Fəaliyyətimiz şəffaflıq, hesabatlılıq və vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edir
Azərbaycan Respublikasında yerli özünüidarəetmə institutunun inkişafı və fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən ardıcıl islahatlar bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılmasına, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, vətəndaş məmnunluğunun təmin edilməsinə və sosial yönümlü layihələrin daha geniş miqyasda icrasına əlverişli şərait yaratmışdır.
Sahil bələdiyyəsi də hesabat dövründə fəaliyyətini
Azərbaycan Respublikasının Konstitusiyasına, "Bələdiyyələrin statusu
haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında",
Vergi Məcəlləsinə və digər normativ-hüquqi aktların tələblərinə uyğun quraraq,
yerli əhəmiyyətli məsələlərin həlli, sosial müdafiə tədbirlərinin həyata
keçirilməsi, şəhid ailələri, qazilər, aztəminatlı ailələr və ahıllara dəstəyin
göstərilməsi, qəsəbənin abadlaşdırılması və əhalinin müraciətlərinin operativ həlli
istiqamətində məqsədyönlü fəaliyyətini davam etdirmişdir.
Azərbaycan Respublikasında 2026-cı ilin "Şəhərsalma
və memarlıq ili" elan olunması ilə əlaqədar təsdiq edilmiş Tədbirlər
Planına uyğun olaraq Sahil qəsəbəsi ərazisində abadlıq və təmizlik işləri
genişləndirilmiş, Bakı–Ələt (Qazax) avtomobil yolunun Sahil qəsəbəsindən keçən
hissəsində yerləşən, ümumi sahəsi təxminən 4000 kv.m olan daş hasarın əsaslı təmiri və rənglənməsi
işləri həyata keçirilmişdir.
Bələdiyyənin təşəbbüsü və sahibkarların dəstəyi ilə
müqəddəs Qurban bayramı münasibətilə 50 aztəminatlı ailəyə ərzaq bağlamaları və
bayram sovqatları təqdim edilmişdir. Eyni zamanda 26 İyun – Azərbaycan
Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Vətən müharibəsində qəhrəmancasına
şəhid olmuş igidlərimizin ailələri ziyarət olunmuş, onların sosial vəziyyəti,
qayğı və problemləri ilə yaxından maraqlanılmış, ehtiyaclarının həlli istiqamətində
müvafiq tədbirlər görülmüşdür.
Hesabat dövründə sosial müdafiə tədbirləri çərçivəsində
aztəminatlı ailələrə, şəhid ailələrinə və digər həssas sosial qruplara maddi və
mənəvi dəstək göstərilmiş, onların müraciətlərinə operativ baxılmış və mövcud
imkanlar çərçivəsində problemlərinin həllinə köməklik edilmişdir.
Cari ilin ilk altı ayı ərzində Sahil bələdiyyəsi tərəfindən
8 ümumi iclas keçirilmiş, qəbul edilmiş qərarlar və protokollar
qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə
Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin informasiya sisteminə vaxtında
daxil edilmişdir.
Hesabat dövründə müxtəlif dövlət qurumlarından və təşkilatlardan
bələdiyyəyə 46 rəsmi məktub daxil olmuş, 100 məktub göndərilmiş, həmçinin 4
yazılı müraciətə və digər sənədlərə qanunvericiliyin tələblərinə uyğun
baxılaraq əsaslandırılmış cavablar verilmişdir.
Bələdiyyə sədri tərəfindən ümumilikdə 126 vətəndaş
qəbul edilmiş, qəbul zamanı vətəndaşların, şəhid ailələrinin və qəsəbə sakinlərinin
sosial-məişət, torpaq, mülkiyyət, kommunal və digər yerli əhəmiyyətli məsələlərlə
bağlı müraciətləri dinlənilmiş, qaldırılan problemlərin araşdırılması və həlli
istiqamətində aidiyyəti tədbirlər görülmüşdür.
