Səbail bələdiyyəsində “Nəsillərarası dialoq” adlı mini-panel keçirilib
15 may — Beynəlxalq Ailə Günü münasibətilə Səbail bələdiyyəsində “Nəsillərarası dialoq” adlı mini-panel təşkil olunmuşdur. Tədbir Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Dəyərlər necə dəyişir?” mövzusuna həsr edilmişdir.
Tədbirin açılışında Səbail bələdiyyəsinin sədri Hacı Əliyev ailə institutunun cəmiyyət üçün əhəmiyyətindən, nəsillərarası əlaqələrin gücləndirilməsinin vacibliyindən və müasir dövrdə ailə dəyərlərinin qorunmasının aktuallığından bəhs etmişdir.
Daha sonra RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Qabil Vahidov ailə dəyərlərinin sosial sabitlikdə rolu, nəsillər arasında qarşılıqlı anlaşmanın əhəmiyyəti və gənclərin inkişafında ailə mühitinin təsiri barədə fikirlərini bölüşmüşdür.
Ardınca İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Xatun Kərimova müasir informasiya mühitinin ailə münasibətlərinə təsiri, nəsillərarası ünsiyyətin formalaşması və dialoqun gücləndirilməsinin önəmini vurğulamışdır. O, həmçinin tədbirin moderatoru kimi panelin interaktiv və səmərəli keçməsini təmin etmişdir.
Panel zamanı gənc ailə nümayəndələri və yaşlı nəslin təmsilçiləri fəal iştirak edərək ailə dəyərləri, ənənələrin qorunması, texnologiyanın təsiri və nəsillərarası fərqlər mövzularında müzakirələr aparmış, öz şəxsi təcrübələrini bölüşmüşlər.
Tədbir çərçivəsində “Kim deyib?” formatında interaktiv oyun və sual-cavab sessiyası da keçirilmiş, bu hissələr iştirakçılar arasında marağı və fəallığı daha da artırmışdır.
Sonda belə qənaətə gəlinmişdir ki, zaman dəyişsə də ailənin əsas dəyərləri — sevgi, hörmət və qarşılıqlı anlayış — dəyişməz olaraq qalır və nəsillərarası dialoq bu dəyərlərin qorunmasında mühüm rol oynayır.
Rəylər
0 Rəy