Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-04-2026 , 10:11

87

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Elmi-Praktik Məsələlər
- +

Bələdiyyələr müəssisə yaratmırlar, ona görə ki….CİDDİ

Formalaşdıqları dövrdən başlayaraq bələdiyyələrə qanunvericilik qaydasında büdcə gəlirlərinin istiqamətləri də müəyyən edilib.  Bələdiyyələrin əldə etməli olduğu vergilər və qeyri-vergilərin (rüsum və ödənişlərin) siyahısı bələdiyyə qanunvericiliyində  açıq-aydın göstərilib.

İndi isə bələdiyyələrin büdcə gəlirlərinin statistikasına diqqət yetirək. Ötən il 685 bələdiyyənin mülkiyyətində olan müəssisə və təşkilatlardan daxil olan mənfəət vergisinin həcmi 6.100 manat olub. Gəlin, bu istiqamətdən bələdiyyə büdcəsinə daxil olan vəsaitin son on ilin  statistikasına baxaq:

Mənfəət vergisinin həcmi 2016-ci ildə 500 manat, 2017-ci ildə 600 manat, 2018-ci ildə 2.900 manat, 2019-cu ildə 1.900 manat, 2020 - ci ildə 1.900 manat, 2021-ci ildə vəsait əldə olunmayıb, 2022-ci ildə 1.600 manat, 2023-cü ildə 200 manat, 2024-cü ildə 13.200 manat, 2025-ci ildə 6.100 manat təşkil edib.

Beləliklə, on il ərzində bələdiyyənin mülkiyyətində olan müəssisə və təşkilatlardan daxil olan mənfəət vergisinin həcmi nə az nə çox düz 28.900 manat təşkil edib. Nəzərə alaq ki, 2021-ci ildə vəsait əldə olunmayıb. Ən yüksək rəqəm isə 2024-cü ildə olub ki, onun 9.900 manatı Ağstafa bələdiyyələrindən biri əldə edə bilib.

Göründüyü kimi, rəqəmlər mənzərənin hansı vəziyyətdə olmasından xəbər verir. Statistik rəqəmlərə diqqət yerisək Bakı bələdiyyələrinin  büdcəsinə 25 il ərzində sözügedən istiqamətdən maliyyə vəsaiti daxil olmadığını görərik. Büdcə gəliri milyonu keçən bələdiyyələr məgər müəssisə təsis etməklə  bələdiyyə üçün əlavə dayanlıqlı maliyyə mıənbəyi yarada bilməzdilərmi?  Düşünürəm ki, müəssisə yaratmaq niyyətində olan onlarca bələdiyyə sədri sadəcə üzləşə biləcək problemlərdən uzaq durmaq istədiklərindən, bir növ başlarını “cəncələ” salmaq istəməmişlər.

Bu rəqəmləri müvafiq qurum rəhbərləri, xüsusəndə bələdiyyələrin vergi məsələlərinə metodik yardım göstərən Dövlət Vergi Xidmətinin əməkdaşları da görüb maraqlansaydılar yəqin ki, 26 illik fəaliyyətləri dövründə bələdiyyələr təcrübəsi yayıla biləcək bir müəssisə yarada bilərdilər.  

Bəs bələdiyyələr niyə by sahəyə maraq göstərməyiblər? Müşahidələrimiz göstərir ki, əslində bu sahənin yaradılmasına və inkişafına ciddi şəkildə bir çox bələdiyyə sədrləri maraq göstərib və göstərməkdədirlər. Lakin təsis edib fəaliyyətə başlayar-başlamaz süni şəkildə yaradılan problemlər nəticədə təsis edilən müəssisəni “beşikdəcə boğub”.

Bu məqamla bağlı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Baş idarəsinin müvafiq tövsiyəsi olsa da, bələdiyyə sədrləri risk etmək istəmirlər. Çünki fəaliyyətə başlanılması üçün müəssisə qarşısında qoyulan rəsmi və qeyri-rəsmi tələblər bu sahənin inkişafına ciddi şəkildə maneə yaratmaqdadır. Adlarının çəkilməsini istəməyən onlarca bələdiyyə sədrləri bu problemlə üzləşdiklərindən müəssisəni fəaliyyətinin dayandırmalı olduqlarını bizə bildiriblər. Bunun Dövlət Vergi Xidmətinin müvafiq qurumu da öz məlumat bazasındakı məlumatları təhlil etsə, maraqlansa, düşünürəm ki, mövcud problemləri görə bilər.

Düşünürəm ki, bu gün bələdiyyə müəssisəsinin fəaliyyətinə şərait yaratmaq, müəyyən güzəştlərin tətbiq edilməsinə nail olmaq, həmçinin bələdiyyə müəssisələrinə güzəştli kreditlərin verilməsinə nail olmaq əvəzinə, fəaliyyətə başlamamışdan öncə müəsisə qarşısında işçi sayı, DSMF ödənişləri və digər məsələlərlə bağlı hansısa tələbin və ya şərtin qoyulması bütün hallarda yolverilməzdir.

Yekun olaraq qeyd edim k, hər bir qurum bələdiyyələrin müəssisə təsis etməklə  sahibkarlıq fəaliyyətinə “yaşıl işıq” yandırmaqla öz növbəsində bu qurumların dayanıqlı maliyyə mənbəyinin yaradılmasına öz töhfəsini vermiş olar.

Nəticədə isə ölkə başçısının tələb etdiyi vətəndaş məmnunluğunun təmin edilməsində operativlik də artar.

Vüqar Tofiqli

Rəylər

0 Rəy


Rəy yaz