Tural Ağammədov: “Torpaq sahələrinin satış qiymətlərinin süni şəkildə artırılması alıcılar üçün əlavə maliyyə yükü yaradır.”
Masallı bələdiyyəsində növbəti ilin büdcə layihəsinin müzakirəsi aparılıb. Qarşıdakı dövrdə əsas diqqətin bələdiyyə yollarının saxlanılmasına, sosial yardımların göstərilməsinə və ərazidə abadlıq işlərinin davam etdirilməsinə yönəldilməsi nəzərdə tutulur. Eyni zamanda, büdcə gəlirlərinin artırılması, vergi inzibatçılığının təkmilləşdirilməsi, əmlak və torpaq sahələrinin uçotunun dəqiqləşdirilməsi istiqamətində yeni yanaşmalar müzakirə edilir.
2026-cı
ilin yanvar-oktyabr ayları üzrə büdcə daxilolmalarının ötən ilin eyni dövrü ilə
müqayisəsi də diqqətçəkən nəticələr ortaya qoyur. Belə ki, torpaq və əmlak
vergisi, mehmanxana ödənişləri, eləcə də icarə haqları üzrə daxilolmalarda əhəmiyyətli
artım qeydə alınıb.
Mövzu ilə
bağlı Masallı bələdiyyəsinin sədri Tural Ağammədovla söhbət etdik.
– Tural müəllim,
ilk növbədə bilmək istərdik, növbəti ilin büdcə layihəsinin müzakirəsi
keçirilibmi? Qarşıdakı il üçün hansı istiqamətlər əsas prioritet kimi müəyyənləşdirilib?
– Bəli,
Masallı bələdiyyəsində növbəti ilin büdcə layihəsinin müzakirəsi aparılıb. Büdcənin
hazırlanması zamanı ilk növbədə ərazinin mövcud ehtiyacları, sakinlərin müraciətləri
və bələdiyyənin üzərinə düşən vəzifələr nəzərə alınır. Bizim üçün əsas məsələ
maliyyə vəsaitlərinin düzgün planlaşdırılması və mövcud imkanlardan səmərəli
istifadə edilməsidir.
Növbəti
ildə də bir neçə istiqaməti əsas fəaliyyət prioritetimiz kimi müəyyənləşdirmişik.
Bunlardan birincisi bələdiyyə yollarının saxlanılması və onların vəziyyətinin
yaxşılaşdırılmasıdır. Yol infrastrukturu sakinlərin gündəlik həyatına birbaşa təsir
göstərən sahədir. Buna görə də yolların təmirə ehtiyacı olan hissələrinin müəyyənləşdirilməsi,
mövcud yolların saxlanılması və imkanlar daxilində abadlaşdırılması diqqət mərkəzində
olacaq.
İkinci
mühüm istiqamət sosial yardımlardır. Bələdiyyə olaraq aztəminatlı ailələrin,
sosial müdafiəyə ehtiyacı olan şəxslərin müraciətlərinə həssas yanaşırıq.
İmkanlarımız çərçivəsində bu kateqoriyadan olan sakinlərə dəstək göstərilməsi gələn
ilin büdcəsində də nəzərdə tutulan istiqamətlərdəndir.
Üçüncü
istiqamət isə abadlıq və yaşıllaşdırma işləridir. Yaşayış mühitinin
yaxşılaşdırılması, ərazilərin səliqə-sahmana salınması və ictimai məkanların
daha əlverişli vəziyyətə gətirilməsi daim diqqət tələb edən məsələlərdir.
Təbii ki,
bütün bu işlərin həyata keçirilməsi büdcənin real maliyyə imkanlarından
asılıdır. Ona görə də xərclərin planlaşdırılmasında həm zəruriliyi, həm də əhalinin
gündəlik ehtiyaclarına təsiri əsas götürülür.
– Növbəti
il üçün büdcə gəlirlərinin hansı həcmdə olacağını proqnozlaşdırırsınız?
– İlkin
hesablamalarımıza əsasən, gələn il büdcə gəlirlərinin təxminən 400 min manat
civarında olmasını planlaşdırırıq. Bu, hazırkı proqnozlara əsaslanan göstəricidir
və gəlirlərin faktiki həcmi il ərzində daxilolmaların səviyyəsindən asılı
olacaq.
Burada
vacib məqam ondan ibarətdir ki, büdcə gəlirlərinin artırılması sadəcə rəqəmlərin
yüksəlməsi demək deyil. Bu, bələdiyyənin öz səlahiyyətləri çərçivəsində daha
çox məsələyə maliyyə ayırması, sosial ehtiyaclara daha geniş dəstək göstərməsi
və ərazidə abadlıq işlərini genişləndirməsi üçün əlavə imkanların yaranmasıdır.
