmiyyətinin formalaşdırılması və
inkişaf etdirilməsi, elektron hökumətin təşkili nəticəsində informasiya
kommunikasiya texnologiyaları sahəsi ən dinamik inkişaf edən sahələrdən birinə
çevrilmiş, bu istiqamətdə böyük uğurlar əldə edilmişdir.
Müasir innovasiyaların tətbiqi ilə bağlı yerli
özünüidarəetmə sahəsində də bir sıra müsbət nəticələr əldə edilmişdir.
Məlum olduğu kimi, yerli vergi və ödənişlərin bələdiyyə
büdcəsinə ödənilməsi məqsədilə yerli vergi obyektlərinin uçotu, onların
qeydiyyata alınması, vergilərin düzgün hesablanması, bildirişlərin vaxtında və
düzgün göndərilməsi, vergi borclarının yığılması istiqamətində qanunamüvafiq tədbirlərin
görülməsi bələdiyyə fəaliyyətinin əsas istiqamətlərindəndir.
Bələdiyyələrin maliyyə potensialının
gücləndirilməsi, yerli (bələdiyyə) vergi və ödənişlərin yığılması işinin səmərəli
təşkili məqsədilə 2016-cı ilin əvvəlindən başlayaraq, yerli vergi və ödənişlərin
toplanması, tədiyyəçilərlə münasibətlərin düzgün qurulması, gəlir və xərclər
sahəsində şəffaflığın təmin olunması üçün Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat
Sistemi (BAMS) proqramı hazırlanmışdır. Proqramın tətbiqi bələdiyyələrin vergi
və maliyyə sahəsindəki fəaliyyətini xeyli dərəcədə təkmilləşdirilmiş, yerli
vergi ödəyicilərinin elektron məlumat bazası əsasında dəqiq uçotunun
aparılmasına şərait yaradılmışdır. Proqram, ümumilikdə bələdiyyələrin fəaliyyəti
ilə bağlı lazım olan statistik məlumatları operativ əldə etmək, təhlillər və
ümumiləşdirmələr aparmaq imkanı yaradır.
Yerli vergilər üzrə vergitutma obyektlərinin
uçotunun dəqiqləşdirilməsi və uçotdan kənarda qalanların vergiyə cəlb edilməsi,
vergilərin qanunauyğun hesablanaraq yığılması ilə bağlı həyata keçirilən
davamlı tədbirlər nəticəsində son 3 ildə 900 minə yaxın vergitutma obyekti BAMS-a
daxil edilmişdir.
Vergi qanunvericiliyinin tələblərinə görə yerli
büdcənin vergi ödəyiciləri dövlət və bələdiyyə mülkiyyətindəki torpaq sahələrinin
icarəçisi (istifadəçisi) olan
fiziki şəxslərin vergiyə cəlb olunması vəziyyəti öyrənilərək bu sahədə işin səmərəliliyini
artırmaq məqsədilə tövsiyə hazırlanaraq bütün bələdiyyələrə göndərilmişdir.
Fiziki şəxslərin icarəsinə (istifadəsinə) ayrılan torpaq sahələrinin də
vergitutma obyekti olması barədə qanunvericiliyin tələbləri ətraflı izah edilərək
həmin torpaq sahələrinə görə verginin yerli büdcələrə ödənilməsinin təmin edilməsi
üzrə qanunamüvafiq tədbirlərin görülməsi tövsiyə olunmuşdur.
Həmçinin icarədə (istifadədə) olan torpaq
sahələri üzrə vergi uçotunun və vergilərin toplanmasının ayrıca statistikasının
aparılması üçün BAMS-da yeni pəncərə açılmışdır.
Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Bələdiyyələrlə iş
sektorunun dəstəyi ilə BAMS-ın yeni proqram təminatı yaradılmış, 2023-cü ilin noyabr ayında
Əmlak Məsələləri Dövlət Xidmətinin elektron bazasına inteqrasiya edilmişdir.
Artıq hər bir bələdiyyənin BAMS-da öz
inzibati ərazisində üzərində fiziki şəxslərin mülkiyyət hüququ dövlət
qeydiyyatına alınmış daşınmaz əmlak, o cümlədən torpaq sahələrinin, başqa sözlə,
yerli əmlak və torpaq vergisi obyektlərinin sayı, ümumi sahəsi barədə məlumatları
görmək, həmçinin müvafiq ödəniş etməklə onlayn qaydada real vaxt rejimində həmin
obyektlər barədə məlumatları əldə edərək vergi uçotuna götürmək imkanı
yaradılmışdır.