Bələdiyyə büdcəsinin gəlirlərinin formalaşdırılması
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və "Bələdiyyələrin maliyyəsinin
əsasları haqqında" Qanunun tələblərinə uyğun həyata keçirilmişdir. Yerli
vergi və ödənişlərin vaxtında yığılması məqsədilə vergi ödəyiciləri arasında
maarifləndirmə tədbirləri davam etdirilmiş, onlara qanunvericiliyin tələbləri
izah olunmuş, şifahi və yazılı xəbərdarlıqlar edilmişdir.
Bununla yanaşı, vergi öhdəliklərini müəyyən olunmuş
müddətdə yerinə yetirməyən 31 vergi ödəyicisi barəsində inzibati aktlar tərtib
edilərək borcların məcburi qaydada tutulması məqsədilə aidiyyəti icra orqanına
göndərilmişdir.
Hesabat dövründə bələdiyyənin maliyyə intizamının
möhkəmləndirilməsi, yerli büdcə gəlirlərinin artırılması və büdcə vəsaitlərindən
səmərəli istifadə olunması istiqamətində zəruri tədbirlər ardıcıl şəkildə davam
etdirilmişdir.
Hesabat dövründə bələdiyyə büdcəsinə ümumilikdə -
72.400 manat məbləğində daxil olmuş gəlirlər aşağıdakı mənbələr hesabına
formalaşmışdır:
Fiziki şəxslərdən
torpaq vergisi – 7.240 manat;
Fiziki şəxslərdən
əmlak vergisi – 65160 manat.
Hesabat dövrü ərzində
yerli büdcəyə daxil olmuş vəsaitlər qanunvericiliyin tələblərinə uyğun olaraq
aşağıdakı istiqamətlər üzrə xərclənmişdir:
Bələdiyyə
qulluqçularının əmək haqlarının ödənilməsinə – 39048 manat;
Dövlət Sosial
Müdafiə Fonduna məcburi sosial sığorta ayırmalarına – 10152 manat;
Təsərrüfat
mallarının, dəftərxana ləvazimatlarının və digər zəruri inventarların
alınmasına – 3800 manat;
Kommunal xidmətlərin,
rabitə və telefon xərclərinin ödənilməsinə –1500 manat;
Sosial
yardımlara – 5900 manat
Dəfn və yas mərasimlərinin
təşkilinə -7000 manat
Sair xərclər-5000
manat
Hesabat dövründə həyata keçirilən tədbirlər nəticəsində
bələdiyyənin maliyyə sabitliyinin qorunması, yerli büdcə gəlirlərinin
artırılması, vergi və ödənişlərin yığımının yaxşılaşdırılması, vəsaitlərin təyinatı
üzrə səmərəli istifadəsi təmin edilmişdir. Eyni zamanda şəffaflıq, hesabatlılıq
və vətəndaş məmnunluğunun yüksəldilməsi bələdiyyənin fəaliyyətinin əsas
prioritet istiqamətləri kimi diqqət mərkəzində saxlanılmışdır.
Sahil bələdiyyəsi qarşıdakı dövrdə də yerli büdcə gəlirlərinin
artırılması, vergi bazasının genişləndirilməsi, sosial müdafiə tədbirlərinin
davam etdirilməsi, qəsəbədə abadlıq və infrastruktur layihələrinin həyata
keçirilməsi, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və
yerli özünüidarəetmə prinsiplərinin daha da təkmilləşdirilməsi istiqamətində fəaliyyətini
ardıcıl şəkildə davam etdirəcəkdir. Bu məqsədlə dövlət qurumları, sahibkarlar və
qəsəbə sakinləri ilə əməkdaşlığın genişləndirilməsi, yeni sosial layihələrin həyata
keçirilməsi və vətəndaşların rifahının yüksəldilməsinə xidmət edən tədbirlərin
icrası daim diqqət mərkəzində saxlanılacaqdır.
Ramil Hüseynov
Qaradağ
rayonu, Sahil bələdiyyəsinin sədri
Rəylər
0 Rəy