Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-11-2023 , 16:22

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Elmi-Praktik Məsələlər
- +

            22 Noyabr Azərbaycan ədliyyəsinin yaranmasının 105 ili tamam olur.

Azərbaycan Respublikasının ədliyyə sisteminin uzun və keşməkeşli tarixi vardır. 22 noyabr 2023-cü il tarixdə Ədliyyə Nazirliyinin yaranmasının 105 ili tamam olur. Təsadüfi deyil ki, Ədliyyə Nazirliyi dövlətimizin yarandığı gündə, məhz 1918-ci il may ayının 28-də təsis edilib. Bu onu göstərir ki, Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin dövründə də ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyət verilib. 

Azərbaycan ədliyyəsi ölkəmiz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra daha da çiçəklənib. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafını təmin edən məqsədyönlü, genişmiqyaslı islahatlar həyata keçirilib. Səlahiyyətləri daha da genişləndirilən nazirliyin cəmiyyətdə rolu artıb. Ulu Öndərimizin bu sahəyə diqqətinin bariz nümunəsi kimi ədliyyə işçilərinə verilən dəyəri özündə ehtiva edən sərəncamı qeyd edə bilərik. Belə ki, Ümummilli liderimiz Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü ədliyyə orqanlarında böyük ruh yüksəkliyi ilə qeyd olunur.

Tarixə nəzər yetirsək görərik ki, 1920-ci il sovet işğalından sonra dəfələrlə ləğv edilib səlahiyyətləri ayrı-ayrı dövlət orqanlarına həvalə edilmiş Ədliyyə Nazirliyinin yenidən dövlətçiliyin vacib sütunlarından biri kimi təsis edilməsi bilavasitə Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1969-cu ildə Ulu Öndər ilk dəfə Azərbaycan rəhbərliyinə gəldikdən sonra - daha dəqiq isə 1970-ci il 27 oktyabr tarixində keçmiş Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilib. Bununla da ölkə ədliyyəsinin tarixində yeni mərhələ başlanıb.

Azərbaycanın müstəqilliyinin bərpasından sonra bütün sahələrdə olduğu kimi, hüquq sahəsində də islahatların həyata keçirilməsi, tamamilə yeni hüquq və məhkəmə sisteminin formalaşdırılması, daha mütərəqqi və demokratik dəyərlərə əsaslanan qanunvericilik bazasının yaradılması günün tələbinə çevrilib, ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirilib.

 Bu gün ölkəmizdə dövlət idarəçiliyinin həyata keçirilməsində, qanunuluğun, insan hüquq və azadlıqlarının təmiin olunmasında mühüm rol oynayan Azərbaycan ədliyyəsinin, fərəh hissi ilə deyə bilərik ki, keçməkeşli, lakin şanlı bir tarixi vardır. Hər bir cəmiyyətdə dövlətin idarə olunmasında ədliyyə sisteminin rolu bilavasitə mövcud siyasi rejmin xarakterindən aslıdır. Mahiyyət etibarı ilə dövlətin hüquq siyasətinin formalaşdırılması və həyata keçirilməsində hüququn aliliyinin, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasında, milli qanunvericiliyin formalaşdırılmasında əsas rol oynayan ədliyyə sistemi yalnız demokratik cəmiyyətdə, hüquqi dövlətdə bu funksiyalarını həyata keçirə bilər. Məhz bu baxımdan Azərbaycan ədliyyəsinin inkişaf yolu bir neçə tarixi mərhələdən keçmişdir.

Ümummilli lider Heydər Əliyevin ədliyyə sistemində fəaliyyətinin yüksək tələblər səviyyəsində qurulması üzrə xidmətləri hazırda öz bəhrəsini verməkdədir. Onun başladığı köklü islahatların nəticəsidir ki, müasir Azərbaycan ədliyyəsinin inkişafı davamlı prosesə çevrilmişdir. Həyata keçirilən səmərəli hüquqi islahatlar kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qısa dövr ərzində imzalanan fərman və sərəncamlar ölkəmizin dinamik yüksəlişini təmin etmiş və həyata keçirilən islahatlara yeni təkan vermişdir. 

2006-cı ildə ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm sənədlər qəbul olunub, struktur təkmilləşdirilib. 18 aprel 2006-cı il tarixli Fərman ilə Ədliyyə Nazirliyi haqqında əsasnamə təsdiq edilərək ona hüquq mühafizə orqanı statusu verilib. Nazirlikdə yeni qurumlar yaradılıb. Həmin ildə həmçinin "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanunu qəbul olunmuş və ölkə Prezidenti tərəfindən "Ədliyyə orqanlarının inkişafı haqqında" 17 avqust 2006-cı il tarixli Fərmanı imzalanıb. 

Ədliyyə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən islahatlar çərçivəsində nazirliyin fəaliyyət istiqamətləri genişləndirilmiş, o cümlədən Möhtərəm Prezident İlham Əliyevin “Ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2006-cı il tarixli, 446 nömrəli Fərmanı ilə Regional ədliyyə şöbələri yaradılmışdır.

Yerlərdə ədliyyə orqanlarının işinin əlaqələndirilməsi, onlara nəzarətin gücləndirilməsi, əhalinin bu qurumlara müraciət etmə imkanlarının asanlaşdırılması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəsinin artırılması üçün  regional ədliyyə şöbələri yaradılmış, onların strukturu və ştat bölgüsü təsdiq edilmiş, səlahiyyətlərinə aid olan məsələlər və ərazi yurisdiksiyaları müəyyən olunmuş, əsasnaməsi təsdiqlənmiş, həmçinin regional ədliyyə şöbələrinə zəruri şəraitin yaradılması, onlar üçün yeni binaların inşa edilməsi, ayrılmış mövcud binalarda təmir, abadlıq işlərinin aparılması, maddi-texniki təminatı üzrə müvafiq tədbirlər görülmüşdür.

 Bir məsələni də xüsusilə qeyd etmək istərdim ki, “Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli, 446 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə 19 noyabr 2016-cı il tarixli Fərmanı ilə Regional ədliyyə şöbələrinə İdarə statusu verilməklə Regional ədliyyə idarələri adlandırılmış və onun gələcək inkişafı üçün böyük zəmin yaranmışdır. 

Ədliyyə işçilərinin builki  peşə bayramı xüsusilə əlamətdar olmaqla böyük fəxarətlə keçirilir. Belə ki, Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış parlaq zəfərimizin üç ili tamam oldu.Tarixi qələbəmizi əbədiləşdirmək məqsədilə Dövlət Başçısının 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə təsis edilmiş 8 noyabr – Zəfər Günü bu il həm də ilk dəfə Şuşa şəhəri günü kimi qeyd olundu. Eyni zamanda noyabrın 8-də Xankəndi şəhərində keçirilmiş Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan və hər birimizin qürür mənbəyinə çevrilən hərbi parad Azərbaycanın suverenliyinin bərpasının dönməzliyinin əlamətidir.

Azərbaycan xalqı 30 ildən bəri gözlədiyi Qələbənin sevincini yaşayır. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı tikinti-abadlıq işlərini gördükcə qürur hissi keçiririk və qalib Azərbaycanın vətəndaşı olmağımızla fəxr edirik. Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz Ermənistanın işğalına öz gücü ilə son qoyaraq, dünyanın 50 ən güclü ordusundan biri olduğunu təsdiqlədi. Bu şanlı Qələbə dövlətçilik tariximizə qızıl hərflərlə yazılmaqla, hər birimizə intizarında olduğumuz zəfər sevincini yaşatdı. Hamı kimi, biz, ədliyyə işçiləri də qalib bir xalqın nümayəndələri olmağımızla, torpaqlarımızı hünər meydanında öz gücümüzlə azad etməyimizlə qürur duyuruq.

 Vətən müharibəsi günlərində ədliyyə işçiləri də səylərini əsirgəməyiblər. Hərbi vəziyyət elan olunduqdan dərhal sonra nazirlik gücləndirilmiş iş rejiminə keçmiş, fəaliyyətin digər hüquq-mühafizə orqanları və aidiyyəti təşkilatlarla sıx əlaqəndirilməsi, penitensiar müəssisələrin, informasiya resurslarının təhlükəsiz fəaliyyəti və onların mühafizəsi üzrə təxirəsalınmaz tədbirlər görülüb. Həmçinin nazirliyin tibb xidmətinin həkimləri döyüş bölgəsinə ezam edilib, ədliyyə və məhkəmə orqanlarının 100-dək əməkdaşı hərbi xidmətə, o cümlədən könüllü kimi yollanaraq, yüksək vətənpərvərlik nümunəsi göstəriblər. Döyüşlərdə iştirak edən əməkdaşlarımız arasında yaralanan və qəhrəmancasına şəhid olanlar da var. Belə ki, Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanlardan biri də mərhum ədliyyə işçisi Ruhin Müzəffər oğlu Xəlilovdur.   

