Məqsədimiz vətəndaşın yerli idarəetməyə əlçatanlığının təmin olunmasıdır: BƏLƏDİYYƏ SƏDRİ HESABAT VERİR
2025-ci ilin əvvəlində Azərbaycanda 6-cı ümumrespublika bələdiyyə seçkiləri
keçirildi.Ölkəmizdə Yerli özünüidarəetmə sahəsində aparılan islahatlar nəticəsində
Səbail rayonunun qəsəbə bələdiyyəsi olan Bibiheybət bələdiyyəsi Səbail bələdiyyəsinə
birləşdi və Səbail bələdiyyəsi yenidən
formalaşdı.
Hal-hazırda Səbail bələdiyyəsinin 17 bələdiyyə üzvü var və 2025-ci ildə
Səbail bələdiyyəsinin ümumilikdə 32 iclası keçirilmişdir.
Birləşmədən sonra bələdiyyə ərazisi genişlənmiş, bələdiyyənin iqtisadi və
maliyyə potensialı müəyyən qədər artmış, yerli problemlərin həlli üzrə vəzifələri
reallaşdırmağa əlavə imkanlar yaranmışdır.
Bələdiyyənin fəaliyyətində büdcənin formalaşmasına və icrasına xüsusi
diqqət yetirilib. Bələdiyyələrin inzibati ərazisində vergi obyektləri və vergi
ödəyiciləri barədə Dövlət Reyestr xidmətində olan məlumatların BAMS-a yəni Bələdiyyələrin
Avtomatlaşdırılmış Məlumat Sisteminə inteqrasiyası nəticəsində yeni əmlaklar və
ödəyicilər barədə məlumatların əldə olunması xeyli asanlaşmış və nəticə olaraq yerli
vergi və ödənişlərin toplanması, tədiyyəçilərlə münasibətlərin düzgün
qurulması, sms bildirişlərin vətəndaşlara göndərilməsi , bələdiyyənin gəlir və xərclər sahəsində şəffaflığın təmin
olunması məqsədi ilə yenilənmiş proqram ölkənin bütün bələdiyyələrində olduğu
kimi Səbail bələdiyyəsinin də fəaliyyətinin
səmərəliyinə gətirib çıxarmışdır.
Yığılan rüsumlar və vergilər haqqında məlumat mütəmadi təhlil edilir.Səbail
bələdiyyəsinin inzibati ərazisində vergidən yayınan vətəndaşlara qarşı xəbərdarlıq
etməklə tədbirlər görülmüş, qanunvericiliyə uyğun olaraq 2025-ci il ərzində 64
nəfər barədə İcra şöbəsinə müraciət olunmuş və
nəticədə vergilərin ödənilməsi təmin olunmuşdur. Ödənilmiş vergilər və
rüsumlar bələdiyyə büdcəsinə mədaxil olaraq, aidiyyatı qurumlara verilən
hesabatlarda öz əksini tapmışdır.
Səbail bələdiyyəsinin 2025-ci il üzrə gəlirlərini fiziki şəxslərdən əmlak
vergisi, fiziki şəxslərdən torpaq vergisi, bələdiyyə mülkiyyətinin özgəninkiləşdirməsi,
icarə və ya istifadəyə verilməsinə görə ödəniş, mehmanxana, sanatoriya-kurort
habelə turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş, bələdiyyə ərazisində
hüquqi və fiziki şəxslərə məxsus ixtisaslaşdırılmış avtomobil dayanacaqlarına
görə ödənişlər təşkil edir.
Səbail bələdiyyəsinin əsas fəaliyyət istiqamətləri bələdiyyənin inzibati
ərazisində yaşayan sakinlərin həyat şəraitlərinin yaxşılaşdırılması, yerli əhali
tərəfindən qaldırılmış məsələlərin vaxtında icra olunması, bələdiyyə-vətəndaş
münasibətlərinin formalaşması və yerli idarəetməyə əlçatanlığın təmin
olunmasıdır.
Qeyd olunan prioritetləri əsas
tutaraq, bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətlərdə xərclənmişdir.
Daimi əsaslarla bələdiyyədə fəaliyyət göstərən bələdiyyənin üzv və
qulluqçularının əmək haqqlarına, DSMF, İcbari Tibbi Sığorta, Sosial sığorta və
İşsizlikdən sığorta haqqlarına, bələdiyyənin saxlanılmasına ilə bağlı təsərrüfat
mallarının və invertarların alınması üçün, cari təmir xərcləri, kommunal və
komunikasiyaya görə, sosial yardımlar üzrə ödənişlər, mədəni-kütləvi bayram tədbirlərinin
təşkilinə, abadlıq-quruculuq və təmir-bərpa işlərinə vəsaitlər xərclənmişdir.
2025-ci ildə Səbail bələdiyyəsinin büdcəsindən abadlıq və təmir işlərinə
vəsait ayrılmış və qeyd olunan işlər həyata keçirilmişdir.
Həmçinin, sakinlərin müraciətlərinə əsasən Yüzbəy Mürsəlov küçəsi, Arif
İsmayılov küçəsi, dalan 1 və dalan 2, Üzeyir Hacıbəyov küçəsi 33/35, Hüseynbala
Əliyev küçəsi, Badamdar yolu 198, Salman Mümtaz küçəsi, Lomonosov 13 və 14,
Gülbala Əliyev küçəsi, Ö.F.Nemanzadə küçəsi və Əlibəyov qardaşları küçələrinin
məhəlləarası yollarında asfalt örtükləri təmir-bərpa olunmuşdur.Salyan şossesi
32 ünvanında ictimai çimərlikdə, Veteranlar bağı və Səbail parkında tərəfimizdən
təmir-abadlıq işləri aparılmış, eyni zamanda Səbail parkında işıq dirəkləri
yenilənmişdir. Səbail bələdiyyəsinin inzibati ərazisində təmirə ehtiyacı
olan dam örtükləri, fasadlar və hasarlar
təmir olunaraq abadlaşdırılmışdır.Həmçinin, Nicat Şükürlü küçəsi və Nizami 68
ünvanında pilləkənlər təmir olunmuş, Bibiheybət yolu, Oktay Daşdəmirov küçəsi,
Nicat Şükürlü küçələrində hasarların ümumi görüntüsünün abadlaşdırılması məqsədilə
bir sıra təmir bərpa işləri görülmüşdür.Sakinlərin müraciətlərinə əsasən
Gülbala Əliyev küçəsində söhbətgah quraşdırılmış və Qafur Məmmədov parkında
oturacaqlar yenilənmişdir.
Səbail bələdiyyəsi tərəfindən sosial yardımların göstərilməsinə vəsait
ayrılmış, həmçinin, sosial yardımlar üçün nəzərdə tutulmuş vəsait şəhid ailələri,
qazilər, müharibə iştirakçıları və aztəminatlı ailələrə maddi yardımlar, ərzaq
yardımlarının verilməsi istiqamətində icra edilmişdir.Səbail bələdiyyəsi hər
zaman şəhid ailələrinə, onlarla bağlı müraciətlərə qarşı xüsusi diqqətlə
yanaşmış, şəhidlərin xatirələrinin əbədiləşdirilməsi, adlarının daima uca zirvələrdə
tutulması istiqamətində bir sıra addımlar atılmışdır.Ötən il 27 sentyabr –Anım Gününün beşinci ildönümünün
qeyd olunması ilə bağlı Səbail rayonu ərazisində yerləşən şəhid məzarlarının və
abidələrinin, baralyeflərin, şəkil lövhələrinin ətrafının abadlaşdırılmış, şəhidlərin
xatirə lövhələri və baralyeflərinin təmir
bərpa işləri görülmüş, baralyeflərdə şəkil və lövhələr dəyişdirilərək yenisi ilə
əvəz olunmuşdur.Həmçinin, Vətən müharibəsi şəhidi İlkin Əhədzadənin 51 saylı məktəbdə
baralyefi qoyulmuş, şəhid Murad Qurbanovun baralyefindəki şəkil və məlumat lövhəsi
tərəfimizdən dəyişdirilmiş, itkin düşmüş şəhid Elçin Quliyevin dəfn mərasimi ilə əlaqədar təşkilati məsələlərində
müvafiq köməklik göstərilmiş və şəhid Namiq Quliyevin qəbrüstü abidəsi təmir-pərpa
olunmuşdur.
Novruz bayramı münasibəti ilə Səbail bələdiyyəsinin ərazisində yaşayan şəhid
ailələri, müharibə veteranları, çernobıl qəzası əlilləri və aztəminatlı ailələr
olmaqla ümumi 240 ailəyə ərzaq yardımı olunmuşdur.
Qurban bayramı münasibəti ilə Səbail bələdiyyəsinin ərazisində yaşayan şəhid
ailələrinə, müharibə veteranları, çernobıl qəzası əlilləri və aztəminatlı ailələrə
ümumilikdə 385 ailəyə qurban payı verilmişdir.
8 noyabr- Zəfər günü münasibəti ilə Səbail bələdiyyəsinin ərazisində
yaşayan şəhid ailələrinə, müharibə iştirakçıları və qazilər olmaqla 254 ailəyə ərzaq
yardımı təqdim olunmuşdur.
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə
Səbail bələdiyyəsinin ərazisində yaşayan şəhid ailələrinə, müharibə
iştirakçıları, qazilər, çernobil qəzası əlilləri və aztəminatlı ailələrə
ümumilikdə 276 ailə ərzaq yardımı ilə təmin olunmuşdur.
Yeni tədris ilinin başlanması ilə əlaqədar qazi, şəhid ailələri və aztəminatlı
ailələrin övladları ümumilikdə 63 nəfər məktəbli forması və ləvazimatları ilə təmin
olunmuşdur.
Səbail bələdiyyəsinin üzv və qulluqçuları Səbail rayon İcra Hakimiyyətinin
keçirdiyi bütün tədbirlərdə bələdiyyə olaraq fəal iştirak etmiş və bələdiyyə tərəfindən
tədbirlərin təşkilatı məsələlərinə müvafiq köməklik göstərilmişdir. Bunlara 10 may
-Ulu Öndərin 102-ci iıdönümündə xatirəsinin yad edilməsi,17 iyun- Tibbi işçilərinin
peşə bayramı, 27 sentyabr-Anım Günü, 8 noyabr -Zəfər günü, 12 dekabr -Heydər
Əliyevin anım günü, 20 yanvar -Ümumxalq Hüzn günü münasibəti ilə təşkil olunan
tədbirləri və xalqımız milli bayramları
olan Novruz bayramı, Ramazan və Qurban bayramları münasibəti ilə keçirilən
bayram tədbirləri, eyni zamanda Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü münasibəti ilə keçirilən bayram tədbirlərini misal gətirmək olar.
Bundan başqa, Səbail bələdiyyəsinin
inzibati ərazisində ətraf mühitin qorunması, ekololi vəziyyətin davamlı
inkişafı bələdiyyə fəaliyyətinin bir hissəsinə çevrilmişdir. Vətəndaşların
qurumuş və ya budanmağa ehtiyacı olan ağacların götürülməsi və ya budanması ilə
əlaqədar müraciətləri tərəfimizdən Azərbaycan Respublikası Ekologiya və Təbi Sərvətlər
Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə ünvanlanmış və il ərzində ümumi 23
yaşıllığın götürülməsi ilə bağlı rəy bələdiyyə iclaslarında təsdiqlənmişdir.Ötən
il ərzində bələdiyyə tərəfindən rayon ərazində yaşıllıqların artırılması məqsədilə
2000-ə yaxın ağac əkilmiş, 3000 kv.m sahəyə qazon örtüyü salınmışdır.Həmçinin,
27 sentyabr – Anım günü ilə əlaqədar Salyan şossesi 12 ünvanında yolkənarı ərazilərində
ağacəkmə aksiyası keçirilmişdir.Səbail rayon Dənizkənarı küçəsi 416, 417 və 418
ünvanlarında yaşıllıqların artırılması məqsədilə qazon örtüyü və ağacəkmə
aksiyası keçirilmişdir.8 noyabr- Zəfər Günü günü ilə əlaqədar Salyan şossesi 12
ünvanında ağacəkmə aksiyası keçirilmişdir.Səbail rayonu, Qurban Abbasov və Ziya
Yusifzadə küçələrinin kəsişməsində yerləşən “Səbail parkı”nda yaşıllıqların
artırılması məqsədilə ağacəkmə aksiyası keçirilmişdir.Nigar Rəfibəyli küçəsi
6/8 ünvanında yerləşən 189-190 nömrəli tam orta məktəbin açıq hava idman
meydançasına bələdiyyə tərəfindən süni
qazon vurulmuşdur.
Səbail bələdiyyəsinin ictimai-siyasi və humanitar şöbələrinin səmərəli fəaliyyəti
olmuşdur.Belə ki, ötən il ərzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində
və 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Səbail rayonundakı
məktəblərdə rəsm müsabiqəsi keçirilmiş, müsabiqənin iştirakçıları və qaliblərinə
bələdiyyə tərəfindən hazırlanmış sertifikat
və hədiyyələr təqdim olunmuşdur.Səbail Bələdiyyəsi tərəfindən məişət
zorakılığı ilə bağlı əhali arasında maarifləndirici sosial sorğu keçirilmişdir
və bukletlər paylanılmışdır. Azərbaycan xalqının tarixinə dönüş nöqtəsi kimi
daxil olmuş 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Səbail Bələdiyyəsində dəyirmi
masa keçirilmişdir.26 iyun Silahlı qüvvələr günündə Səbail rayonunun Vətən
müharibəsinin qaziləri və iştirakçıları
ilə dəyirmi masa təşkil olunmuş, şəhid baralyefləri ziyarət olunmuş və mövzu ətrafında
geniş müzakirələr aparılmışdır.“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq”
kampaniyası çərçivəsində Səbail bələdiyyəsi tərəfindən sakinlərlə maarifləndirici
görüş keçirilmiş və əhalinin sıx yerləşdiyi ərazilərdə mövzu ilə əlaqədar bələdiyyə
tərəfindən hazırlanmış maarifləndirici bukletlər paylanılmışdır.“Narkotik vasitələrin,
psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və
narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində bələdiyyə tərəfindən Bibiheybət qəsəbəsində
50 saylı orta məktəbdə yuxarı sinif şagirdlərinə “Narkomaniyaya yox deyək” adlı
maarifləndirici tədbir keçirilmiş, peşəkar psixoloq tərəfindən şagirdlərə video
çarx vasitəsilə narkotik maddələrin istifadəsinin ziyanları barədə maarifləndirici
məlumatlar təqdim olunmuş və şagirdlərə bu mövzu ilə bağlı bələdiyyə tərəfindən
hazırlanmış bukletlər paylanılmışdır.Bundan başqa Səbail rayonu 85 saylı körpələr
evi uşaq bağçasında tədbir təşkil olunmuş bağçada tədris alan aztəminatlı ailələrin
övladlarına bələdiyyə tərəfindən hədiyyələr verilmişdir.
Səbail rayonu Səbail bələdiyyəsində vətəndaşların müraciətləri və qəbulu
da daim diqqət mərkəzində saxlanılmışdır.Təhlillər göstərir ki, il ərzində Səbail
bələdiyyəsinə 162 -si maddi yardımla bağlı olmaqla müxtəlif məsələlərlə əlaqədar 452 və arayış almaq üçün 459 sayda vətəndaş
müraciəti qeydiyyatdan keçmişdir.
Cari il ərzində Səbail rayon İcra Hakimiyyətindən 80, Azərbaycan
Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekpertiza
Agentliyindən 40, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən
11, Bakı şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Birliyindən 32, Azərbaycan
Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsindən 41, Bakı
İnzibati Məhkəmə, Appelyasiya Məhkəməsi, Səbail rayon Məhkəməsi və Vəkil
bürolarından ümumilikdə 236 sayda məktub daxil olmuşdur.
Müraciətlərə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılmış və
cavablandırılmış, əksəriyyəti bələdiyyə üzvlərinin iclasında müzakirə olunmuş və
qəbul olunmuş qərarlara müvafiq olaraq icrası təmin olunmuşdur.
Sədrin iştirakı ilə keçirilən səyyar vətəndaş qəbullarında ümumilikdə 45
nəfərin müraciət etmiş, onlardan 30 nəfər vətəndaşın müraciəti rəsimləşdirilmiş,
bələdiyyə səlahiyyətlərinə aid olan müraciətlərin icrası təmin olunmuş və ya
aidiyyəti üzrə yönləndirilmiş, 15 nəfər isə yerində müvafiq izahatlar verilməklə
yola salınmışdır.
Bələdiyyənin inzibati binasında 276 nəfər vətəndaş sədr tərəfindən şəxsən
qəbul edilmişdir.Müraciət edənlərin əksəriyyəti maddi yardım və ərzaq
yardımları ilə bağlı olmuş, bələdiyyə üzvlərinin iclasına çıxarılmış, verilmiş
qərara və növbəlilik prinsipinə əsasən hər biri təmin olunmuşdur.
Bələdiyyədə daima fəaliyyəti təmin olunan 0124910385 telefon nömrəsi,
sabailbelediyyesi@gmail.com elektron ünvanına daxil olan şikayət və müraciətlər
qeydə alınır, rəhbərliyə çatdırılır və tədbirlər görülür.
Səbail bələdiyyəsi tərəfindən bələdiyyə fəaliyyəti daima işıqlandırılır,
həmçinin, sebailbelediyyesi.az rəsmi
saytı, esabail.gov.az portalında, bələdiyyənin facebook səhifəsində
paylaşılaraq əhaliyə çatdırılır.
Məqsədimiz-iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş
dövrünü yaşayan və yeni strateji inkişaf mərhələsinə qədəm qoymuş Azərbaycanda
müasir çağırışlara uyğunlaşmaq, dövlətin inkişaf proseslərində daha fəal
iştirak etmək, bələdiyyə fəaliyyətini daha səmərəli şəkildə qurmaq, bələdiyyə
iclaslarında verilən qərarların
qanunvericiliyin tələblərinə uyğun olaraq icra etmək, şəffaflıq və əlçatanlığı
təmin etmək və bələdiyyənin üzərinə düşən vəzifələrin təxirəsalınmadan icra
edilməsi üçün müvafiq tədbirləri görməkdir.
Səbail rayon Səbail bələdiyyəsi inzibati ərazimizdə yaşayan vətəndaşlara
və media orqanlarına görülmüş işlərlə bağlı illik hesabatı elan, bülleten,
internet saytı və s. vasitələrlə çatdırır.
Hacı Əliyev
Səbail bələdiyyəsi sədri
Rəylər
0 Rəy