Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-11-2026 , 19:09

159

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Hacı Əliyev: “Səbail Bələdiyyəsində büdcə gəlirlərinin artırılması və maliyyə dayanıqlığının gücləndirilməsi əsas prioritetlərdəndir”

Səbail Bələdiyyəsində 2027-ci il üzrə büdcə layihəsinin hazırlanması, maliyyə resurslarından səmərəli istifadə olunması və yerli büdcənin gəlir imkanlarının genişləndirilməsi istiqamətində məqsədyönlü işlər həyata keçirilir.

Bu barədə Səbail Bələdiyyəsinin sədri Hacı Əliyev bildirib.

Onun sözlərinə görə, büdcə planlaşdırılmasının əsas məqsədi bələdiyyənin maliyyə dayanıqlığını gücləndirmək, əhalinin sosial rifahına xidmət edən layihələrin həyata keçirilməsini təmin etmək, eləcə də ərazidə abadlıq və quruculuq işlərini davam etdirməkdir.

Hacı Əliyev qeyd edib ki, 2027-ci il üzrə büdcə layihəsinin hazırlanması zamanı ərazidə abadlıq və quruculuq işlərinin aparılması, yolların və səkilərin təmiri, kommunal və sosial yönümlü tədbirlərin maliyyələşdirilməsi, aztəminatlı ailələrə sosial dəstəyin göstərilməsi, habelə bələdiyyənin fəaliyyətinin təmin olunması əsas xərc istiqamətləri kimi nəzərdə tutulur.

Bələdiyyə sədri vurğulayıb ki, yerli büdcə gəlirlərinin artırılması məqsədilə vergi bazasının genişləndirilməsi, mövcud vergi və ödənişlər üzrə uçot sisteminin təkmilləşdirilməsi, vergi ödəyiciləri ilə işin gücləndirilməsi və müasir texnologiyaların tətbiqi istiqamətində tədbirlər davam etdirilir.

O bildirib ki, 2025-ci ilin və 2026-cı ilin ilk on ayının büdcə göstəricilərinin müqayisəli təhlili gəlirlərin artım dinamikasının qorunduğunu göstərir. Belə ki, 2025-ci ilin yanvar–oktyabr aylarında büdcə gəlirləri 1.307.231 manat, 2026-cı ilin müvafiq dövründə isə 1.383.801 manat təşkil edib. Nəticədə büdcə daxilolmaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 76 569 manat və ya 5,86 faiz artıb.

“Büdcə gəlirlərinin əsas hissəsi fiziki şəxslərin əmlak və torpaq vergiləri, mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişlər, nəqliyyat vasitələrinin dayanacaqlarından daxilolmalar, bələdiyyə mülkiyyətinin icarəsindən əldə olunan vəsaitlər və digər yerli gəlir mənbələri hesabına formalaşır. Xüsusilə əmlak və torpaq vergiləri üzrə daxilolmalarda müşahidə olunan artım ümumi büdcə göstəricilərinə müsbət təsir göstərir”, – deyə Hacı Əliyev bildirib.

Bələdiyyə sədri vergi və digər ödənişlərin yığımının daha səmərəli təşkilində rəqəmsal texnologiyaların əhəmiyyətini də diqqətə çatdırıb. Onun sözlərinə görə, Bələdiyyələrin Vahid İnformasiya Siteminin (BVİS) imkanlarından geniş istifadə olunur. Eyni zamanda, elektron icra proqramının tətbiqi vergi öhdəliklərinin izlənilməsinə, borcların ödənilməsi ilə bağlı tədbirlərin operativ həyata keçirilməsinə və büdcə daxilolmalarının artırılmasına müsbət təsir göstərir.

Hacı Əliyev vurğulayıb ki, qarşıdakı dövrdə də Səbail Bələdiyyəsinin əsas hədəfi yerli büdcənin gəlir potensialını gücləndirmək, maliyyə resurslarının səmərəli idarə olunmasını təmin etmək və əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş layihələrin icrasını davam etdirməkdir.

“Bizim əsas məqsədimiz mövcud maliyyə imkanlarından düzgün və səmərəli istifadə etməklə bələdiyyənin fəaliyyətinin daha da təkmilləşdirilməsinə, ərazidə abadlıq və quruculuq işlərinin genişləndirilməsinə, sakinlərin sosial rifahının yüksəldilməsinə töhfə verməkdir”, – deyə bələdiyyə sədri əlavə edib.

Belediyye.info 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər