Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-09-2026 , 22:00

91

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Zamanı dayandıran an  və  otuz illik səbrin sonu: 27 sentyabr dərsliyi


 Tarix  bəzən  xalqların  taleyini  elə  bir  ağır  tərəzidə  çəkir  ki,  orada  hər  saniyənin,  hər  illik  göz  yaşının  və  hər  səbr  ünvanının  dəyəri  milyardlarla  ölçülür.  Çox vaxt ədalətsizliyin tərəzi başını əydiyi anlarda səbrin kasası daşır, millət öz iradəsini  polad  bir  yumruq  kimi  düyünləyib  tarixin  axarını  dəyişməyə  məcbur  olur.

​27  sentyabr...  Bu  tarix  sadəcə  təqvim  yarpağındakı  rəqəmlərdən  ibarət  deyil;  bu,  otuz illik  həsrətin,  haqsızlığa  qarşı  üsyanın,  milli  ruhun  unudulmaz  dirçəlişinin  və  ədalətin bərqərar olduğu başlanğıc nöqtəsidir. O səhər açılan mərmi səsləri ilə Azərbaycan xalqı uzun illər üzərinə çəkilməyə çalışılan məğlubedilməzlik mifini darmadağın  etdi  və  “Qələbəyə  gedən  yol”un  ilk, qətiyyətli  addımını  atdı.  

​ Qələbəyə  gedən  yol  bir  gündə  qurulmadı.  Bu  yolun  bünövrəsində  illərin  ağrısı  ilə  yanaşı,  həm  də  yaxın  keçmişin  unudulmaz  qəhrəmanlıq  izləri  dayanırdı.   Azərbaycan  xalqının  və  ordusunun  otuz  illik  işğal  reallığı  ilə  barışmayacağını,  hər  an savaşa hazır olduğunu dünyaya göstərən ilk ciddi sınaqlardan biri 2016-cı ilin aprelində  yaşandı.

​Aprel  döyüşləri  Azərbaycan  Ordusunun  gücünü,  əsgərimizin  döyüş  əzmini  və  xalqın yumruq kimi birləşmək qabiliyyətini nümayiş etdirən parlaq  bir  hərbi-siyasi  mərhələ oldu. Cəbrayıl rayonu istiqamətində yerləşən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyinin azad edilməsi sadəcə bir hərbi uğur deyildi; bu, illərdir düşmən tapdağında qalan torpaqların  geri alına  biləcəyinin, mifik  “məğlubedilməz  səngər”  anlayışının  sadəcə  psixoloji  bir  əngəl olduğunun sübutu idi. Lələtəpə zəfəri xalqımızın  ümidini  alovlandırdı,  gənclərimizin  vətənpərvərlik  ruhunu  gücləndirdi  və  gələcək  böyük  Qələbənin  zəminini  formalaşdırdı.  Aprel  döyüşləri  sübut  etdi  ki,  Azərbaycan  əsgəri  Ali  Baş  Komandanın  əmri  ilə  hər  an  ata-baba  yurdunu  azad  etməyə  qadirdir.

 ​ Aprel  döyüşlərindən  sonra  yetişən  milli  oyanış  ruhu,  2020-ci  ilin  iyulunda  Tovuz  istiqamətində  baş  verən  döyüşlər  xalqın  səbr  kasasını   daşdıran  son  damla  oldu.  Həmin  döyüşlərdə  Azərbaycan  Ordusunun  generalı,  Vətənin  mərd  oğlu  Polad  Həşimovun,  igid   zabit  və  əsgərlərimizin  qəhrəmancasına  şəhid  olması  bütün  ölkəni  ayağa  qaldırdı.

Generalın  tabutu  omuzlar  üzərində  daşınarkən  milyonların  içindən  qopan  bir  nida  göyə  yüksəldi:  “Şəhidlər  ölməz, Vətən  bölünməz!” 

Polad  Həşimovun  şəhidliyi  sadəcə  bir  itki  deyil,  xalqın  milli  qürurunu  yenidən  alovlandıran  müqəddəs  bir  məşəl  oldu. O  günlərdə  Bakının  və  digər  bölgələrin  küçələrini  dolub-daşdıran  minlərlə  gənc,  dövlətin  və  Ali  Baş  Komandanın   ətrafında  sıx  birləşərək  könüllü  olaraq  cəbhəyə   getmək  üçün  səfərbər  oldu.  Hər  kəs  içindəki  intiqam  və  Vətən  sevdasını  daşıyaraq  hərbi  komissarlıqlara  axışdı. Məhz  o  iyul günlərindən başlanan böyük milli oyanış ruhu, sentyabrın 27-də başlanacaq  44  günlük  Zəfər  yürüşünün  əsas  mənəvi  təməlini  təşkil  etdi.

