Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq, qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi, həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətləridir. Sağlam ətraf mühitdə yaşamaq kimi konstitusion hüququn realizəsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ekoloji problemlərin həllinə yönəldilmiş tədbirlərin səmərəliliyini artırmaq, operativ həll olunmasını təmin etmək, o cümlədən ətraf mühitin sağlamlaşdırılması məqsədilə ardıcıl işlər həyata keçirilməkdədir.
Belə ki, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham
Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı
ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir.
Sərəncama əsasən Azərbaycan Respublikası beynəlxalq
ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına
qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycanın 2030-cu ilə qədər
sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit
və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq,
ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su
ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin
edilməsi istiqamətində işlər aparılır. Azərbaycan baza ili (1990) ilə
müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının
35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür.
Eyni zamanda Sərəncamda işğaldan azad edilmiş
Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji
zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı
bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritet
məsələlərdəndir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ
yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl enerji növlərinin
yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji
siyasətinin əsasını təşkil edir. Azərbaycan elektrik enerjisi istehsalının
qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30
faizə çatdırılmasını hədəfləyir.
Təbii sərvətlərdən səmərəli istifadə ölkənin
dayanıqlı iqtisadi inkişafının ayrılmaz hissəsidir. Ölkə iqtisadiyyatının sürətli
inkişafı, xalqın rifahının yüksəldilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması,
ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə məsələləri
həmişə dövlət rəhbərliyinin diqqət mərkəzində olmuşdur. Ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin
sağlamlaşdırılması ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin
mühüm tərkib hissəsi olmuşdu. Əsası Ulu Öndər tərəfindən qoyulmuş bu strategiya
onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilir. Bu məqsədlə ölkəmizdə ekoloji problemlərin həlli məqsədilə çoxsaylı
qanunvericilik aktları, Dövlət proqramları qəbul olunmuşdur. Bu proqramların əsas
məqsədi ölkə iqtisadiyyatının, xüsusilə, qeyri-neft sektorunun dinamik
inkişafına, əhalinin iqtisadi və sosial tələbatlarının daha dolğun təmin
olunmasına, regionların inkişafına, ölkənin iqtisadi təhlükəsizliyinin təmin
edilməsinə, ətraf mühitin mühafizəsinə yönəldilmişdir.
Azərbaycan Respublikasının
prezidenti cənab İlham Əliyevin uğurlu
siyasəti beynəlxalq aləmdə ölkəmizin nüfuzunun artmasına və dünya miqyasında
çox güclü mövqelər qazanmasına səbəb olmuşdur. Təbii ki, buna dövlət başçısının
həyata keçirdiyi müstəqil siyasəti, prinsipial mövqeyi və beynəlxalq hüquqa
bağlılığı təsir göstərmişdir. Bu hörmət və etimadın göstəricisi olaraq bir çox
nüfuzlu beynəlxalq tədbirlər ölkəmizdə keçirilir. Belə ki, ölkəmiz növbəti beynəlxalq
uğura imza ataraq COP29 beynəlxalq konfransının Azərbaycanda, Bakıda
keçirilməsinə nail olmuşdur.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir
tədbirin Azərbaycanda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizin
milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin
qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. COP29 konfransına ev sahibliyini Azərbaycan
üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid
strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar.
Ekologiyanın qorunması, sağlam ətraf mühit, su,
enerji və digər təbii ehtiyyatlarından səmərəli
istifadə dövlət siyasətinin ana xətti olmaqla yanaşı, bələdiyyələrin də fəaliyyətinin
əsas istiqamətini təşkil etməlidir.
Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının
144-cü maddəsinin birinci hissəsinin 9-cu bəndində ekologiya məsələləri ilə əlaqədar
bələdiyyələrin səlahiyyətləri də təsbit olunmuşdur. Belə ki, bu müddəada qeyd
edilir ki, bələdiyyələr öz ərazi hüdudlarında yerli ekoloji proqramların qəbul
olunmasını və onların icrasını təmin edir.
Bələdiyyələrin
yerli ekoloji proqramlarında məqsəd dövlətin həyata keçirdiyi ekoloji
proqramlarda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli
ekoloji təmizlik məsələlərinin həllinə yerli əhalinin hamılıqla cəlb edilməsidir.
Həmin proqramlara yerli şəraitdə mövcud olan ekoloji tarazlığın qorunub
saxlanılması, bələdiyyə ərazisinin yaşıllaşdırılması və abadlaşdırılması, məişət
tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı və bu sahədə
başqa məsələlərin həlli üçün tədbirlər görülməsi, suyun, havanın, torpağın hər
cür çirklənmədən qorunması, qonşu bələdiyyələrlə birgə ekoloji tədbirlərin həyata
keçirilməsi və yerli əhəmiyyətli digər tədbirlər daxil edilə bilər. Bələdiyyələr
dövlətin ekoloji proqramları ilə yerli ekoloji proqramların əlaqələndirilməsinə,
müəyyən hallarda birgə tədbirlərin həyata keçirilməsinə yardım göstərirlər.
Bu baxımdan yerli idarəçilikdə dövlət səviyyəsində
ekoloji baxımdan qəbul edilmiş proqramlar izlənilməklə mühüm ekoloji tədbirlər
həyata keçirilməlidir. Ətraf mühitin qorunması hamımızın başlıca vəzifəsi
olmalıdır. Sağlam mühit, təmiz cəmiyyət, yaşıllıqların artırılması və s. bu
kimi hallarla bağlı bələdiyyələr yerli səviyyədə əhali ilə mütəmadi görüşlərin
təşkilinə diqqət yetirməli, yerli əhalinin
ekoloji cəhətdən maarifləndirlməsi ilə
bağlı tədbirlər həyata keçirilməlidir.
Xatırladaq ki, ötən dövr ərzində ekoloji mühitin qorunması sahəsində
bələdiyyə üzvlərinin və qulluqçularının hüquqi biliklərinin artırılmasına kömək
məqsədilə Ədliyyə Nazirliyi tərəfindən “Ekoloji mühitin qorunmasında bələdiyyələrin
iştirakı” və “Yaşıllıqların
mühafizəsi və götürülməsi ilə bağlı” qanunvericiliyin tələbləri barədə tövsiyələr hazırlanaraq bütün bələdiyyələrə göndərilmişdir.
Göstərilənləri
nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “2024-cü il Azərbaycanda
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi barədə 25 dekabr 2023-cü il tarixli Sərəncamı”ndan irəli gələn vəzifələrlə
bağlı bələdiyyə üzv və qulluqçularının,
o cümlədən yerli əhalinin maarifləndirilməsi,
həmçinin ətraf mühitin qorunması və digər ekoloji tədbirlərin həyata keçirilməsində
bələdiyyələrin iştirakı tövsiyə olunur.
Bələdiyyələrlə iş mərkəzi