Azərbaycannın güclü siyasi iradəyə, dayanıqlı iqtisadiyyata və sarsılmaz milli birliyə əsaslanan inkişaf yolu
Səyavuş Novruzov
Milli Məclisin Regional məsələlər
komitəsinin sədri
Ümummilli
Lider Heydər Əliyevin müəyyən etdiyi möhkəm siyasi və ideoloji əsaslar üzərində
qurulan müasir Azərbaycan dövləti bu gün Prezident cənab İlham Əliyevin
uzaqgörən, praqmatik və qətiyyətli rəhbərliyi ilə tarixi inkişafının
keyfiyyətcə yeni mərhələsini yaşayır. Dövlət başçısının həyata keçirdiyi
ardıcıl və düşünülmüş siyasət nəticəsində Azərbaycan regionda və beynəlxalq
müstəvidə artan nüfuza malik, müstəqil mövqeyi və prinsipial yanaşmaları ilə
seçilən güclü dövlət kimi tanınır.
Qürur hissi ilə vurğulamaq istərdim ki,
xalqımız Müzəffər Ali Baş Komandanın yenilməz sərkərdəliyi ilə Vətən
müharibəsində qazanılmış Böyük Qələbənin yaratdığı milli birlik və qürur hissi
ilə suveren dövlət quruculuğu yolunda inamla irəliləməkdədir. Ərazi
bütövlüyünün və dövlət suverenliyinin tam bərpası ölkəmizin hərtərəfli
inkişafına, sosial-iqtisadi tərəqqisinə yönəlmiş genişmiqyaslı islahatların
həyata keçirilməsi üçün möhkəm zəmin yaratmışdır. Bu strateji xəttə uyğun
olaraq 2025-ci ildə də ölkəmizdə bütün sahələri əhatə edən islahatlar ardıcıl
və uğurla davam etdirilmişdir.
Konstitusiyamızın qəbul edilməsinin 30-cu və
Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünün tamam olması ilə əlaqədar
olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr
2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci il “Konstitusiya və Suverenlik
ili” elan edilmişdir. Sözügedən Sərəncamın icrası çərçivəsində hüquqi dövlət
prinsiplərinin möhkəmləndirilməsi, konstitusion dəyərlərin təşviqi, insan hüquq
və azadlıqlarının təminatı sahəsində tədbirlərin həyata keçirilməsi
istiqamətində müvafiq işlər görülmüşdür. Bu qərar dövlət idarəçiliyində hüquqi
əsasların təkmilləşdirilməsinə və suveren hüquqların praktik müstəvidə təmin
olunmasına xidmət etmişdir.
Eyni zamanda, işğaldan azad olunmuş Qarabağ
və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən nəhəng bərpa və
yenidənqurma işləri dövlət siyasətinin əsas prioritetlərindən biri olaraq
diqqət mərkəzində saxlanılmışdır. Prezident cənab İlham Əliyevin rəhbərliyi və
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə bölgədə
yol-nəqliyyat, enerji və sosial infrastrukturun qurulması, müasir şəhər və
kəndlərin salınması, hava limanlarının, tunellərin və strateji
nəqliyyat-tranzit xətlərinin inşası regionun sosial-iqtisadi dirçəlişini təmin
etmiş, onu innovativ və dayanıqlı inkişaf mərkəzinə çevirmişdir.
“Böyük Qayıdış”a dair I Dövlət Proqramına
uyğun olaraq əhalinin doğma torpaqlarına qayıdışı 2025-ci ildə də mühüm dövlət
prioriteti kimi ardıcıl şəkildə həyata keçirilmişdir. Soydaşlarımızın
təhlükəsiz, layiqli və dayanıqlı həyat şəraiti ilə təmin olunması, iqtisadi
aktivliyinin artırılması istiqamətində görülən işlər dövlətimizin gücünün və
möhkəm iqtisadi potensialının bariz göstəricisidir.
Azərbaycan 2025-ci ildə regionun aparıcı
dövləti kimi mövqeyini daha da möhkəmləndirmiş, hərbi qüdrətini və beynəlxalq
nüfuzunu artırmışdır. Avqust ayında Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının
vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti və Ermənistan
Respublikasının Baş naziri tərəfindən Birgə Bəyanatın imzalanması və sülh
sazişinin paraflanması Cənubi Qafqazda münaqişə dövrünə son qoyaraq davamlı
sülh, sabitlik və əməkdaşlıq üçün yeni perspektivlər açmışdır.
Onu da diqqətə çatdırım ki, Prezident cənab
İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə həyata keçirdiyi rəsmi səfər
ölkəmizin beynəlxalq əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi
baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Səfər çərçivəsində aparılan yüksək
səviyyəli görüşlər və danışıqlar siyasi dialoqun, iqtisadi tərəfdaşlığın,
humanitar və mədəni əlaqələrin inkişafına yeni impuls vermiş, Azərbaycan
Respublikasının beynəlxalq münasibətlər sistemində etibarlı və məsuliyyətli
tərəfdaş kimi mövqeyini bir daha təsdiqləmişdir.
Xüsusilə qeyd olunmalıdır ki, bu səfər
zamanı Prezident cənab İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı
Əbu-Dabi şəhərində nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi
dövlət başçısının qlobal miqyasda sülhün, qarşılıqlı anlaşmanın,
multikulturalizm və tolerantlıq dəyərlərinin, dinlərarası və mədəniyyətlərarası
dialoqun təşviqi istiqamətində apardığı ardıcıl və prinsipial siyasətə verilən
yüksək beynəlxalq qiymətin bariz ifadəsidir. Bu nüfuzlu mükafat eyni zamanda
Azərbaycanın humanizmə, qarşılıqlı hörmətə və ümumbəşəri dəyərlərə sadiq dövlət
kimi beynəlxalq imicinin daha da möhkəmlənməsinə xidmət etmişdir.
Bütün bu uğurlar göstərir ki, Azərbaycan
güclü siyasi iradəyə, dayanıqlı iqtisadiyyata və sarsılmaz milli birliyə
əsaslanan inkişaf yolunu inamla davam etdirir. 2025-ci ilin yekunları bir daha
təsdiq edir ki, ölkəmiz müstəqil, suveren və qalib dövlət kimi gələcəyə doğru
əmin addımlarla irəliləməkdədir.
Bələdiyyələrin fəaliyyətinə gəldikdə isə
qeyd etmək lazımdır ki, yerli özünüidarəetmə institutunun formalaşmasından ötən
dövr ərzində qanunvericilik bazasının ardıcıl təkmilləşdirilməsi bu sahədə
idarəetmənin səmərəliliyinin artırılmasına, bələdiyyələrin institusional
potensialının güclənməsinə və fəaliyyət istiqamətlərinin genişlənməsinə mühüm
töhfə vermişdir. Bələdiyyələrin təşkili və fəaliyyəti ilə bağlı qəbul edilmiş
çoxsaylı qanunlar, əsasnamələr və normativ hüquqi aktlar dövlətin yerli
özünüidarəetməyə göstərdiyi sistemli qayğının bariz ifadəsidir.
Ərazi bütövlüyümüzün və dövlət
suverenliyimizin tam bərpa olunmasından sonra ilk dəfə olaraq 2025-ci ilin
yanvar ayında növbəti bələdiyyə seçkilərinin keçirilməsi ölkəmizin
ictimai-siyasi həyatında mühüm mərhələ olmuşdur. Seçkilərin şəffaf, azad və
qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkili məqsədilə aidiyyəti dövlət
qurumları ilə birgə geniş hüquqi-maarifləndirmə tədbirləri həyata keçirilmiş,
Nazirliyin rəsmi internet resursları və “Bələdiyyələrlə iş” informasiya
sisteminin imkanlarından səmərəli istifadə edilmişdir. Xüsusilə qeyd
olunmalıdır ki, 2025-ci ildən etibarən bələdiyyə aktlarının inzibati nəzarət
qaydasında baxılması tam elektron mühitə keçirilmiş və ölkə üzrə bütün
bələdiyyələrin aktları “Bələdiyyələrlə iş” informasiya sistemi vasitəsilə
təqdim olunmağa başlanmışdır. İlk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında
fəaliyyət göstərən bütün bələdiyyələrin aktlarının da bu sistemə inteqrasiyası
təmin edilmişdir. Bu yenilik bələdiyyə aktlarının vaxtında təqdim edilməməsi
hallarının və bununla bağlı inzibati xətaların əhəmiyyətli dərəcədə azalmasına
səbəb olmuşdur.
2025-ci ildə də bələdiyyələrin fəaliyyətinə
inzibati nəzarətin səmərəliliyinin artırılması, onların fəaliyyətinin təşkilinə
metodoloji dəstəyin gücləndirilməsi Ədliyyə Nazirliyinin diqqət mərkəzində
olmuşdur. İnzibati nəzarət icraatının nəticələri ümumiləşdirilmiş, yerli
özünüidarəetmədə korrupsiya riskləri qiymətləndirilmiş, hüquqpozmalarına şərait
yaradan hallar müəyyən edilərək aradan qaldırılması üçün müvafiq tədbirlər
görülmüşdür.
Vurğulanmalıdır ki, 2025-ci ildə Azərbaycan
Respublikası Milli Məclisinin Regional məsələlər komitəsinin iclaslarında yerli
özünüidarəetmə və torpaq münasibətləri sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsinə
yönəlmiş mühüm qanunvericilik təşəbbüsləri müzakirə olunmuşdur. Bu çərçivədə
Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Mənzil Məcəlləsində, Şəhərsalma və
Tikinti Məcəlləsində, habelə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”,
“Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və
razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişikliklərin edilməsi
ilə bağlı qanun layihələri baxılaraq müzakirə edilmişdir.
Qeyd olunan dəyişikliklər “Azərbaycan
Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki
Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Bələdiyyə torpaqlarının
idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin
hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi
barədə” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə” 2025-ci il 14 iyul tarixli 244-VIIQD
nömrəli Qanunla təsdiq edilmişdir.
Həmin Qanunun tətbiqinin təmin edilməsi və
bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında
dəyişiklik edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 4 avqust
2025-ci il tarixli 465 nömrəli Fərmanı imzalanmış, Fərmanın icrası ilə bağlı
olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 avqust 2025-ci il
tarixli müvafiq Sərəncamı qəbul edilmişdir.
2025-ci ildə bələdiyyələrin birləşməsi
nəticəsində yenidən formalaşması nəzərə alınaraq onların nizamnamələrinin
Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi prosesi uğurla
yekunlaşdırılmışdır. Bu məqsədlə Nazirliyin aidiyyəti struktur bölmələrinin
birgə təşkilatçılığı ilə regional ədliyyə idarələrinin əməkdaşları üçün
təlimlər keçirilmiş, qanunvericiliyin tələblərinə uyğun sənəd nümunələri təqdim
edilmişdir. Nəticədə ölkə üzrə yaradılmış bütün bələdiyyələrin nizamnamələrinin
təsdiqi və dövlət reyestrinə daxil edilməsi təmin olunmuşdur.
Bələdiyyələr 2025-ci ildə də sosial
xarakterli məsələlərin həllində fəal iştirak etmiş, şəhidlərin xatirəsinin
əbədiləşdirilməsi, şəhid ailələrinin və müharibə iştirakçılarının sosial
müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm işlər görülmüşdür. Eyni
zamanda qlobal pandemiyanın nəticələrinin aradan qaldırılması dövründə əhalinin
sağlamlığının qorunması ilə bağlı maarifləndirmə tədbirləri davam
etdirilmişdir.
Yerli özünüidarəetmənin davamlı inkişafı
naminə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, aidiyyəti dövlət
qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndirilmiş,
bələdiyyələrin milli assosiasiyalarının institusional potensialının
artırılması, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində
məqsədyönlü addımlar atılmışdır.
Ümumilikdə, 2025-ci ilin yekunları göstərir
ki, həyata keçirilmiş tədbirlər bələdiyyələrin fəaliyyətinin müasir dövrün
tələblərinə uyğunlaşdırılmasına, onların yerli özünüidarəetmə orqanı kimi
nüfuzunun möhkəmləndirilməsinə və yerli əhali ilə qarşılıqlı münasibətlərin
daha səmərəli qurulmasına xidmət etmişdir. Qarşıdakı dövrdə də mövcud
problemlərin aradan qaldırılması və yerli özünüidarəetmənin daha effektiv
institut kimi formalaşması üçün səylərin birləşdirilməsi əsas prioritet olaraq
qalacaqdır.
Rəylər
0 Rəy