BAMS-da uçota götürülmüş vergitutma obyektləri
üzrə vergilərin, o cümlədən vergi borclarının, peniyaların məbləği proqram
vasitəsilə avtomatik qaydada hesablanaraq vergi ödəyicisinə göndərilməli
bildirişin mətni tərtib olunur.
Həmçinin bələdiyyələrin bir qismi tərəfindən
bildirişlərin vergi ödəyicilərinə SMS mobil tətbiqi vasitəsilə göndərilməsi də
təmin olunur.
Bildirilir ki, bundan əvvəl qanunvericiliyə əsasən
daşınmaz əmlakın dövlət reyestri xidmətinə müvafiq sorğular verməklə, o cümlədən
bələdiyyənin inzibati ərazində yerləşən vergi obyektlərinə yerində baxış keçirməklə
vergi obyektləri qeydiyyata alınırdı. Bu da əlavə vaxt itkisinə, o cümlədən
işçi qüvvəsinə ehtiyac yaradırdı ki, son nəticədə yerli büdcənin əlavə xərclərinə
səbəb olurdu.
Göründüyü kimi, tətbiq edilmiş proqram təminatı
artıq qeyd olunan problemləri aradan qaldırır.
Vergi ödəyiciləri üçün ödəniş etmək imkanları da sadələşdirilmiş,
mümkün olan bütün vasitələrlə ödənişlə bağlı prosedurlar sakinlər üçün daha da əlçatan
olmuşdur. Ölkə bələdiyyələrinin bir qismində ödənişlər bank və poçtlarla
yanaşı, elektron informasiya sistemləri (onlayn) və elektron terminallar vasitəsi
ilə ödənilməsi təmin edilmişdir.
Bələdiyyələr müasir informasiya texnologiyalarından istifadə etməklə
öz vəzifə səlahiyyətlərini həyata keçirməklə yanaşı, kadr məsələlərini də
düzgün tənzimləməklə yerli büdcə vəsaitlərini israf etməməlidirlər. Belə ki, bələdiyyələrə
qarşılarında duran vəzifələrin həyata keçirilməsi məqsədi ilə bələdiyyə
qulluqçularından ibarət aparat yaratmaq səlahiyyətinin verilməsində məqsəd əhalinin
yerli əhəmiyyətli məsələlərinin həll olunması
üçün nəzərdə tutulmuşdur.
Təssüflər olsun ki, bələdiyyələr tərəfindən təqdim olunan yerli büdcə
vəsaitlərinin icrası ilə barədə maliyyə hesabatlarına nəzər saldıqda, hələ də yerli
büdcə vəsaitlərinin çox hissəsinin özünüidarəetmənin saxlanma xərclərinə sərf
olunduğu müəyyən edilir. Bu hal özünüidarə institunun yaranma səbəblərinə, məqsəd
və prinsiplərinə, eləcə də ictimai mənafeyə ziddir. Belə ki, yerli əhalinin bələdiyyələri
seçməkdə məqsədi məhz özlərinin yerli əhəmiyyətli məsələlərinin bələdiyyələrə
seçdikləri üzvlər vasitəsi ilə həll etməklə sosial-iqtisadi rifahlarına nail
olmaqdır.
Büdcə gəlirlərini artırmaq və öz maliyyə vəziyyətini
yaxşılaşdırmaqla yanaşı, eyni zamanda həmin vəsaitlərdən səmərəli, bələdiyyənin
qarşısında duran vəzifələrin həllinə istifadə olunması, büdcə vəsaitlərinin xərclənməsində
israfçılığa yol verilməməsi, qanunçuluğa və ciddi qənaət rejiminə riayət edilməsi
də bələdiyyələrin əsas vəzifəsidir.
Göstərilənləri nəzərə alaraq bələdiyyələrin fəaliyyətinin
yerli özünüidarəetmənin məqsədlərinə, prinsiplərinə və qanunvericiliyin tələblərinə
uyğun həyata keçirilməsi tövsiyə olunur.
Bələdiyyələrlə iş mərkəzi