Yerli özünüidarəetmənin gücləndirilməsi Heydər Əliyev siyasətinin ayrılmaz hissəsidir
Bu gün biz təkcə bir tarix şəxsiyyətini yad etmirik – Azərbaycan dövlətçiliyinin sütununu, müasir Azərbaycanın memarını, xalqın qəlbində daim yaşayan yenilməz lideri xatırlayırıq. Heydər Əliyevin zəngin siyasi irsi, dövlətçilik məktəbi və müdrik liderlik fəlsəfəsi bu gün də ölkəmizin inkişaf xəttini müəyyən edən başlıca ideoloji dayaqlardan biridir.
Ulu Öndər deyirdi: “Müstəqilliyi qorumaq əldə etməkdən daha
çətindir.” Bu kəlam bu gün də bütün dövlət idarəçiliyinin əsas prinsipinə
çevrilmişdir. Onun uzaqgörənliklə yaratdığı güclü dövlət sistemi, iqtisadi əsaslar,
beynəlxalq münasibətlərdə formalaşdırdığı strateji xətt Azərbaycanı regionun
liderinə çevirən həlledici amillər olmuşdur. Ötən onilliklər ərzində ölkəmizin
davamlı inkişafı məhz bu möhkəm təməlin üzərində qurulmuşdur.
Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi: “Heydər
Əliyev ideyaları bu gün də Azərbaycanı irəli aparan, ölkəmizin uğurlarını təmin
edən ideyalardır.” Məhz həmin ideyalar milli həmrəyliyi gücləndirmiş, Azərbaycan
xalqını böyük tarixi qələbələrə aparmışdır. Ali Baş Komandanın rəhbərliyi ilə
Müzəffər Ordumuzun qazandığı şanlı Zəfər Heydər Əliyev siyasətinin ən böyük təntənəsi,
uzaqgörənliklə qoyulmuş siyasi xəttin zirvəsi oldu.
Bu gün biz Ulu Öndərin anım gününü qeyd edərkən, həm də onun
davamçıları kimi məsuliyyətimizi qiymətləndiririk. Yerli özünüidarəetmənin gücləndirilməsi,
əhalinin rifahına xidmət edən layihələrin icrası, bölgələrimizin inkişafının
sürətləndirilməsi Heydər Əliyev siyasətinin ayrılmaz hissəsidir. Ulu Öndərin
“Xalq dövlət üçün deyil, dövlət xalq üçündür” prinsipinə əsaslanaraq, bələdiyyə
olaraq fəaliyyətimizin mərkəzinə məhz vətəndaşların məmnunluğunu, sosial
rifahını və rahatlığını qoyuruq.
Ali Baş Komandanın sözləri ilə desək: “Biz Heydər Əliyev
yolunu qətiyyətlə davam etdiririk və bu yol bizi daha böyük uğurlara aparacaq.”
Bu strateji xətt bütün idarəetmə strukturlarının fəaliyyətinə yön verən əsas
istiqamətdir və biz bu yolda var gücümüzlə çalışmağa davam edəcəyik.
Bu gün Ulu Öndərin əziz xatirəsi qarşısında dərin ehtiramla
baş əyir, onun müdrik irsinin gələcək nəsillər üçün daim yol göstərən mayak
olacağına inamımızı ifadə edirik. Heydər Əliyev xalqın yaddaşında əbədi
yaşayacaqdır.
Allah Rəhmət Eləsin...
İsmayıl Rəsulov
Ağcabədi Bələdiyyəsinin sədri
Rəylər
0 Rəy