Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-11-2026 , 00:30

114

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bələdiyyə torpaqlarının idarə olunması: mövcud problemləri  və həll yolları: CİDDİ 

Bələdiyyələrin dayanıqlı inkişafı, yerli əhəmiyyətli məsələlərin həlli və sakinlərin rifahının yüksəldilməsi, ilk növbədə, onların mülkiyyətində olan torpaq və digər əmlak resurslarından səmərəli istifadə edilməsindən asılıdır. Bu baxımdan bələdiyyə torpaqlarının hüquqi statusunun müəyyənləşdirilməsi, qorunması və qanunvericiliyə uyğun idarə olunması xüsusi əhəmiyyət kəsb edir.

Boradigah bələdiyyəsinin qarşılaşdığı əsas çətinliklərdən biri mülkiyyətində olan bəzi torpaq sahələrinin sənədləşdirilməsi və qanuni əsaslarla icarəyə verilməsi prosesində yaranan ziddiyyətlərdir.

Belə ki, əvvəlki dövrlərə aid xəritələrdə həmin ərazilər örüş və ya icarəyə verilməsi məhdudlaşdırılan digər təyinatlı torpaq sahələri kimi göstərildiyi halda, hazırkı xəritələrdə bələdiyyə mülkiyyətində olan çoxillik əkmələr kateqoriyasına aid edilir. Bununla yanaşı, əvvəlki xəritələrdə örüş sahələri kimi qeyd olunan ərazilərin faktiki yerləşməsi ilə mövcud vəziyyət arasında da uyğunsuzluqlar müşahidə olunur.

Bu fərqlər torpaqların hüquqi statusunun müəyyənləşdirilməsini, mülkiyyət hüququnun rəsmiləşdirilməsini və gələcəkdə qanuni icarə münasibətlərinin qurulmasını çətinləşdirir. Bələdiyyə olaraq məsələnin həlli üçün müvafiq hazırlıq işləri aparsaq da, əvvəlki xəritələrdəki təyinatların əsas götürülməsi səbəbindən prosesin irəliləməsində maneələrlə qarşılaşırıq.

Mövcud vəziyyətin diqqətçəkən tərəfi ondan ibarətdir ki, bələdiyyə mülkiyyətində olan bəzi torpaq sahələrindən ayrı-ayrı şəxslər faktiki olaraq istifadə etsələr də, həmin istifadənin hüquqi çərçivəyə salınması və torpaqların səmərəli idarə olunması mümkün olmur. Halbuki bu ərazilər həm kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan, həm də torpaq sahəsinə ehtiyacı olan yerli sakinlər üçün mühüm təsərrüfat və sosial əhəmiyyət daşıyır.

Nəzərə almaq lazımdır ki, bələdiyyələrdən yerli inkişaf, abadlıq və sosial problemlərin həlli istiqamətində mühüm vəzifələrin icrası tələb olunur. Lakin bu vəzifələrin yerinə yetirilməsi üçün onların real maliyyə, maddi-texniki və insan resurslarına malik olması da vacibdir. Bələdiyyə torpaqlarının hüquqi baxımdan rəsmiləşdirilməsi və şəffaf, qanuni mexanizmlərlə icarəyə verilməsi yerli büdcə gəlirlərinin artırılmasına, həmin vəsaitlərin infrastrukturun yaxşılaşdırılmasına, abadlıq işlərinə və digər ictimai əhəmiyyətli layihələrə yönəldilməsinə şərait yarada bilər.

Bu baxımdan aidiyyəti dövlət qurumlarından gözləntimiz əvvəlki və mövcud xəritələrin qarşılıqlı müqayisə əsasında ətraflı araşdırılması, torpaq sahələrinin faktiki vəziyyətinin yerində qiymətləndirilməsi, təyinat və hüquqi statusla bağlı uyğunsuzluqların aradan qaldırılmasıdır. Eyni zamanda, bələdiyyə mülkiyyətində olan torpaqların sənədləşdirilməsi və qanunvericiliyin tələblərinə uyğun icarəyə verilməsi üçün zəruri hüquqi və institusional dəstəyin göstərilməsini vacib hesab edirik.

Bizim məqsədimiz sadəcə torpaq sahələrini icarəyə vermək deyil. Əsas hədəf bələdiyyə mülkiyyətinin qorunması, torpaq ehtiyatlarının qanuni, şəffaf və səmərəli idarə olunması, bu resurslardan əldə edilən gəlirlərin isə birbaşa yerli əhalinin mənafeyinə xidmət etməsidir.

Unutmaq olmaz ki, güclü və fəaliyyət qabiliyyətli bələdiyyə yalnız üzərinə qoyulan məsuliyyətlə deyil, həmin məsuliyyəti yerinə yetirmək üçün yaradılan hüquqi, maliyyə və institusional imkanlarla formalaşır. Bələdiyyələrin inkişafını istəyiriksə, onların mövcud problemlərinin həllinə də real dəstək göstərilməlidir.

Tünzalə Qardaşova

Masallı rayonu, Boradigah bələdiyyəsinin sədri

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər