Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

21-09-2026 , 21:01

130

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Anar İsmayılov: Görülən tədbirlər vətəndaşların bələdiyyəyə olan etimadının artırılmasına xidmət edir

“Mingəçevir bələdiyyəsində əmlak vergisinin yığılması istiqamətində həyata keçirilən tədbirlər və aparılan işlər nəticəsində son illərin müvafiq dövrləri ilə müqayisədə əhəmiyyətli artım əldə olunub”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Anar İsmayılov deyib.

Sədr qeyd edib ki, 2024-cü ilin ilk 8 ayında Mingəçevir bələdiyyəsi üzrə 12.965 manat, 2025-ci ilin ilk 8 ayında 23.012 manat, 2026-cı ilin ilk 8 ayında isə 82.098 manat əmlak vergisi yığılıb.

Müvafiq göstəricilərin müqayisəsi yığım dinamikasında nəzərə çarpacaq artımın olduğunu göstərir. 2025-ci ilin ilk 8 ayında əmlak vergisi üzrə yığım 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10.046 manat və ya 77,46 faiz artıb. 2026-cı ilin ilk 8 ayında isə 2025-ci ilin eyni dövrü ilə müqayisədə yığım 59.086 manat və ya 256,77 faiz artaraq 3,57 dəfə yüksəlib.

Beləliklə, 2026-cı ilin ilk 8 ayında əmlak vergisi üzrə yığım 2024-cü ilin eyni dövrü ilə müqayisədə 69.132 manat və ya 533,38 faiz artaraq 6,33 dəfə çox olub.

Sədr deyib ki, Mingəçevir bələdiyyəsi tərəfindən əmlak vergisi üzrə yığımın artırılması ilə yanaşı, əsas diqqət vətəndaşların vergi öhdəliklərini könüllü və vaxtında yerinə yetirməsinin təmin olunmasına yönəldilir. Bu baxımdan əmlak vergisinin mahiyyəti, əhəmiyyəti və vaxtında ödənilməsinin vacibliyi barədə əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilib.

Bu gün vətəndaşlara yalnız vergi bildirişlərinin göndərilməsi kifayət deyil. Əmlak vergisi ödənişlərinin bələdiyyənin fəaliyyətinin maliyyələşdirilməsindəki rolu, ödənişlərin vaxtında həyata keçirilməsinin əhəmiyyəti barədə mütəmadi məlumatlandırma işlərinin aparılması vətəndaşların vergi intizamının gücləndirilməsinə mühüm töhfə verə bilər.

Əmlak vergisi üzrə inzibati proseslərin daha səmərəli təşkili məqsədilə məlumat bazalarının dəqiqliyinin və aktuallığının təmin edilməsi də diqqətdə saxlanılır. Xüsusilə Dövlət Sosial Müdafiə Fondundan əldə olunan məlumatların bələdiyyənin informasiya sistemi ilə daha səmərəli inteqrasiyasına ehtiyac olduğu bildirilir.

Mövcud vəziyyətdə bəzi hallarda vətəndaşlar pensiyaçı olduqlarını təsdiq edən müvafiq arayışı təqdim edir, bəzi hallarda isə bu məlumatın bələdiyyədə artıq mövcud olduğunu düşünərək sənəd təqdim etmirlər. Bu kimi hallar borcun icra və probasiya mərhələsinə yönəldilməsindən sonra əlavə məsələlərin yaranmasına və xidmət prosesinin ləngiməsinə səbəb ola bilir.

Bələdiyyə tərəfindən qarşıya qoyulan əsas məqsədlərdən biri məcburi icra mexanizmlərinə müraciətlərin artırılması deyil, vətəndaşlarda əmlak vergisini öz təşəbbüsləri ilə və vaxtında ödəmək vərdişinin formalaşdırılmasıdır.

Bu istiqamətdə digər mühüm təklif daşınmaz əmlakın alqı-satqısı zamanı əmlak vergisi üzrə mövcud borcların nəzərə alınması ilə bağlı qanunvericilik mexanizminin təkmilləşdirilməsidir.

Hazırda daşınmaz əmlakın alqı-satqısı zamanı kommunal ödənişlər üzrə borcların həlli ilə bağlı mexanizmlərin mövcudluğu nəzərə alınaraq, əmlak vergisi üzrə borcların da bu prosesə inteqrasiya edilməsi yığımın artırılmasına və borcların vaxtında ödənilməsinə mühüm töhfə verə bilər.

Bu məqsədlə “ASAN xidmət” mərkəzlərində bələdiyyə əmlak vergisi üzrə ayrıca xidmət pəncərəsinin yaradılması və ya notariat, “ASAN xidmət” və bələdiyyənin informasiya sistemləri arasında elektron inteqrasiyanın təmin edilməsi təklif edirik.

Belə bir mexanizmin qanunvericiliklə müəyyən edilməsi daşınmaz əmlakın alqı-satqısı zamanı mövcud əmlak vergisi borcunun operativ şəkildə müəyyənləşdirilməsinə və ödənilməsinə imkan yarada bilər.

Anar İsmayılov  hesab edir ki, məlumat bazalarının təkmilləşdirilməsi, aidiyyəti qurumlar arasında elektron məlumat mübadiləsinin genişləndirilməsi, əhali arasında maarifləndirmə tədbirlərinin gücləndirilməsi və qanunvericilik mexanizmlərinin təkmilləşdirilməsi əmlak vergisi üzrə yığımın daha da artırılmasına şərait yarada bilər.

Görülən tədbirlər nəticə etibarilə vergi intizamının gücləndirilməsinə, borcların vaxtında ödənilməsinə, xidmət proseslərinin sürətləndirilməsinə və vətəndaşların bələdiyyəyə olan etimadının artırılmasına xidmət edir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər