Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-01-2024 , 16:24

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Elmi-Praktik Məsələlər
- +

"Ağıllı Bələdiyyə" rəqəmsal sisteminin yaradılması ən başlıca prioritetlərimizdəndir

Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsində ki mövcud  bürokratik prosedurlar və həlli yolları 

****

Yerli əhəmiyyətli problemlərin həllində bilavasitə iştirak edən, qanunvericilik çərçivəsində üzərinə düşən məsuliyyətin icrası nəticəsində dövlətin mərkəzi institutlarının yükünü azaldan və cəmiyyət üçün ən əlçatan qurumlardan olan yerli özünüidarəetmə təsisatlarından vətəndaşların gözləntiləri daha da artmaqdadır. Yerli özünüidarəetmə orqanları hər bir sivil, demokratik ölkənin ictimai-siyasi və sosial həyatında özünəməxsus çəkiyə sahib olan, sərt mərkəzləşməni aradan qaldıran və vətəndaşların problemlərini lokal səviyyədə və çevik şəkildə həll edə bilən institutlarından hesab edilir. Ötən illər ərzində xeyli təcrübə toplamış, eyni zamanda fəaliyyətinin hüquqi əsasları formalaşdırılmış bələdiyyələrin qarşısında bir sıra çağdaş tələblər dayanır.

Özəl sektor və vətəndaş cəmiyyəti institutları ilə əlaqələrin dərinləşdirilməsi, şəffaflığın və hesabatlığın maksimum səviyyəyə çatdırılması, vergi subyektlərindən maliyyə ödənişlərinin toplanmasının tamlıqla təmin olunması bu gün bələdiyyələr üçün prioritet təşkil edən məsələlərdir. Bələdiyyələrin inkişafı və problemlərin həlli istiqamətində müasir tələblərə uyğun olaraq dəyişikliklər və islahatlar aparılmalıdır. 

Belə ki, məndən öncə irəli sürülmüş təklifi bir daha vurğulayaraq bildirirəm ki, qanunvericilikdə dəyişiklik edilməklə, müasir dövrün tələblərinə cavab verən «Bələdiyyə Məcəlləsi»nin hazırlanması, normativ hüquqi aktlarda bələdiyyələrin səlahiyyətlərinin artırılması, eyni zamanda formal olaraq fəaliyyət göstərən bələdiyyələrin (hazırda ölkədə 1606 bələdiyə fəaliyyət göstərir) birləşdirilərək, sayının kəskin azaldılması və çıxış zamanı toxunacağımız bir sıra problemlərin həlli zəruridir. 

«Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında» Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 29.12.2009-cu il tarixli Qanununun 8-ci bəndinə əsasən bələdiyyələrin yeni xəritələri hazırlanmalı və bu xəritədə bələdiyyə ərazilərinin dəqiq sərhədləri, ərazidə yerləşən bütün məntəqələr göstərilməli olsa da, bu günədək bir çox bələdiyyələrdə bu təmin olunmamışdır ki, bu da bir sıra problemlər yaradır.

Bildiyimiz kimi, şəhərlərin Baş planı təsdiq edilir və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin internet saytında yerləşdirilir. Ancaq təəssüflər olsun ki, bu xəritədə bələdiyyə mülkiyyəti olan ərazilərin sahəsi ayrıca göstərilməyib

Bələdiyyələrin mülkiyyət sərhədini göstərən ölçü planının olmamasına görə bir çox bələdiyyələrdə ödənışlərin yerli büdcəyə köçürülməsi mümkün olmur.

Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi  ilə bağlı bürokratik prosedurlar həm vətəndaşların vaxt itkisinə səbəb olur, həm də yerli büdcənin tamlıqla formalaşmasına ciddi əngəl yaradır. Bələdiyyə gəlirlərinin yetərincə olmaması isə bu quruma müxtəlif layihələr həyata keçirərək iş yerləri açmaq və əlavə gəlir mənbələri yaratmasına mane olur. Bələdiyyənin yeni iş yerləri açması yerli sakinlərin sosial müdafiəsini gücləndirməklə yanaşı, həm də dövlətin bu sahədəki siyasətinə də önəmli dəstəkdir. Həlli o qədər də çətin olmayan maneələri aradan qaldırmaqla bələdiyyələrin yerlərdə sosial problemlərin həllində daha çevik və geniş miqyasda iştirak etməsini stimullaşdırmaq mümkündür.

Həmçinin, «Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.04.2014-cü il tarixli, 94 №-li Qərarının 22-2.1-ci bəndinə əsasən kənd təsərrüfatı kooperativləri satış şəbəkələrinin (fermer mağazaları, yaşıl marketlər, kənd təsərrüfatı kooperativi bazarları, topdan satış mərkəzləri) təşkili üçün torpaq sahələrinin istifadəyə və ya icarəyə verilməsi ilə bağlı yerli icra orqanına və ya bələdiyyə orqanına müraciət etməli olsa da, bələdiyyələrə müraciət cox az sayda olunur. 

Oxşar hal kimi bildirmək olar ki, internet provayderləri, telekommunikasiya kabellərinin bələdiyyə ərazilərindən keçərək gəlir əldə olunsa da, bələdiyyə ilə heç bir müqavilə imzalanmır, bununla da bələdiyyələr il ərzində xeyli miqdarda vəsaitdən məhrum olur. 

Dünyanın başlıca tələblərindən olan vətəndaşlara göstərilən elektron xidmətlərin sayının və keyfiyyətinin artırılması yerli özünüidarəetmə qurumlarının qarşısında dayanan başlıca vəzifələrdən olsa da, etiraf etməliyik ki, hazırda bu sahədə tətbiq olunan rəqəmsal xidmətlər dövlət qurumlarının vətəndaşlara göstərdiyi elektron xidmətlərdən kəmiyyət və  keyfiyyət göstəricilərinə görə xeyli geri qalır. Bu da öz növbəsində vətəndaşların haqlı narazılığına səbəb olur. Müvafiq informasiyanın əldə olunmasında yaranan çətinliklər eyni zamanda bələdiyyələrin fəaliyyətində bir sıra ciddi problemlər yaradır. 

Prezident İlham Əliyevin 27 aprel 2021-ci ildə "Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" Fərmanında qeyd olunan rəqəmsal islahatların davamı olaraq «Ağıllı Bələdiyyə» rəqəmsal sisteminin yaradılması ən başlıca prioritetlərimizdəndir. Bu sistemdə xidmətlərin keyfiyyətinin və əlçatanlığının yüksəldilməsində məqsəd vətəndaş məmnuniyyətini artırmaqdır. Bu isə bələdiyyə xidmətində vergi ödənişi, kargüzarlıq, vətəndaşların, o cümlədən ərizə və şikayətlərin qəbulu və digər sahələrin elektronlaşdırılması ilə mümkün ola bilər. 

Bundan əlavə, bir çox ölkələrdə, o cümlədən qonşu ölkələrdə əmlak vergisinin tamlıqla bələdiyyə xidmətinə ödənilməsi praktikasının ölkəmizdə də tətbiqi xidmətin səmərəliliyini və özünüidarəetmə imkanlarını xeyli artırmış olardı. 

Bildirmək istəyirəm ki, 2002-ci ilin fevral ayınadək avtodayanacaqlar üzrə rüsumlar, 2004-cü ilin dekabr ayınadək avtomobillər üzrə əmlak vergisi, 2015-ci ilədək reklam üzrə ödənişlər, 2022-ci ilin dekabr ayınadək mədən vergisi bələdiyyə xidmətinə ödənilmiş, hazırda isə qeyd olunan rüsum və vergilərin bələdiyyə xidmətinə ödənilməsi ləğv olunmuşdur.

Qeyd etdiyim maliyyə mənbələri bələdiyyələrindən alınsa da yerli büdcəyə həç bir əlavələr olmamışdır.

Təklif edirəm ki, səlahiyətli orqanlar və şəxslər yaranmış vəziyyətə görə bələdiyyə büdcəsinə əlavə gəlirlərin verilməsi məsələsi müzakirə edilsin. 

Orxan Musayev 

Abşeron rayonu Xırdalan Bələdiyyəsinin sədri   

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

105 yaşlı Ədliyyə tarixi

Elmi-Praktik Məsələlər
20-11-2023