Qarşıdakı dövrdə də əsas məqsədimiz... BƏLƏDİYYƏ SƏDRİ YAZIR
Şüvəlan Bələdiyyəsinin 2027-ci il üzrə büdcə layihəsi 8 oktyabr 2026-cı il tarixində keçirilmiş 26 saylı iclasda müzakirə olunub. Büdcə layihəsi hazırlanarkən əsas diqqət sosialyönümlü xərclərə, ərazidə yaşayan sakinlərin ehtiyaclarının qarşılanmasına və bələdiyyənin yerli əhəmiyyətli vəzifələrinin icrasına yönəldilib.
2027-ci il üçün bələdiyyə büdcəsinin gəlirləri
350.000 manat həcmində proqnozlaşdırılır. Bu vəsaitin formalaşmasında əsas
gəlir mənbələrindən biri
əmlak və torpaq vergiləridir.
Büdcə daxilolmalarının dinamikasına nəzər
saldıqda, son bir ildə müsbət artım müşahidə olunur. Belə ki, 2025-ci ilin ilk
10 ayında Şüvəlan Bələdiyyəsinin büdcə gəlirləri ümumilikdə 138 947 manat təşkil
edib. Bunun 104 252 manatı əmlak vergisinin, 34 694 manatı isə torpaq
vergisinin payına düşüb.
2026-cı ilin ilk 10 ayı ərzində isə ümumi büdcə
gəlirləri 245 317 manata yüksəlib. Bu məbləğin 181 308 manatı əmlak vergisi, 64
008 manatı isə torpaq vergisi üzrə daxilolmalardır.
Müqayisə göstərir ki, 2026-cı ilin 10 ayı ərzində
büdcə gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 76,6 faiz
artıb. Bu göstərici bələdiyyə gəlirlərinin formalaşdırılması istiqamətində
görülən işlərin və vergi daxilolmalarının əhəmiyyətini bir daha ortaya qoyur.
Qarşıdakı dövrdə də əsas məqsədimiz büdcə gəlirlərinin
artırılması, vergi ödəyicilərinin məsuliyyətinin yüksəldilməsi, maliyyə vəsaitlərindən
səmərəli və şəffaf istifadə olunmasıdır. Formalaşan büdcə imkanları çərçivəsində
sosialyönümlü layihələrin həyata keçirilməsi, abadlıq və yerli infrastrukturun
yaxşılaşdırılması, eləcə də sakinləri narahat edən məsələlərin həlli diqqət mərkəzində
saxlanılacaq.
İnanırıq ki, bələdiyyə ilə sakinlər arasında
qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və hər bir vətəndaşın yerli büdcə gəlirlərinin
formalaşmasına məsuliyyətli yanaşması Şüvəlan qəsəbəsinin inkişafına öz töhfəsini
verəcək.
Telman Süleymanov
Şüvəlan Bələdiyyəsinin sədri
Rəylər
0 Rəy