​ ​Otuz  il  ərzində  hər  bir  azərbaycanlının  evində  bir  boş  stul, ürəyində  isə  sağalmayan   bir   yara  vardı.  “Qarabağ”  sözü  çəkiləndə  gözlər  dolur,  yurd  həsrəti  hər  kəsin  sinəsində  ağır  bir  daşa  dönürdü.  Biz  sülh  istədik,  danışıqlara  üstünlük  verdik,  beynəlxalq  hüququn  ədalətini  gözlədik.  Amma  dünya  səssiz  qaldı,  haqsızlıq  isə  illərlə  adiləşdirilməyə  çalışıldı.

​27  sentyabr  2020-ci  ilin  səhəri  isə  hər  şey  dəyişdi.  Düşmən  təxribatına  cavab  olaraq  Ali  Baş  Komandanın  əmri  ilə  Azərbaycan  əsgəri  hücuma   keçdi. O  səhər  hər kəs evindən işə deyil, zəfərə, müqəddəs bir davasına doğru baxdı. Həmin gün teleqramlarda, xəbərlərdə eşidilən ilk səslər sadəcə qələbə xəbəri deyildi; bu, milli ləyaqətin  ayağa  qalxması  idi.  İllərdir  sinələrə  sıxılan  “Vətən”  harayı  nəhayət reallığa  çevrilirdi.

  ​“Torpaq  –  əgər  uğrunda  ölən varsa, Vətəndir!”  Bu hikmət  həmin  gün  hər  bir  əsgərin  dilində  duaya, ürəyində  isə  qisas  atəşinə  çevrildi.

​​Bu  müharibənin taleyini dəyişən, xalqın gücünü tək bir nöqtədə birləşdirən müqəddəs  bir  simvol  var  idi:  Dəmir  Yumruq.

​Dəmir  yumruq  sadəcə  hərbi  termin  və  ya  siyasi  metafora  deyil.  Bu,  milyonlarla azərbaycanlının ürəyinin eyni ritmdə döyünməsi, tək bir yumruq kimi birləşməsi  demək  idi.  Arxa  cəbhədə  qoca  nənənin  nəvəsinə  corab  toxuması,  azyaşlı  uşağın cibindəki son qəpiyini fonda köçürməsi, xaricdə yaşayan azərbaycanlının  haqq  səsimizi  dünyaya  duyurması  –  hamısı həmin Dəmir Yumruğun  ayrı-ayrı  barmaqları  idi.

Cəbhədə  isə  əsgər və zabitlərimiz həmin yumruğun zərbəsi ilə düşmənin səngərlərini  darmadağın  edirdilər. Dəmir Yumruq göstərdi ki, ədalət gec də olsa gəlirsə,  o,  daha  dağıdıcı  və  qətiyyətli  olur.  Bu,  gücün  deyil,  haqqın  və  ədalətin  gücə  çevrilməsi   idi.  Düşmən  qarşısında  dayanan  qüvvə  sadəcə  silahlı  ordu  deyil,  haqqını  tələb  edən  bütöv  bir  xalqın  iradəsi  idi.

   44  gün  hər  biri  ayrı-ayrı  bir  dastan  olan  zaman  kəsiyi  idi.  Bu  yolda  nə  qədər  igidlər,  nə  qədər  qürurlu  oğul  və  qızlar özləri  əfsanəyə  döndülər. Onlar  ölümə  qorxu  ilə  deyil, Vətənə  olan  sevgiləri  ilə  meydan  oxudular.

​Sınıq  səngərlərdə  əlini  qaldırıb “Vətən  sağ  olsun!”  deyən  yaralı  əsgər...

​Güllə  boranından  qorxmayaraq  yaralı  yoldaşını  çiynində  daşıyan  sanitar  qız...

​Sıldırımlı qayaları, sıldırım dağları dırmaşaraq düşməni gözləmədiyi yerdən yaxalayan  xüsusi  təyinatlı...

