Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-02-2026 , 19:43

210

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Elmi-Praktik Məsələlər
- +

Bələdiyyələrin ötən bir ilinə qısa bir nəzər  

HESABATLILIĞIN TƏMİN EDİLMƏSİNİ HƏR BİR BƏLƏDİYYƏ SƏDRİ DİQQƏTDƏ SAXLAMAĞA BORCLUDUR

Bu gün sonuncu seçkidən sonra formalaşan bələdiyyələrin fəaliyyətinin  bir ili tamam olur. 2025-ci ilin yanvarında keçirilən seçki prosesi daha çox bələdiyyələrin sayının azaldılması ilə yadda qaldı. Belə ki, bələdiyyələrin sayı bu seçkidən sonra 1606-dan 685-ə düşdü. Birləşdirmə müəyyən mənada bələdiyyələrin inzibati ərazilərdə çəki və nüfuzunun artmasına, maliyyənin təmərküzləşməsinə, xərclərin azalmasına öz töhfəsini vermiş olsa da, bu gün 685 bələdiyyənin bir qismi  fəaliyyətə həcmi kifayət qədər olan DSMF borcu ilə başladı. Bu gün birləşdirmədən sonra fəaliyyətə başlayan 685 bələdiyyənin 30 faizədək hissəsi məhz bu borcun “bağlanılması” üçün var qüvvəsi ilə  çalışır. Və borc azalmağa doğru getməkdədir. Lakin borc hələ də bəzi bələdiyyələr üçün, xüsusəndə Biləcəri bələdiyyəsi üçün ciddi problem olaraq qalmaqdadır.

Ancaq bütün bu və digər çətinliklərə baxmayaraq bir il ərzində  yeni formalaşan bələdiyyələr ortaya konkret iş qoya bildilər. Artıq Sumqayıt bələdiyyəsinin yeni tərkibi ölkə bələdiyyələri sırasında büdcə gəliri dörd milyon manata çatan ilk bələdiyyə oldu. Sumqayıt bələdiyyəsi ilə yanaşı, paytaxtın Nərimanov,  Xətai, Nəsimi, Yasamal bələdiyyələri üç milyonluq hədəfə, Səbail  bələdiyyəsi iki milyonluq hədəfə, Binəqədi,  Nizami  və M.Ə.Rəsulzadə bələdiyyələri isə bir milyonluq hədəfə doğru irəliləməkdədirlər. Bu bələdiyyələrin hər biri ötən bir il ərzində kifayət qədər layihə icra etməklə ərazilərində vətəndaş məmnunluğunun təmin edilməsinə öz töhfələrini verə bildilər.

Maraqlı və diqqəti çəkən məqam ondadır ki, 25 il ərzində ictimaiyyət  ilk dəfə bir sıra bələdiyyələrlə yanaşı, Şabran bələdiyyəsinin olduğunu da bildi. Yeni formaşalan tərkib fəaliyyətini həm ciddi şəkildə təbliğ etməklə, həm də vətəndaş-bələdiyyə münasibətlərini tənzimləməklə şəhərdə bələdiyyənin nüfuzunu bir xeyli artırmış oldu.

Bu gün bu xoş  sözləri şəhər bələdiyyələrindən  Şirvan, Sabirabad, Saatlı, Ağcabədi, Mingəçevir, Yevlax, , Cəlilabad, Gəncənin Kəpəz və Nizami, Şəmkir, Qax, Bərdə, İsmayıllı, Gədəbəy,  və Siyəzən  bələdiyyələri haqqında da söyləmək olar. Naxçıvan şəhər bələdiyyəsinin fəaliyyətinin təbliğinə maraqlı olması və bununla bağlı addım atması diqqətimizdən qaçmayıb.  Salyan, Goranboy, Masallı,  Xırdalan, Tərtər, Qəbələ, Lerik  və İmişli bələdiyyələrinin büdcə gəlirlərinin artımı ilə bağlı atdıqları addımları da təqdirəlayiq hesab edilməlidir.

