Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-04-2026 , 00:03

86

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Elmi-Praktik Məsələlər
- +

Əmlak Məsələləri Dövlət Xidmətinin “imtina dalğası”

BƏLƏDİYYƏLƏR BU DALĞANIN BİTƏCƏYİ GÜNÜ SƏBRSİZLİKLƏ GÖZLƏYİR

Adının çəkmək istəmədiyim bir rayon bələdiyyələrinin mülkiyyətin tanıtdırılması ilə bağlı ilkin olaraq  Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq qurumuna etdiyi 52 müraciətin 49 -na imtina cavabı verilib. Bu günlərdə öyrəndim. Bəzən eyni ərazi üzrə edilən müraciətə doqquz dəfə imtina cavabı verilib. Mən deməsəm də, ƏMDX rəsmiləri öz məlumat sisteminə baxmaqla, habelə il ərzində verdikləri imtina cavablarının təhlilini aparmaqla yaranan çoxsaylı suallara həm də cavab tapa bilərlər.

Diqqətimi çəkən məqam ondadır ki, bəzən eyni müraciət üzrə verilən imtina  cavablarını özləri oxuyublarmı?  Cavabı yazan şəxs verilən standart və şablon cavabların 90 faizinin həqiqəti əks etdirmədiyindən heç olmasa, yüngül desəm, narahatlıq hissi çəkirmi? Və cavablara imza atanlar bilirmi ki, bu qədər imtina cavablarının verilməsi əslində vətəndaşı bələdiyyədən, bələdiyyəni də ƏMDX -dən narazı salmaqla ölkəmizdə formalaşan ümumi siyasi mühitə öz mənfi təsirini göstərmiş olurlar. İmtina cavablarını yazan dostlarımız bunu göz önünə heç gətiriblərmi?  Müşahidəm göstərir ki, gətirməyiblər. Gətirsəydilər, “imtina dalğası” hələ də davam etməzdi. Nə isə…

Ötən ildən qiymətləndirmə ilə bağlı məsələni ortaya atıb bir azda  istər vətəndaşın, istərsə də bələdiyyənin xərclərini artırdılar. Olsun. Hər kəs düşündü ki, daha bundan sonra problem öz həllini tapacaq. Amma bu dəfə əksinə, ƏMDX -nin təşəbbüsü ilə edilən bu dəyişikliyə indi özləri narazılıq edirlər. Niyə, nəyə görə, məgər bu təklifi irəli sürəndə belə narazılıq yaradacaq məqamlar nəzərə alınmamışdımı?

Üstəlik məni maraqlandırır ki, bu qurumlarda nə vaxt mövcud xəritələr eyniləşdiriləcək. Niyə ölkəmizdə bu günədək bələdiyyələrində istifadə edə biləcəyi  vahid elektron xəritə sistemi yoxdur. Yeri gələndə ƏMDX-nin qurumları hər biri  özlərində olan xəritələrə istinadən cavab verirlər.  Bir də özlərində olan xəritələrdə dürüstləşdirmə nə vaxt başa çatacaq? Bu dürüstləşdirmənin vətəndaşa və bələdiyyəyə nə qədər “baha başa” gəldiyindən kimlərinsə xəbəri varmı? Belə olmaz axı.

Fəaliyyətinin ikinci ilini yaşayan Qiymətləndirmə Palatası da əslində üzərinə düşən yükün öhdəsindən, hiss olunur ki, gələ bilmir. Gəlsəydi öz üzvlərinin qiymət  rəylərinə  verilən imtina  cavablarına öz arqumentləri ilə cavab verib problemin həllinə nail olardılar.  Bununla bağlı Qiymətləndirmə Palatasının susqunluq nümayiş etdirməsi də istər-istəməz narahatlıq yaradır.

Maraqlıdır , ƏMDX-də  çalışanlar nazirlik statusunda olan bir qurumun bu gün xidmət səviyyəsinə düşməsinin hansı səbəbdən olduğunu bilirlərmi. Niyə bələdiyyə torpaqları üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasında bürokratik amillərin aradan qaldırılması ilə bağlı indiyədək ciddi addım atılmır?

Bələdiyyə torpaqları üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasında Əmlak Məsələləri Dövlət Xidmətinin yaratdığı bürokratik  amillərin mövcudluğu  və qiymətləndirmə ilə bağlı olan məqamlardakı əngəllərin olması bələdiyyə torpaqlarının sənədləşdirilmə prosesinə ciddi təsir edir ki, bu hal dolayısıilə büdcə gəlirlərinin  artmasına problem yaradır. Sonda  həm vətəndaş, həm də bələdiyyə itirir. Nəticədə isə narazılıq yaranır. Unutmayın ki, hər bir imtina cavabı vətəndaşın hansısa arzusunu gözündə qoyur. Xahiş edirəm ƏMDX-də çalışanlar bundan sonra fəaliyyətlərində bu məqamı nəzərə alsınlar.

Və son sual, ƏMDX-də qəbul edilən daxili qərarlarda və ya irəli sürdükləri təkliflərdə niyə bələdiyyələrində maraqları nəzərə alınmır.

Belə başa düşmək olar ki, ƏMDX -də çalışanlar gedib səs verdikləri  qurumu tanımaq belə istəmirlər, sanki bələdiyyəni özlərinə alternativ qurum hesab edirlər. Fikrimcə, bu sualın başqa cavabı yoxdur. Nə isə…. Gözləyək…

Vüqar Tofiqli

Rəylər

0 Rəy


Rəy yaz