Bələdiyyə torpaqlarının idarə olunması: mövcud problemləri və həll yolları: CİDDİ
Bələdiyyələrin dayanıqlı inkişafı, yerli əhəmiyyətli məsələlərin həlli və sakinlərin rifahının yüksəldilməsi, ilk növbədə, onların mülkiyyətində olan torpaq və digər əmlak resurslarından səmərəli istifadə edilməsindən asılıdır. Bu baxımdan bələdiyyə torpaqlarının hüquqi statusunun müəyyənləşdirilməsi, qorunması və qanunvericiliyə uyğun idarə olunması xüsusi əhəmiyyət kəsb edir.
Boradigah bələdiyyəsinin qarşılaşdığı əsas çətinliklərdən
biri mülkiyyətində olan bəzi torpaq sahələrinin sənədləşdirilməsi və qanuni əsaslarla
icarəyə verilməsi prosesində yaranan ziddiyyətlərdir.
Belə ki, əvvəlki dövrlərə aid xəritələrdə həmin ərazilər
örüş və ya icarəyə verilməsi məhdudlaşdırılan digər təyinatlı torpaq sahələri
kimi göstərildiyi halda, hazırkı xəritələrdə bələdiyyə mülkiyyətində olan
çoxillik əkmələr kateqoriyasına aid edilir. Bununla yanaşı, əvvəlki xəritələrdə
örüş sahələri kimi qeyd olunan ərazilərin faktiki yerləşməsi ilə mövcud vəziyyət
arasında da uyğunsuzluqlar müşahidə olunur.
Bu fərqlər torpaqların hüquqi statusunun müəyyənləşdirilməsini,
mülkiyyət hüququnun rəsmiləşdirilməsini və gələcəkdə qanuni icarə münasibətlərinin
qurulmasını çətinləşdirir. Bələdiyyə olaraq məsələnin həlli üçün müvafiq
hazırlıq işləri aparsaq da, əvvəlki xəritələrdəki təyinatların əsas götürülməsi
səbəbindən prosesin irəliləməsində maneələrlə qarşılaşırıq.
Mövcud vəziyyətin diqqətçəkən tərəfi ondan ibarətdir ki, bələdiyyə
mülkiyyətində olan bəzi torpaq sahələrindən ayrı-ayrı şəxslər faktiki olaraq
istifadə etsələr də, həmin istifadənin hüquqi çərçivəyə salınması və
torpaqların səmərəli idarə olunması mümkün olmur. Halbuki bu ərazilər həm kənd
təsərrüfatı fəaliyyəti ilə məşğul olan, həm də torpaq sahəsinə ehtiyacı olan
yerli sakinlər üçün mühüm təsərrüfat və sosial əhəmiyyət daşıyır.
Nəzərə almaq lazımdır ki, bələdiyyələrdən yerli inkişaf,
abadlıq və sosial problemlərin həlli istiqamətində mühüm vəzifələrin icrası tələb
olunur. Lakin bu vəzifələrin yerinə yetirilməsi üçün onların real maliyyə,
maddi-texniki və insan resurslarına malik olması da vacibdir. Bələdiyyə
torpaqlarının hüquqi baxımdan rəsmiləşdirilməsi və şəffaf, qanuni mexanizmlərlə
icarəyə verilməsi yerli büdcə gəlirlərinin artırılmasına, həmin vəsaitlərin
infrastrukturun yaxşılaşdırılmasına, abadlıq işlərinə və digər ictimai əhəmiyyətli
layihələrə yönəldilməsinə şərait yarada bilər.
Bu baxımdan aidiyyəti dövlət qurumlarından gözləntimiz əvvəlki
və mövcud xəritələrin qarşılıqlı müqayisə əsasında ətraflı araşdırılması,
torpaq sahələrinin faktiki vəziyyətinin yerində qiymətləndirilməsi, təyinat və
hüquqi statusla bağlı uyğunsuzluqların aradan qaldırılmasıdır. Eyni zamanda, bələdiyyə
mülkiyyətində olan torpaqların sənədləşdirilməsi və qanunvericiliyin tələblərinə
uyğun icarəyə verilməsi üçün zəruri hüquqi və institusional dəstəyin göstərilməsini
vacib hesab edirik.
Bizim məqsədimiz sadəcə torpaq sahələrini icarəyə vermək
deyil. Əsas hədəf bələdiyyə mülkiyyətinin qorunması, torpaq ehtiyatlarının
qanuni, şəffaf və səmərəli idarə olunması, bu resurslardan əldə edilən gəlirlərin
isə birbaşa yerli əhalinin mənafeyinə xidmət etməsidir.
Unutmaq olmaz ki, güclü və fəaliyyət qabiliyyətli bələdiyyə
yalnız üzərinə qoyulan məsuliyyətlə deyil, həmin məsuliyyəti yerinə yetirmək
üçün yaradılan hüquqi, maliyyə və institusional imkanlarla formalaşır. Bələdiyyələrin
inkişafını istəyiriksə, onların mövcud problemlərinin həllinə də real dəstək
göstərilməlidir.
Tünzalə Qardaşova
Masallı rayonu, Boradigah bələdiyyəsinin sədri
Rəylər
0 Rəy