Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-04-2026 , 15:35

27

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Elmi-Praktik Məsələlər
- +

Rəqəmsal İnkişaf  Konsepsiyası və bələdiyyələrin fəaliyyət  istiqamətləri

Adil Əhmədov

(ABMA-nın “Bələdiyyələrin Rəqəmsallaşma və  İnnovasiya  Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin Direktoru)

Son illər ərzində Azərbaycan Respublikasında həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti çərçivəsində “elektron hökumət”in formalaşması, elektron imzanın tətbiqi, dövlət xidmətlərinin “bir pəncərə” prinsipi əsasında təqdim edilməsi ilə bağlı mühüm addımlar atılmışdır. Bu məqsədlə “Elektron Hökumət İnformasiya Sistemi” (EHİS) yenilənmiş, onun Əsasnaməsi təsdiq edilmişdir. Həmçinin “elektron hökumət”in effektiv fəaliyyətini təmin edən dövlət informasiya sistemləri və ehtiyatlarının inkişafı üzrə mühüm işlər görülmüşdür.

Bu tədbirlərin məntiqi davamı kimi rəqəmsal hökumətə keçidin sürətləndirilməsi üzrə strateji hədəflərin müəyyənləşdirilməsi məqsədilə cənab Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə qaldırdığı məsələlər bir daha nümayiş etdirib ki, rəqəmsallaşma artıq strateji zərurətdir.

Dövlətimizin başçısının qeyd etdiyi kimi, rəqəmsal inkişaf məsələsi bizim gələcək inkişafımızı böyük dərəcədə şərtləndirəcək. Bu kontekstdə artıq görülmüş işlər mühüm baza formalaşdırsa da, əsas məqsəd rəqəmsallaşmanı prioritetlər siyahısında ön sıraya çıxarmaqdır. Bu amil, eyni zamanda, şəffaflıq, operativlik və səmərəlilik baxımından yeni idarəetmə modelinin formalaşmasına xidmət edəcəkdir.

Qeyd edilməlidir ki, elektron hökumət konsepsiyasının tərkib hissəsi kimi bu proseslərdə bələdiyyələr də iştirak etmişdir. Belə ki, Prezident Administrasiyasının dəstəyilə bələdiyyələrin milli assosiasiyaları tərəfindən BAMS Proqramı tətbiq olunaraq bələdiyyələrinin proqrama qoşulması təmin edilmiş, 2023-cü ildən BAMS Əmlak Məsələləri Dövlət Xidmətinin elektron bazasına inteqrasiya edilmişdir.

Ölkədə rəqəmsal hökumət və rəqəmsal cəmiyyət prinsiplərinin bərqərar edilməsində bələdiyyələrin rolunun artırılması baxımından Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 iyul tarixli 440 nömrəli Fərmanı ilə BAMS-ın bələdiyyələrin vahid informasiya sistemi qismində və dövlət informasiya sistemi statusunda fəaliyyət göstərməsini nəzərdə tutan qanunların qəbul edilməsi Azərbaycanda bələdiyyəçilik tarixində çox mühüm addımlardan hesab olunur. Fürsətdən istifadə edərək bələdiyyələrin vahid informasiya sisteminin hüquqi statusunun müəyyən edilməsində müvafiq qanun layihələrinin parlamentdə müzakirə edilərək qəbul olunmasına dəstək göstərdiklərinə görə hörmətli millət vəkillərinə bələdiyyələr adından təşəkkür edirəm.

Qeyd etdiyim fərmanla Cənab prezident həmçinin bələdiyyələrə 3 vacib məsələdə dəstəyini göstərdi. 1cisi bələdiyyələr üçün dövlət informasiya ehtiyatlarında saxlanılan məlumatlara əlçatanlığı təmin etməklə onların maliyyə imkanlarının genişlənməsinə şərait yaratdı. Digər tərəfdən hər bir bələdiyyə üçün fərdi qaydada informasiya sisteminin qurulmasının və idarə olunmasının nə qədər maliyyətli olduğunu nəzərə alsaq vahid informasiya sistemini yaratmaqla onların maliyyə yükünü azaltdı. 3cü tərəfdən isə bələdiyyələr bu imkandan düzgün faydalandığı təqdirdə vətəndaş məmnunluğunu, seçicilərinin inamını əhəmiyyətli dərəcədə artırmış olacaqlar. Eyni zamanda xüsusilə diqqətinizə çatdırmaq istəyirəm ki, bələdiyyələrin vahid informasiya sisteminin yaradılması dünyada qəbul edilmiş dövlət-bələdiyyə-cəmiyyət münasibətlərində yeni bir innovativ modeldir.

Bələdiyyələrin milli assosiasiyaları tərəfindən bu çərçivədə bır sıra layihələr icra edilmişdir. Vətəndaş-bələdiyyə münasibətlərində yeni mərhələyə keçidi təmin etmək üçün “Elektron bələdiyyə” portalı 2025-ci ilin mart ayından istifadəyə verilmişdir. Vətəndaşlar portal vasitəsilə borclarını, uçota alınan vergi obyektlərini, verginin hesablanma qaydasını dəqiqləşdirir, ödəniş edə bilir və bələdiyyələrə müraciət edir. Bu günə qədər portal üzərindən 350min manatlıq ödəniş edilmiş, 30minə yaxın istifadəçi qeydə alınmışdır. Eyni zamanda, vətəndaşlar tərəfindən portal vasitəsilə bələdiyyələrə 1900 müraciət və 200ə yaxın təklif verilmişdir.

Həmçinin, BAMS-da mərkəzləşmiş qaydada borclar barədə SMS məlumatlandırma, ödəniş üçün QRkod, uçotun dürüstləşdirilməsi, vergi potensialının hesablanması, debitor borclar və müxtəlif hesabat modulları yaradılmışdır. Artıq hər bir bələdiyyə inzibati ərazisi üzrə çıxarışlı vergitutma obyektləri barədə ətraflı məlumatı əldə edə bilir. 2025-ci ildə Naxçıvan MR-nın bələdiyyələrinin də BAMS-a qoşulması təmin edilmişdir. Ölkə başçısının göstərişinə uyğun olaraq BAMS bazalarının “MyGov” portalına inteqrasiyasına start verilmiş və yaxın vaxtlarda yekunlaşdırılması nəzərdə tutulur. Qeyd edim ki, bütün bu tədbirlər və bələdiyyələrin bu istiqamətdə fəaliyyətləri vergi daxilolmalarını və onların ümumi daxilolmalarda payını xeyli artırmışdır.

 

 

 

Lakin qeyd olunan uğurlarla yanaşı rəqəmsal inkişaf konsepsiyasında nəzərdə tutulan tədbirlərin icrası kontekstində bələdiyyələrin milli assosiasiyaları və bələdiyyələrin qarşısında görülməli olan çox saylı işlər hələ də qalmaqdadır.

Belə ki, rəqəmsal inkişafla bağlı mühüm məsələlərdən biri müxtəlif informasiya sistemlərinə və ehtiyatlarına eyni məlumatların təkrar daxil edilməsinin qarşısının alınması,  vətəndaşların bələdiyyə orqanlarına elektron müraciət imkanlarının artırılması, insan faktorunu minimuma endirməklə şəffaflığın maksimum dərəcədə təmin edilməsi, inzibati icraat zamanı dövlət informasiya sistemləri üzərindən verilən arayışların və digər sənədlərin tanınması üçün tədbirlər görülməsi və digər işlərin həyata keçirilməsidir.

Bugün bələdiyyələri və daha çox onların seçicilərini narahat edən məsələlərdən biri torpaq münasibətlərinin tənzimlənməsində olan problemlərdir. Bələdiyyələrə yerquruluşu sənədlərinin, torpaq sahələri və onların hüdudları, ölçüləri bərədə sənədlərin verilməsi bu günə qədər yekunlaşmayıb. Bu isə öz növbəsində bələdiyyələrin yerli sakinlər qarşısında vəzifələrinin icrasını çətinləşdirir. Son vaxtlarda torpaq qiymətləndirilməsi ilə bağlı yaranan problemlər bələdiyyələrin mülkiyyəti üzərində sərəncam vermək hüququnun reallaşdırılmasında müəyyən çətinliklər yaradır. Nəticədə bu istiqamət üzrə 2024-cü ilə nisbətdə 2025-ci ildə bələdiyyə gəlirləri 4 mln manatdan çox azalmışdır.

Qeyd olunan məsələlər üzərində aidiyyəti qurumlar tərəfindən fəaliyyət istiqamətlərinə uyğun birgə iş aparılır. Bununla bağlı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Baş idarəsi tərəfindən bələdiyyələrə mütəmadi metodiki tövsiyyələr verilir, bələdiyyələrin milli assosiasiyaları tərəfindən aidiyyəti qurumlarla birgə müzakirələr keçirilir. Qeyd olunmalıdır ki, Əmlak Məsələləri Dövlət Xidməti bu proseslərin rəqəmsallaşdırılması istiqamətində müəyyən işlər görməkdədir, o cümlədən bələdiyyələr tərəfindən torpaqlara rəyin alınması proseduru tam elektronlaşmışdır. Lakin ümumilikdə bu prosesin bütün mərhələlərinin rəqəmsallaşdırılması, müraciətlərin baxılma vəziyyətini izləmək məqsədilə elektron dövriyyəsini əks etdirən platformanın yaradılması məqsədəuyğun olardı. Vətəndaşın bələdiyyəyə müraciət anından çıxarış alana qədər olan bütün mərhələlərin rəqəmsallaşdırılması, prosesdə iştirak edən bütün subyektlər üçün açıq olması şəffaflığın artmasına, neqativ halların baş vermə ehtimalının tam şəkildə aradan qaldırılmasına və qurumlararası koordinasiyanın güclənməsinə imkan verəcəkdir. Bu addımlar Rəqəmsal İnkişaf Konsepsiyasında vurğulandığı kimi dövlət-bələdiyyə xidmətlərinin daha şəffaf, səmərəli və “vətəndaşa dost” olmasını təmin edəcəkdir.

Bununla bağlı bir neçə təklifimi millət vəkillərinin və tədbir iştirakçılarının diqqətinə çatdırmaq istəyirəm:

1.     Bələdiyyələrin əraziləri və mülkiyyətlərinə verilən torpaq sahələri barədə məlumatların bələdiyyələrin vahid informasiya sisteminə ötürülməsi və aktuallığının təmin edilməsi;

2.     Ədliyyə Nazirliyi əmlakın qiymətləndirilməsi üçün süni intellektə əsaslanan çox faydalı portal istifadəyə verib. Bu portalın funksionallığının genişləndirilməsi və alqı-satqı əqdləri üzrə torpaq sahələrinin orta qiymətlərinin burada əlçatan formada yerləşdirilməsi;

3.     Qiymətləndiricilərin hesabatlarının Qiymətləndiricilər Palatasının informasiya sistemi üzərindən bələdiyyələrə ötürülməsi. Bu Palataya imkan verəcək ki, qiymətləndiricilərin fəaliyyətini ölçə bilsin, mümkün neqativ halların qarşısını alsın, həmçinin vətəndaşın və müvafiq qurumların bu proseslərin monitorinqinə şərait yaratsın.


Rəylər

0 Rəy


Rəy yaz