Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

30-11-2023 , 23:42

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Elmi-Praktik Məsələlər
- +
Heydər Əliyev Azərbaycanda yerli özünüidarəetmə    institutunun banisidir

Bu il müasir Azərbaycan dövlətinin və müasir tariximizin yaradıcısı ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyidir.  Azərbaycan dövləti məhz Ümumilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən müdrik dövlət siyasəti nəticəsində müstəqilliyini qoruyub saxladı və dünyanın nüfuzlu və qüdrətli dövlətləri sırasına daxil oldu.  Məhz Heydər Əliyevin apardığı uzaqgörən siyasəti, mütərəqqi islahatlar nəticəsində Azərbaycan Respublikası demokratik, hüquqi dövlətə çevrildi.

Müstəqil Azərbaycan dövlətinin qurulması prosesində Ulu Öndərin ən böyük xidmətlərindən biri də 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə Konstitusiyanın qəbul edilməsi oldu.  Ana qanunumuz olan Konstitusiya müasir dövlət quruculuğu üçün ehtiyac duyulan bütün bəşəri prinsipləri özündə əks etdirir. Yeni Konstitusiyanın qəbulu ilə ölkəmizdə yerli özünüidarəetmə institutunun formalaşdırılması üçün hüquqi zəmin yaradıldı. Əsas Qanunun qəbulundan sonra Milli Məclis tərəfindən “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Bələdiyyə qulluğu haqqında”, “Bələdiyyə maliyyəsinin əsasları haqqında” və “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” və digər qanunlar qəbul edildi. Azərbaycan Respublikası ərazisində ilk bələdiyyə seçkiləri keçirilənədək yerli özünüidarə ilə bağlı əsaslı hüquqi baza formalaşdırıldı. Daha sonra isə vahid Seçki Məcəlləsi qəbul edilərkən bələdiyyə seçkilərinin qaydaları da yeni qanunvericilikdə öz əksini tapdı. Ulu öndər Heydər Əliyev hər zaman yerli özünüidarəetməni demokratik inkişafın mühüm bir sahəsi kimi dəyərləndirib və bu istiqamətdə dövlət siyasətinin prioritetlərini müəyyən edib.

Yerli özünüidarəetmə orqanlarının inkişafı hər zaman Ulu Öndər Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Heydər Əliyevin 1999-cu ilin dekabrında ilk seçkidən öncəsi xalqa müraciəti zamanı söylədiyi bu fikirləri onun bələdiyyələrin fəaliyyətinə nə qədər mühüm önəm verdiyini göstərir: “...Yerli özünüidarəetmənin yaradılması Azərbaycanda gedən demokratiya prosesinin böyük bir hissəsi, böyük bir qoludur. Demokratik, hüquqi, dünyəvi dövlət qurmaq prosesinin bir hissəsi, bir sahəsidir. Biz Azərbaycanda tam müstəqil yerli özünüidarəetmə orqanları yaradırıq. Bu həm demoktatiyanın inkişafı deməkdir, eyni zamanda ölkəni idarə etməkdə vətəndaşlarımıza imkanlar yaradılmasının göstəricisidir. Yerli idarəetmə orqanları isə yerlərdə onların səlahiyyətləri çərçivəsində çox işlər görə bilərlər. Bələdiyyələr dövlətin də gördüyü işlərin böyük bir hissəsini öz üzərlərinə götürəcək, dövlətin də yükünü müəyyən qədər yüngülləşdirəcəklər. Ona görə bələdiyyələrin seçilməsi, onların təşkil edilməsi, gələcək fəaliyyəti bizim cəmiyyətimiz üçün, dövlətimiz üçün və hər bir vətəndaş üçün çox vacibdir”.

Ölkəmizdə ilk dəfə keçirilən bələdiyyə seçkilərində on minlərlə vətəndaş - 20 min 454 bələdiyyə üzvü seçildi, 2667 bələdiyyə fəaliyyətə başladı. Hər bir vətəndaşın müstəqil dövlət quruculuğu prosesində fəal iştirakını arzulayan ümummilli liderimiz deyirdi: “Təbiidir ki, seçkidə iştirak etmək, yaxud iştirak etməmək hər bir vətəndaşın şəxsi hüququdur. Ancaq eyni zamanda, hər bir vətəndaş Konstitusiyanın ona verdiyi hüquqdan istifadə etməli, kənarda qalmamalıdır. Ümidvar olduğumu bildirmək istəyirəm ki, Azərbaycan vətəndaşları Azərbaycanda demokratiyanın yaranmasında, dövlət quruculuğu prosesinin yaranmasında indiyə qədər fəal iştirak etdikləri kimi, yerli idarəetmə orqanlarının yaranması üçün keçirilən bələdiyyə seçkilərində də fəal iştirak edəcəklər”.

İlk bələdiyyə seçkilərindən sonra ölkədə yerli özünüidarəetmə sahəsində aparılan siyasətin əsas istiqaməti bələdiyyələrin formalaşmasına, işinin təşkilinə dəstək və yeni yaradılan qurumlara  dövlət qayğısının göstərilməsi olmuşdur.

Yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsinə çatırılması məqsədilə 8 fevral 2000-ci ildə “Bələdiyyələrin fəaliyyətinin təşkil edilməsinin bəzi məsələləri haqqında” ölkə başçısının imzaladığı və həmin sərəncama əsasən  Ədliyyə Nazirliyinin nəzdində Bələdiyyələrlə iş və bələdiyyələrə metodoloji yardım mərkəzi yaradılması aparılan siyasətin ən uğurlu addımlarından biri oldu.

“Yerli özünüidarəetmə haqqında” Avropa Xartiyasında müəyyən edilmiş prinsiplərə uyğun olaraq onların fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi üçün 13 may 2003-cü ildə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Ədliyyə Nazirliyi tərəfindən həmin Qanunun tələblərinə uyğun olaraq bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət həyata keçirilir və bələdiyyələrə qanunvericiliyin düzgün tətbiq olunması məqsədi ilə zəruri metodiki tövsiyələr verilir.

Bələdiyyələrin fəaliyyətə başlamasından dərhal sonra bələdiyyələrə dövlət qayğısı olaraq datasiyaların verilməsinə başlanmış, bu siyasət davamlı xarakter alaraq dövlət büdcəsindən hər il ayırmalar nəzərdə tutulmuş, son illərdə isə əlavə olaraq büdcə layihələrində subvensiyaların verilməsi nəzərdə tutulur.

2000-ci ilin aprel ayından Ədliyyə nazirliyi xətti ilə regionlarda davamlı seminarlar təşkil edilmiş, 2001-ci ilin yanvar-fevral aylarında Prezident yanında Dövlət İdarəçilik Akademiyasında və Ədliyyə nazirliyi yanında Hüquq Tədris Mərkəzində - indiki Ədliyyə Akademiyasında ixtisas artırma kurslarına başlanmışdır. Ali məktəblərdə isə dövlət və bələdiyyə idarəetmə ixtisası öyrənilməsi həyata keçirilir. 2001-2006-cı illərdə Azərbaycan Dövlət Radiosunda “Bələdiyyə həyatı”, Dövlət Televiziyasında isə “Bələdiyyələr” verilişi fəaliyyət göstərib. 2002-2003-cü illərdə isə yerli özünü idarəetmədən bəhs edən bir neçə yeni qazetlər və informasiya bületenləri buraxılmağa başladı. 2002-ci ildən Bələdiyyə İşçiləri Respublika Həmkarlar Komitəsi yaradılmış və bu gündə fəaliyyətini uğurla davam etdirir.

Sevindirici haldır ki, əsası ulu öndər tərəfindən aparılan yerli özünüidarəetmə ilə bağlı siyasət bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir

Ümummilli lider  Heydər Əliyevin yaratdığı  milli maraqlar, sosial ədalət və demokratiya siyasətinə söykənən müasir idarəetmə modelində bələiyyələr özünəməxsus yerə malikdir. Dövlət proqramlarında bələdiyyələrə bir sıra vəzifələrinin tövsiyyə edilməsi onların fəallığını artırmasına yardımçı olur.

Ulu Öndər Heydər Əliyev siyasi irsinin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğundakı misilsiz fəaliyyətini də xüsusi qeyd etməliyik. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün qalib Azərbaycan sosial-iqtisadi, siyasi və mədəni inkişafının ən yüksək dövrünü yaşayır. İşğaldan azad edilən torpaqlarımızda həyata keçirilən abadlıq və quruculuq işləri Azərbaycan dövlətinin hərbi və iqtisadi imkanlarının daha da güclənməsini təmin edir. Sevindiricidir ki, Azərbaycan bələdiyyələri də öz fəaliyyətini ölkənin inkişafına həmahəng şəkildə qurur və daha mütəşəkkil şəkildə çalışır.

Sonda yaranmış fürsətdən istifadə edərək bələdiyyələrin yerli özünüidarəetmə sahəsində qanunvericiliyin təkmilləşdirlməsində Milli Məclis tərəfindən göstərilən dəstəyə görə hörmətli deputatlara və bu günki tədbirin iştirakçılarına bir daha minnətdarlığımı bildirirəm.

Orxan  Musayev 

Abşeron rayonu,  Xırdalan bələdiyyəsinin sədri

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

105 yaşlı Ədliyyə tarixi

Elmi-Praktik Məsələlər
20-11-2023