Yeni tərkibdə formalaşan qəsəbə bələdiyyələrindən Buzovna, Şüvəlan, Maştağa, Qaraçuxur, Hövsan, Sabunçu, Badamdar, Bilgəh, Binə, Bülbülə, Binəqədi qəsəbə,  Zirə və Sahil bələdiyyələri fəaliyyətləri  ilə seçilənlər sırasına qoşula biliblər. Adları çəkilən bələdiyyələrin hər biri vergi-uçot sisteminin təkmilləşdirməklə yanaşı, BAMS-ın verdiyi imkanlardan maksimum istifadə etməklə, o cümlədən bələdiyyə-icra  və bələdiyyə-vətəndaş münasibətlərini tənzimləməklə uğura imza ata biliblər.

Bakıxanov, Hacı Zeynəlabdin, Əmircan, Zığ, Türkan, Əhmədli, Ramana, Mərdəkan, İlisu, Vəndam, Kürdəxanı, Məhəmmədi, Qala, Zabrat və Keşlə  bələdiyyələri ərazilərində ciddi layihələr icra etməklə seçicilərinin rəğbətini daha çox qazanmaları da danılmaz bir faktdır. Bu bələdiyyələrin hər biri ötən bir ildə seçicilərin qaldırdığı problemin operativ şəkildə həllinə çalışmaqla, büdcə gəlirlərini və dayanıqlı maliyyə mənbəyini yaratmağa maraqlı olublar.  

Kənd bələdiyyələrindən  bu siyahıya Slavyanka, Boradigah, Qara Nuru, Aşağı Seyfəli, İstisu, Ağalıq, Səfikürd, Nohurqışlaq, Muxax, Xındırıstan, Pirəbədil, Tüləkəran, Bico bələdiyyələrini də aid etmək olar.

Göründüyü kimi, təhlillər nəticəsində 685 bələdiyyədən 85 bələdiyyə  haqqında ürəkaçan söz danışmaq mümkündür. Əslində iş görən, müəyyən layihələri icra edən, vətəndaş məmnunluğunu təmin edən bələdiyyələr az deyil. Sadəcə bir çox bələdiyyələr hansısa bəlli olmayan səbəbdən fəaliyyətlərinin təbliğinə maraqlı deyillər, bununla bağlı hər hansı addım atmağa ehtiyat edir, ümumiyyətlə əməkdaşlığı qəbul etmirlər.  Ancaq gəlin unutmayaq ki, fəaliyyətin təbliği, hesabatlılığın təmin edilməsi qanunun tələbidir və hər bir bələdiyyə sədri bu məqamı diqqətdə saxlamağa borcludur.

Biz fəaliyyəti hiss olunmayan, mövcud borclarını artıran, fəaliyyətini təbliğ etməyə maraqlı olmayan, əldə edilən maliyyə vəsaitini səmərəsiz yerə xərcləyən bələdiyyələrin fəaliyyətinə toxunmuruq. Hələ ki. Bu ayrıca bir yazının və araşdırmanın mövzusudur. Əlavə edim ki, bununla bağlı bizim məlumat sistemində ciddi məlumatlar daxil olmaqdadır.  Yeri gəldikcə bu mövzuyada toxunacağıq.

***

Bu gün ölkə bələdiyyələrinin qarşılaşdığı və üzləşdikləri problemlərin müəyyən bir qismi əmlak məsələləri ilə bağlıdır. Mülkiyyətə torpaq və əmlakın, o cümlədən  bələdiyyələrin xəritəsinin bu günə kimi təqdim edilməməsi, Bakı bələdiyyələrində ümumiyyətlə bu prosesin bu günə kimi icra olunmaması - bütün bu məsələlərin kökündə Əmlak Məsələləri Dövlət Xidmətinin mərkəzi icra orqanı olaraq bələdiyyələrə yaratdığı problemlər dayanır. Yəni göründüyü kimi,  birinci növbədə bələdiyyənin əsas problemi əmlakla bağlıdır.

Bu gün bələdiyyələrin büdcə gəlirlərinin artımı ilə bağlı müvafiq orqanlar, xüsusən də Administrasiyanın müvafiq sektoru, o cümlədən Ədliyyə Nazirliyinin, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının və “Bələdiyyələrə onlayn xidmət” Mərkəzi  birgə iştirakı ilə  bu istiqamətdə ciddi addımlar atılır. Ötən il “Bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistemi”nin (BAMS)  cənab Prezidentin sərəncamı ilə dövlət internet resursları sisteminə əlavə edilməsi prosesi həyata keçirildi. Bu gün artıq bu prosesin icrası ilə bağlı yekun addımlar atılır. Müəyyən problemlər var ki, artıq öz həllini tapır. Nəticə etibarilə, bu fəaliyyət bələdiyyələrin büdcə gəlirlərində müəyyən mənada artıma səbəb olub.

Beləliklə, bu gün yerli vergilərin yığımında  25–30 faizlik artım müşahidə olunur. Ancaq artım müşahidə edilsə də, bu gün bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi ilə bağlı məsələlər çox ciddi problem olaraq qalmaqdadır. Məsələn, sənədləşdirilmə məsələsi. Tutaq ki, elə hallar var ki, vətəndaş həyətyanı torpaq sahəsi üçün bələdiyyəyə müraciət edir. Hesab edin ki, həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyəti kimi tanıdılması kifayət qədər vaxt aparır. Bir torpaq sahəsi ilə bağlı əsassız yerə bəzən  18 dəfə imtina məktubu göndərilir. Üstəlik, qiymətləndirmə ilə bağlı müəyyən problemlər yaşanmaqdadır. Bu və ya digər məsələlər var ki, hazırda  öz həllini gözləyir. Xüsusən də bələdiyyə mülkiyyətinə torpaq və əmlakın verilməsi prosesinin yekunlaşdırılması, bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi, bələdiyyə mülkiyyətinin tanınması və bələdiyyələrə xəritənin təqdim edilməsi məsələləri problem olaraq qalmaqdadır.

Bələdiyyələrin büdcə gəlirləri faktiki olaraq hazırda 60 milyon manat ətrafındadır. Əgər  bu problemlər öz həllini taparsa,  bu rəqəm 2–3 dəfə artıq ola bilər.

Nəticə etibarilə, bələdiyyə büdcəsinin artımı vətəndaşın problemlərinin həllini sürətləndirir. Ona görə də bu məsələlərin tezliklə öz həllini tapmasını arzulayırıq. Güman edirəm ki, bu istiqamətdə müəyyən addımlar atılır, amma proses çox ləng gedir.

Bu gün qiymətləndirmə ilə bağlı problemlər mövcuddur. Ötən il Qiymətləndirmə Palatası yaradıldı və diqqət edin ki, əgər əvvəllər Əmlak Məsələləri Dövlət Xidməti sənədləşdirmə üçün lazım olan qiymət rəyini xidmət haqqı olaraq 30 manata verirdisə, bu gün həmin prosesi Qiymətləndirmə Palatasının üzvləri tərəfindən  minimum 150 manata həyata keçirilir. Bu yaxınlarda da qeyd etmişdim ki, kənd bələdiyyəsinin büdcə gəliri 120 min manat olduğu halda, hesab edin ki, 12 min manat torpaq sənədləşdirilməsi, qiymətləndirilməsi və digər məsələlərə yönəldilib. Yəni əldə edilən büdcə vəsaitinin 10 faizi konkret olaraq əmlak məsələləri üzrə tariflərin, xidmət haqlarının ödənilməsinə yönəlir. Bu da istər-istəməz bələdiyyələrdə narahatlıq yaradır. Çünki bələdiyyəyə yaradılan problem nəticədə vətəndaşa təsir edir və vətəndaş bələdiyyədən narazı qalır. Halbuki o, bələdiyyədən yox, əslində mərkəzi icra orqanı olan Əmlak Məsələləri Dövlət Xidmətindən narazı qalmalıdır. Çünki problemi yaradan məhz bu orqandır.

