Sumqayıt Bələdiyyəsinin təşkilatçılığı ilə MÖHTƏŞƏM MUĞAM AXŞAMI KEÇİRİLDİ
Sumqayıt şəhərində,
Sumqayıt Bulvarı ərazisində inşa edilən Sumqayıt Bələdiyyəsinin Muğam və
Yaradıcılıq Mərkəzində möhtəşəm muğam axşamı keçirilib.
Sumqayıt Bələdiyyəsinin
təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın zəngin musiqi irsinin incisi
olan muğam sənəti təqdim olunub, tamaşaçılara unudulmaz və yüksək zövqlü musiqi
anları yaşadılıb.
Qeyd edək
ki, Sumqayıt Bulvarında yerləşən bu möhtəşəm mədəniyyət ocağı müasir memarlıq
üslubu, yüksək texniki imkanları və 400 nəfərlik tamaşaçı tutumu ilə şəhərin mədəni
həyatında xüsusi yer tutur. 2019-cu il noyabrın 21-də istifadəyə verilən mərkəz
bu gün artıq regionun aparıcı mədəniyyət məkanlarından birinə çevrilməkdədir.
Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
iştirakı bu məkanın dövlət səviyyəsində yüksək dəyərləndirildiyini bir daha
sübut edir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən
son illər şəhərdə həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işləri, o
cümlədən mədəniyyət sahəsinə göstərilən xüsusi diqqət vurğulanıb. Bildirilib
ki, bu cür tədbirlər milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə
ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Muğam
axşamını , Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Millət Vəkilləri,
İdarə və müəssisə rəhbərləri, şəhid ailələri və qazilər, eləcə də içtimayət
nümayəndələri izləyib.
Səhnəyə
çıxan ifaçılar , Nisbət Sədrayeva, Rəvan Qaçayev, Ayşən Mehdiyeva, Aytac
Baybalayeva, Murad Laçın, Gülnar Qüdrətli, Məftun Səfərov və Xəyal Hüseynov öz
yüksək səviyyəli ifaları ilə tamaşaçıların böyük rəğbətini qazanıblar.
Onların
ifasında səslənən muğam parçaları milli musiqimizin dərinliyini, emosional zənginliyini
və bədii gücünü bir daha nümayiş etdirib.
İfaçıları
peşəkar musiqiçilər , Rüstəm Müslümov (tar), əməkdar artist Toğrul Əsədullayev
(kamança), Röya Hacıyeva (kanon), Rəfael Əsgərov (balaban), Əhməd Əhmədov
(qarmon), Səfərəli Məhəmmədəliyev (piano), Siyavuş Kərimov (nağara), Səyyar
Teymurov (bəm nağara). müşayiət edib.
Tarın zərif
mizrabı, kamançanın kövrək sədası, balabanın yanğılı nəfəsi və xanəndə səsinin
vəhdəti nəticəsində muğamın klassik ruhu səhnədə dolğun şəkildə təqdim olunub və
tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb.
Tədbirin
sonunda bildirilib ki, Sumqayıt Muğam və Yaradıcılıq Mərkəzi bundan sonra da
aktiv fəaliyyət göstərəcək, mütəmadi olaraq müxtəlif mədəni tədbirlərə ev
sahibliyi edəcək və şəhərin mədəni həyatına mühüm töhfələr verməyə davam edəcək.
Eyni
zamanda yaxın günlərdə keçiriləcək tədbirlər də elan olunub. Belə ki, 12 aprel
tarixində mərkəzdə uşaqlar üçün 2 seanslı 11:30 və 13:30 saatlarında “Qaraca
qız” kukla teatrı tamaşası təşkil olunacaq, 24 aprel tarixində isə tanınmış müğənni
Elton Hüseynəliyevin konserti baş tutacaqdır.
Sumqayıt bələdiyyəsi
Rəylər
0 Rəy