 Ruhin Xəlilov 2020-ci ilin iyulunda baş verən Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhadət xəbərini alan kimi ailəsindən xəbərsiz könüllü olaraq cəbhəyə getmək üçün yazılır. Vətən müharibəsi başlayandan 4 gün sonra – oktyabrın 1-də cəbhəyə yollanır. Cəbrayıl, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə şücaət göstərir. Oktyabrın 21-də döyüşlərin birndə Ruhin yaralı döyüş yoldaşını xilas etmək üçün irəli atılır. Düşmən onu qarın boşluğundan yaralasa da, yoldaşını yerə qoymur, güllə yağışı altından çıxarmağa davam edir. Növbəti güllə ürəyindən dəyir və şəhadətə yüksəlir.

O, oktyabrın 22-də II Fəxri xiyabanda torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub. Həmçinin Ədliyyə Nazirliyi tərəfindən Ruhin Xəlilova ölümündən sonra “Fəxri ədliyyə işçisi” adı verilib.  

Eyni zamanda bildirmək istəyirəm ki, son illər Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri əhəmiyyətli dərəcədə genişləndirilmiş və nazirliyin üzərinə yeni vəzifələr qoyulmuşdur. Bununla da demokratikləşən cəmiyyətimizdə Ədliyyə Nazirliyi dövlətin hüquq siyasətini həyata keçirən orqanlardan birinə çevrilmiş və onun hüquqi dövlət qurulucuğunda rolu artmışdır.

 Ədliyyə sistemi müasir informasiya texnologiyalarının tətbiqi ilə inkişaf edir, mütərəqqi islahatlar aparılır, ədliyyəyə əlçatanlığın təmini məqsədilə innovativ həllərdən geniş istifadə edilir. Ədliyyə sahəsində həyata keçirilən islahatların davam etdirilməsini, ədliyyə orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün” Dövlət Proqramı qəbul edilib. Həmin proqramda ədliyyə və məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi, ədliyyə orqanlarının fəaliyyətində insan hüquq və azadlıqlarının, şəffaflıq prinsiplərinin təmin olunması, beynəlxalq təsisatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın genişləndirilməsi, ədliyyə sahəsində vətəndaş məmnunluğunun yüksəldilməsi və bu sahədə İKT-nin tətbiqinin gücləndirilməsi əsas fəaliyyət istiqamətləri olaraq təsbit olunub.

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ədliyyə sistemində aparılan islahatlar çərçivəsində  vətəndaş məmnunluğunun təminatına yönələn  ədliyyə xidmətlərinin rəqəmsal platformalarda və vahid məkandan şəffaf təşkili, bu xidmətlərə əlçatanlığın artırılması üçün Ədliyyə Nazirliyi tərəfindən yeni e-xidmət - Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng (“ƏN TEZ”) xidməti yaradılmışdır.

Ölkəmizin ədliyyə sisteminin inkişafı və təkmilləşdirilməsi daim ölkə başçımızın diqqət mərkəzindədir. Ədliyyə sahəsində tətbiq olunan yeniliklərin hər biri xalqımızın mənafeyinə, vətəndaşlarımızın rifahının yüksəldilməsinə xidmət edir. Ölkə vətəndaşları bu dəyişiklikləri öz gündəlik həyatlarında açıq-aşkar hiss edərək qiymətləndirirlər.

 Bu bayram münasibətilə həmkarlarımı səmimi qəlbdən təbrik edir, onlara çətin və şərəfli işlərində müvəffəqiyyətlər arzulayıram. Əminəm ki, ədliyyə işçiləri olaraq bundan sonra da böyük səy və yüksək məsuliyyət hissi ilə çalışacaq və bu sahədə əldə etdiyimiz nailiyyətlərlə Azərbaycan ədliyyəsinin inkişafına böyük töhfələr verəcəyik.

Qədir Paşayev

Xaçmaz Regional Ədliyyə İdarəsinin

rəis müavini, ədliyyə müşaviri  

Rəylər

1 Rəy

Zülfüqar Alxasov

18-11-2023, 5 ay əvvəl

Azərbaycan Respublikasının Ədliyyə sistemi hərtərəfli təhlil olunmuş, inkişaf dinamikası çoxşaxəli işıqlandırılmışdır.Ədliyyə işçilərinin peşə bayramını təbrik edirəm

Cavabla

Rəy yaz

Oxşar xəbərlər

105 yaşlı Ədliyyə tarixi

Elmi-Praktik Məsələlər
20-11-2023