Biz
çalışırıq ki, gəlirlərin formalaşdırılması ilə xərclərin planlaşdırılması
arasında düzgün tarazlıq yaradaq. Büdcə nə qədər real və əsaslandırılmış
proqnozlar üzərində qurularsa, il ərzində qarşıya qoyulan vəzifələrin icrası da
bir o qədər səmərəli olar.
– Bəs büdcə
gəlirlərinin artırılması üçün hansı addımların atılması nəzərdə tutulur? Bu
istiqamətdə hansı məsələlər müzakirə edilib?
– Büdcə gəlirlərinin
artırılması bizim üçün mühüm vəzifələrdən biridir. Çünki bələdiyyənin maliyyə
imkanları genişləndikcə əhaliyə göstərilən xidmətlərin keyfiyyətini yüksəltmək
və yerli əhəmiyyətli məsələlərin həllinə daha çox vəsait yönəltmək mümkün olur.
Bu istiqamətdə
iki əsas məsələ üzərində dayanmışıq.
Birincisi,
çıxarışı olan əmlak və torpaq sahələrinin bələdiyyənin müvafiq məlumat bazasına
işlənməsidir. Ərazidə mövcud olan, lakin uçot və məlumat bazalarında tam əksini
tapmayan əmlak və torpaq sahələrinin müəyyənləşdirilməsi vacibdir. Məlumatların
dəqiqləşdirilməsi vergi ödəyicilərinin uçotunun təkmilləşdirilməsinə,
vergitutma obyektlərinin düzgün müəyyənləşdirilməsinə və büdcəyə daxilolmaların
artmasına xidmət edəcək.
İkinci
istiqamət vergi yığımına nəzarətin gücləndirilməsidir. Vergi öhdəliklərinin
vaxtında və düzgün yerinə yetirilməsi üçün maarifləndirmə və nəzarət tədbirlərinin
əhəmiyyətini nəzərə alırıq. Məqsəd yalnız yığımları artırmaq deyil, eyni
zamanda vergi intizamını möhkəmləndirmək, mövcud qanunvericiliyin tələblərinə
uyğun şəffaf və sistemli uçot mexanizmi formalaşdırmaqdır.
Hesab
edirik ki, bu tədbirlər ardıcıl şəkildə həyata keçirildikdə büdcənin gəlir
bazasının möhkəmlənməsinə müsbət təsir göstərəcək.
– Gəlin,
konkret rəqəmlərə nəzər salaq. 2025-ci ilin yanvar-oktyabr ayları ilə 2026-cı
ilin eyni dövründə büdcə daxilolmaları arasında hansı fərqlər var?
– Təqdim
etdiyimiz on aylıq göstəricilərin müqayisəsi büdcə gəlirlərinin əsas mənbələri
üzrə əhəmiyyətli artımın olduğunu göstərir. Xüsusilə torpaq və əmlak vergilərindən
daxilolmalarda nəzərəçarpan yüksəliş qeydə alınıb.
Belə ki,
2025-ci ilin yanvar-oktyabr aylarında torpaq vergisi üzrə 15 min 543 manat
daxil olmuşdusa, 2026-cı ilin eyni dövründə bu rəqəm 55 min 954 manata çatıb.
Göründüyü kimi, daxilolmalar 40 min 411 manat artıb və əvvəlki ilin müvafiq
dövrü ilə müqayisədə 3,6 dəfədən çox yüksəlib.
Əmlak
vergisi üzrə də müsbət dinamika müşahidə olunur. 2025-ci ilin ilk on ayında bu
mənbədən 71 min 486 manat vəsait daxil olduğu halda, 2026-cı ilin eyni dövründə
daxilolma 117 min 360 manat təşkil edib. Beləliklə, ötən ilin müvafiq dövrü ilə
müqayisədə 45 min 874 manat və ya təxminən 64,2 faiz artım əldə olunub.
Mehmanxana
ödənişlərindən daxilolmalar da iki dəfədən çox yüksəlib. Əgər 2025-ci ilin
yanvar-oktyabr aylarında bu göstərici 2 min 311 manat idisə, cari ilin eyni
dövründə 5 min 610 manata çatıb. Bu, 3 min 299 manat və ya 142,7 faiz artım deməkdir.
İcarə
haqları üzrə daxilolmalarda da müsbət dəyişiklik var. 2025-ci ilin ilk on
ayında cəmi 256 manat təşkil edən bu göstərici 2026-cı ilin eyni dövründə 2 min
290 manata yüksəlib. Başqa sözlə, 2 min 34 manat əlavə vəsait daxil olub.
Ümumilikdə,
sadaladığımız dörd gəlir mənbəyi üzrə 2025-ci ilin yanvar-oktyabr aylarında
büdcəyə 89 min 596 manat daxil olmuşdu. 2026-cı ilin eyni dövründə isə bu məbləğ
181 min 214 manata çatıb. Beləliklə, bir il ərzində daxilolmalar 91 min 618
manat artıb. Faiz ifadəsində bu, təxminən 102,3 faiz yüksəliş deməkdir. Yəni
torpaq vergisi, əmlak vergisi, mehmanxana ödənişləri və icarə haqları üzrə büdcə
daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artıb.
Hesab edirəm
ki, bu rəqəmlər bələdiyyənin gəlir mənbələrinin genişləndirilməsi və mövcud
imkanlardan daha səmərəli istifadə istiqamətində aparılan işlərin əhəmiyyətini
göstərir. Əlbəttə, bu dinamikanı qoruyub saxlamaq və daha da yaxşılaşdırmaq
üçün qarşıdakı dövrdə də fəaliyyətimizi davam etdirməliyik.
– Xüsusilə
əmlak və torpaq vergisi üzrə artım diqqət çəkir. Bu nəticələri hansı amillərlə əlaqələndirirsiniz?
– İlk növbədə,
vergi ödəyicilərinin uçotunun dəqiqləşdirilməsi və vergi yığımına diqqətin
artırılması mühüm əhəmiyyət daşıyır. Büdcə gəlirlərinin formalaşmasında hər bir
vergi mənbəyinin öz yeri var. Əmlak və torpaq vergisi isə bələdiyyənin gəlir
bazasının əsas hissəsini təşkil edən istiqamətlərdəndir.
Bizim
yanaşmamız ondan ibarətdir ki, ərazidə mövcud olan əmlak və torpaq sahələri barədə
məlumatlar mümkün qədər dəqiq və dolğun olmalıdır. Çıxarışı olan mülkiyyət
obyektlərinin məlumat bazasına daxil edilməsi, vergi öhdəliklərinin müəyyənləşdirilməsi
və ödənişlərə nəzarətin gücləndirilməsi gəlirlərin artırılması baxımından
vacibdir.
Əldə
olunan nəticələr bu istiqamətdə işlərin əhəmiyyətini göstərir. Məsələn, torpaq
vergisi üzrə daxilolmaların bir il ərzində 40 min manatdan çox artması diqqətəlayiq
göstəricidir. Əmlak vergisində isə artım təxminən 46 min manatdır. Bu iki mənbə
üzrə ümumi artım 86 min 285 manat təşkil edir.
Beləliklə,
dörd gəlir mənbəyi üzrə qeydə alınan 91 min 618 manatlıq ümumi artımın böyük
hissəsi məhz torpaq və əmlak vergilərinin payına düşür. Bu da həmin istiqamətlərdə
aparılan uçot və yığım işlərinin bələdiyyə büdcəsi üçün nə qədər əhəmiyyətli
olduğunu bir daha ortaya qoyur.
– Bəs
mehmanxana ödənişləri və icarə haqları üzrə artımı necə qiymətləndirirsiniz?
– Bu iki
istiqamət üzrə də müsbət dinamika var. Mehmanxana ödənişlərinin 2 min 311
manatdan 5 min 610 manata yüksəlməsi həmin mənbədən daxilolmaların əhəmiyyətli
dərəcədə artdığını göstərir.
İcarə
haqları üzrə artım isə daha yüksək faizlə ifadə olunur. Əvvəlki ilin ilk on
ayında 256 manat olan daxilolma cari ilin eyni dövründə 2 min 290 manata çatıb.
Burada 2 min manatdan artıq əlavə gəlir əldə olunub.
Əlbəttə,
bu gəlir mənbələrinin ümumi büdcədəki xüsusi çəkisi torpaq və əmlak vergiləri
ilə müqayisədə azdır. Lakin hesab edirik ki, büdcənin gəlir mənbələrinin şaxələndirilməsi
də vacibdir. Hər bir istiqamət üzrə uçotun düzgün aparılması və qanunvericiliyə
uyğun daxilolmaların təmin edilməsi ümumi maliyyə imkanlarına müsbət təsir göstərir.
– Bununla
yanaşı, 2026-cı ildə bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən əldə
olunan vəsaitin ötən illə müqayisədə təxminən üç dəfə azaldığı bildirilir. Bu
azalmanın səbəbi nədir?
– Bəli, bu
istiqamətdə əvvəlki illə müqayisədə azalma müşahidə olunur. 2026-cı ildə bələdiyyə
mülkiyyətinin özgəninkiləşdirilməsindən daxil olan vəsait təxminən üç dəfə
azalıb.