 Onların  hər  biri  gəncliyini,  arzularını,  bəzən  isə  canlarını  bu  torpağın  sabahı  üçün  fəda  etdilər.  Xudafərin  körpüsünün  üzərində  dalğalanan  üçrəngli  bayraq  məhz  onların  istiqanlı  qanı  ilə  ucaldıldı. Şuşanın sıldırım qayalarına dırmaşan oğulların  ayaq  səsləri  düşmənin  ürəyinə  qorxu  saldı.  Müharibə  qəddar  olur,  amma  onu  gözəlləşdirən  –  oradakı  insanların  saflığı,  fədakarlığı  və  böyük Vətən sevgisidir.

 Qələbəyə gedən yol asan olmadı. Hər qarış torpaq uğrunda can verilən bu yolda evlərə  qara  kağızlar  da  gəldi,  göz  yaşları  da  axdı.  Şəhid  analarının  ağlar  qalmış  gözləri,  övladını  “Atam  bayrağı  uca  tutdu”  deyə  qucaqlayan  balaların  baxışları  insanın  ürəyini  göynədir.

​Amma  bu  göz  yaşları  məğlubiyyətin   deyil,  qürurun  göz   yaşlarıdır.  Bu  gün  hər  bir  şəhid  məzarı  üstündə  dalğalanan  bayraq  bizim  kimliyimizin,  azadlığımızın əbədi  şahididir.  Düşündürücü  budur  ki,  sülhün  və  azadlığın  qiyməti  çox  ağır  olur.  Tarix  unutmur  ki,  torpağı  qorumaq  üçün  ölməyi   bacaranlar,  orada  azad  yaşamaq  haqqını  qazanırlar.

 Hər  dəfə  Xarıbülbül  çiçəyinə  baxanda  Şuşanın  dağlarında  axan  qanı,  qopan  canları xatırlayırıq. O çiçək artıq sadəcə bir bitki deyil – o, əzab çəkmiş, lakin əyilməmiş  Qarabağın  simvoludur.

​​2020-ci  ilin  noyabrında  44  günlük  müharibə  Azərbaycanın  şanlı  qələbəsi  ilə  başa çatdı. Otuz illik həsrət bitdi, haqq yerini tapdı. Həmin günlərdə Bakının küçələrində  dalğalanan  bayraqlar,  səmaya  atılan  atəşfəşanlıqlar  xalqın  içindəki  illərin  yarasını  sağaldan  məlhəm  oldu.

 ​“Qələbəyə  gedən  yol”  bizə  bir  həqiqəti  birdəfəlik  öyrətdi:  Birlik  olan  yerdə  güc olur, iradə olan yerdə isə mümkünsüz olan heç nə yoxdur. Bu gün həmin torpaqlarda  yenidən   həyat   qaynayır,  aktual  çağırışlara   cavab  verən  tamamilə   yeni  reallıq – Büyük Qayıdış prosesi uğurla həyata keçirilir. Dağıdılmış yolların yerində  yeni  magistrallar,  “ağıllı şəhər”  və  “ağıllı  kənd”  konsepsiyaları  əsasında  müasir  infrastrukturlar  tikilir, viran  qalmış  məkanlarda  məktəb zəngləri çalınır. Doğma  ocaqlarına  qayıdan  keçmiş  məcburi  köçkünlərin  gözlərindəki  sevinc  yaşları  isə  bu  günün  ən  böyük  ədalət  təntənəsidir.

 Polad  Həşimovun  tabutu  önündən  başlanan  o  müqəddəs  səfərbərlik  ruhu, Lələtəpədən  Şuşaya  qədər  igid  oğul  və  qızlarımızın  qanı  ilə  yazılan  bu  tarix heç vaxt  unudulmayacaq. Onlar qaranlıq  gecəyə  işıq  salaraq  bizə  aydın  bir  sabaha  gedən  yolu  açdılar.  Və  biz  bu  yolla  addımlayarkən  hər  zaman  başımız  dik, ürəyimiz  qürurlu  olacağıq  –  çünki  biz  Zəfər  çalmış  bir  xalqın  övladlarıyıq.

 ​Bu tarixi salnaməyə və qazanılan möhtəşəm Zəfərə baxdıqda, gələcək nəsillərə ötürüləcək ən böyük mirasın məhz bu milli həmrəylik və unudulmaz qürur hissi olduğunu  bir  daha  aydın  görürük. 

Samir  Zülfiyev

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə baş mütəxəssisi.

 

 

 

 

 

 

 

 

 

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

DSMF borcunu necə "baglayaq"?

Gündəlik Xəbərlər
14-09-2026
311

Sədr yerində olarsa...

Gündəlik Xəbərlər
19-08-2026
871