Xəritənin verilməməsi nəticəsində reklamla bağlı məsələlərə də təsir edir. Reklam ödənişlərinin səviyyəsini aşağı salır. Halbuki bələdiyyənin mülkiyyəti bəlli olsa, həmin mülkiyyət üzərində yerləşən reklam vasitələrindən bələdiyyə büdcəsinə müəyyən maliyyə vəsaiti daxil ola bilər.

Yaxud bu gün “Azparking” Bakıda ən böyük maliyyə vəsaiti əldə edən qurumlardan biridir. Amma dayanacaqlarla bağlı əldə edilən vəsaitin müəyyən bir hissəsi bələdiyyələrə ödənilməlidir, lakin ödənilmir. Buna bəhanə olaraq bələdiyyənin  mülkiyyətinin bəlli olmadığı deyilir. Bu səbəbdən AYNA həmin prosesi həyata keçirmir.

Yəni bələdiyyələrin bu gün üzləşdikləri problemlərin böyük bir qismi məhz əmlakla bağlıdır. Bu məsələlər öz həllini taparsa, nəticədə bələdiyyə büdcəsinin gəlirləri sözsüz ki, kifayət qədər artmış olar.

Müşahidələr göstərir ki,  bu məsələlər yaxın günlərdə öz həllini tapa bilər. Bundan əlavə qeyd edim ki, bu gün hər bir bələdiyyənin ərazisində kifayət qədər sənədsiz əmlak mövcuddur. Bakıda 500 min, bütün ölkə üzrə bu rəqəm təxminən 1 milyona yaxındır.

Bu prosesin  icra olunmaması nəticəsində həm bələdiyyə uduzur, çünki büdcəyə vergi daxil olmur, həm dövlət uduzur, çünki rüsum daxil olmur, həm də vətəndaş problemlə üz-üzə qalır. Vətəndaş əmlakdan 30-50 il istifadə etsə də, sənədi olmadığı üçün hüquqi addım ata bilmir.

Əgər bu məsələlər öz həllini taparsa, nəticədə vətəndaş–bələdiyyə münasibətlərində problemlər tezliklə aradan qalxar.

***

Beləliklə, ötən bir ilə qısa bir nəzər yetirdik. Görünən odur ki, dövlət bələdiyyənin inkişafına maraqlıdır. Qalır bələdiyyə üzvlərinin və qulluqçularının bu prosesə öz töhfəsini verməsi.

İnanıram ki, bu beşilliyin sonunda daha təkmil, yüksək inkişaf səviyyəsinə çatan bir bələdiyyə sistemini görə biləcəyik.

Vüqar Tofiqli

 

Rəylər

2 Rəy

Salam

18-02-2026, 7 saat əvvəl

Sağ olun Vüqar müəllim! Çox ətraflı şəkildə geniş məzmunlu bir yazıdır.Oxumağa dəyər.Çox təəssüflər olsun ki,bir çox bələdiyyə sədrləri yazını oxumur.Oxumaqda marağında deyil.Oxumadıqca öz fikirlərini bildirməkcə bələdiyyələrə olan münasibət dəyişməyəcək.

Cavabla

İsmayılov Tərlan

18-02-2026, 3 saat əvvəl

Problem tək pul deyil, yanaşmadır. İş görən bələdiyyə görünür və hörmət qazanır, gizlənən isə həmişə bəhanə axtarır. Əmlak məsələləri düzələnə qədər gözləmək yox, camaatla açıq işləmək, görülən işi göstərmək və daim əlaqədə olmaq lazımdır. Etibar yaranmadan səlahiyyət də güclənməz.

Cavabla

Rəy yaz