Bu halın əsas
səbəblərindən biri İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti
tərəfindən torpaq sahələrinin satış qiymətlərinin artırılması ilə əlaqədardır.
Torpaq sahələrinin satış qiymətlərinin süni şəkildə alıcılar üçün əlavə maliyyə
yükü yaradır. Nəticədə satış imkanları və bu əməliyyatlardan bələdiyyə büdcəsinə
daxil olan vəsait azalır.
Burada bir
məqamı xüsusi vurğulamaq istərdim: bələdiyyə gəlirlərinin dayanıqlı şəkildə
artırılmasını yalnız torpaq və digər əmlakın özgəninkiləşdirilməsi hesabına təmin
etmək düzgün yanaşma deyil. Bizim əsas məqsədimiz müntəzəm gəlir mənbələrinin
gücləndirilməsidir. Torpaq və əmlak vergilərinin yığılması, icarə münasibətlərinin
düzgün uçotu və vergi intizamının möhkəmləndirilməsi uzunmüddətli perspektivdə
daha dayanıqlı maliyyə bazası yarada bilər.
– Deməli,
büdcənin gəlir hissəsinin artırılması ilə yanaşı, xərclərin səmərəli idarə
olunması da əsas məsələlərdən biridir. Bu baxımdan hansı prinsipləri əsas
götürürsünüz?
– Tamamilə
doğrudur. Büdcə gəlirlərinin artması vacibdir, amma həmin vəsaitlərin düzgün
istiqamətlərə yönəldilməsi də eyni dərəcədə əhəmiyyətlidir.
Biz büdcə
vəsaitlərinin istifadəsində əhalinin gündəlik ehtiyaclarını əsas götürməyə
çalışırıq. Yol təsərrüfatının saxlanılması, sosial dəstək tədbirləri və abadlıq
işləri bu baxımdan ön plandadır.
Məsələn, bələdiyyə
yollarının vəziyyəti ilə bağlı sakinlərin müraciətləri diqqətlə nəzərdən
keçirilməlidir. Hansı ərazidə daha çox ehtiyac varsa, maliyyə imkanları çərçivəsində
həmin məsələnin həllinə üstünlük verilməlidir. Eyni zamanda, sosial yardımların
göstərilməsində müraciətlərin mahiyyəti və ailələrin ehtiyacları nəzərə
alınmalıdır.
Abadlıq
işləri də yalnız görünüşün yaxşılaşdırılması kimi qiymətləndirilməməlidir. Səliqəli,
təmiz və rahat yaşayış mühitinin yaradılması əhalinin həyat keyfiyyətinə
birbaşa təsir edir.
Əsas
prinsipimiz odur ki, büdcə xərcləri real ehtiyaclara uyğun müəyyənləşdirilsin və
hər bir manatın istifadəsində səmərəlilik təmin olunsun.
– Son
olaraq, Masallı bələdiyyəsinin qarşıdakı dövr üçün əsas hədəfləri nədən ibarətdir?
– Əsas hədəfimiz
bələdiyyənin maliyyə imkanlarını genişləndirmək, gəlir mənbələrini daha düzgün
uçota almaq və bu imkanları sakinlərin ehtiyaclarının ödənilməsinə yönəltməkdir.
2026-cı
ilin ilk on ayının göstəriciləri bir sıra gəlir mənbələri üzrə müsbət
dinamikanın olduğunu göstərir. Dörd əsas istiqamət üzrə daxilolmaların 89 min
596 manatdan 181 min 214 manata yüksəlməsi bu baxımdan əhəmiyyətlidir. Lakin
biz bu nəticələrlə kifayətlənmək niyyətində deyilik. Vergi bazasının dəqiqləşdirilməsi,
yığım intizamının gücləndirilməsi və mövcud maliyyə resurslarının səmərəli idarə
olunması istiqamətində işləri davam etdirməliyik.
Gələn il
üçün təxminən 400 min manatlıq büdcə gəliri proqnozumuz da bu məqsədlərə xidmət
edir. İstəyimiz odur ki, formalaşan maliyyə imkanları real işlərdə öz əksini
tapsın: yolların saxlanılmasında, sosial ehtiyacların qarşılanmasında, ərazilərin
abadlaşdırılmasında və sakinləri narahat edən yerli məsələlərin həllində.
Bizim üçün ən vacib nəticə bələdiyyənin fəaliyyətinin insanların gündəlik həyatında müsbət dəyişiklik yaratmasıdır. Bunun üçün gəlirlərin artırılması ilə yanaşı, şəffaflıq, məsuliyyət və səmərəli idarəetmə prinsiplərini əsas tutaraq fəaliyyətimizi davam etdirəcəyik.
Belediyye.info
Rəylər
0 Rəy