Hər bir ölkənin inkişafında, tərəqqisində ən mühüm amillərdən biri vətəndaş məmnunluğunun səviyyəsidir. Ölkə başçısının ayrı-ayrı sahələrin inkişafına xidmət edən fərman və sərəncamlarına, təsdiqlədiyi dövlət proqramlarına diqqət yetirsək görərik ki, onların uğurlu icrası son nəticədə vətəndaş məmnunluğunun artırılmasını təmin edir. İstənilən vəzifəli şəxs insanların problemləri ilə maraqlanmalı, hər zaman onların yanında olmalı, vətəndaşları narahat edən məsələlərin həlli istiqamətində zəruri addımlar atmalıdır.
Ölkəmizdə vətəndaşlara, xüsusən şəhid ailələrinə, eləcə də Qarabağ qazilərinə diqqət, qayğı sosial siyasətin prioritetlərindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini insanların, xüsusən müharibə veteranlarının, əlillərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.
Azərbaycanın davamlı inkişafı, aparılan quruculuq işləri, şəhər və kəndlərimizin gündən-günə abadlaşması, əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğı ölkə vətəndaşlarının öz dövlətinə, Prezidentinə inamını daha da artırır. Vətəndaş məmnunluğunun təmin edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə daha yüksək pilləyə qaldırılması, vətəndaşların qəbulunda şəffaflığın artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzi də yaradılmışdır.
Vətəndaşların müraciətlərinə artan diqqətdən danışarkən Azərbaycan Respublikası Prezidentinin bilavasitə tapşırıq və tövsiyəsi ilə respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının və digər qurumlarının rəhbərlərinin təsdiq olunmuş qrafik üzrə respublikanın bölgələrində keçirdikləri qəbulların rolunu qeyd etməmək olmaz.
Dövlət başçısının tapşırığına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların, xüsusilə Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin müraciətlərinə qayğı və həssaslıqla yanaşılır, nazirlikdə, bölgələrdə, habelə virtual qaydada vətəndaşlar qəbul edilərək qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülür. Bununla yanaşı işğaldan azad edilmiş torpaqlarımızda daimi məskunlaşmanın təmin olunması məqsədilə Nazirlik tərəfindən səyyar qəbullar zamanı müasir innovasiyalar tətbiq olunmaqla hüquqi xidmətlərin göstərilməsi davam etdirilir. Nazirliyin müvafiq tapşırıqlarına əsasən Bələdiyyələrlə iş mərkəzi tərəfindən də qeyd olunan istiqamətdə işlərin görülməsi mütəmadi diqqət mərkəzində saxlanılır. Mərkəz tərəfindən 16.02.2021-ci il tarixdə bələdiyyələrə şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının müraciətlərinə baxılması zamanı onlara xüsusi həssaslıqla yanaşılması, müraciətlərində qeyd olunan məsələlərin həlli barədə onlara lazımi izahat və düzgün istiqamət verilməsinə maksimum səy göstərilməsi ilə bağlı “Vətəndaş müraciətlərinə baxılmasına xüsusi diqqət və qayğı ilə yanaşılması barədə” tövsiyə göndərilmiş, ötən dövr ərzində də bu qəbildən müraciətlərə baxılması vəziyyəti təhlil edilərək müvafiq maarifləndirici işlər aparılmışdır.
Eyni zamanda vətəndaşların qəbulunun daha səmərəli təşkili və elektron məktubla müraciət etmə imkanlarının genişləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən hazırlanaraq istifadəyə verilmiş “Bələdiyyələrlə iş portalı”nda müvafiq funsional imkanlar nəzərdə tutulmuşdur. Belə ki, portalda Bələdiyyələrlə iş mərkəzinin və regional ədliyyə idarələrinin vəzifəli şəxslərinin qəbul günlərinin və bələdiyyələrin elektron poçt ünvanları, eləcə də əlaqə nömrələrinin siyahısı təqdim edilmişdir.
Vətəndaşların müraciətlərinə baxılması ilə bağlı hər bir inzibati orqanda nəzarətin təşkili mühüm rol oynayır. Qurumlarda bu iş “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra – Qanun) və müvafiq kargüzarlıq qaydalarına uyğun təşkil edildikdə narazılıq yaranmır, müraciətlərə baxılma müddətlərinə əməl olunur, vətəndaşların qəbulu düzgün təşkil edilir, onlara vaxtında cavab verilir, ən başlıcası, əsaslı tələblər yerinə yetirilir, səhlənkarlığa yol vermiş şəxslər barəsində müvafiq tədbirlər görülür.
Hər bir vətəndaşın dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ var. Qanunçuluq, vətəndaşların müraciət hüququnun sərbəst və könüllü həyata keçirməsinə şərait yaradılması, müraciətlərə dair tələblərin vahidliyi, fiziki və hüquqi şəxslərin hüquqları və qanuni mənafelərinin qorunması, müraciətlərə baxılmasında ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi, müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin fəaliyyətində şəffaflığın təmin edilməsi, vətəndaşların müraciət etmək hüququ ilə dövlət maraqlarının uzlaşdırılması vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsiplərindəndir.
Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə onlara zəruri qayğını göstərilməsi üçün vətəndaşları narahat edən məsələlərin daimi diqqətdə saxlanılması, onların mütəmadi qəbulunun təşkili başlıca tələblərdəndir. Bələdiyyələrin vəzifəli şəxsləri tərəfindən təsdiq edilmiş vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ayda bir dəfədən az olmayaraq vətəndaşlar qəbul edilməlidirlər. Əvvəlcədən tərtib edilmiş qəbul qrafikinə əsasən qabaqcadan bildirilən günlərdə və saatlarda vətəndaşların qəbulu həyat keçirilir. Bələdiyyələrin qarşısında duran digər vəzifələrdən biri də vətəndaşların bu məlumatlara əlçatanlığının təmin edilməsi üçün addımlar atmaq, müvafiq qəbul cədvəllərinin rəsmi internet səhifələrində, bələdiyyənin inzibati binalarında hamının görə biləcəyi yerlərdə yerləşdirilməsinin təmin etməkdir.
Qəbul zamanı vətəndaşın etdiyi şifahi müraciətilə bağlı qeydiyyat-nəzarət vərəqəsində qəbula dair qeyd aparılır. Şifahi müraciətdəki məsələnin həlli əlavə araşdırma tələb etmədikdə, vətəndaşın razılığı ilə müraciət qəbul zamanı şifahi qaydada cavablandırılır. Qəbul zamanı vətəndaşın müraciətini şifahi qaydada cavablandırmaq mümkün olmadıqda, müraciət yazılı qaydada təqdim olunur. Müraciətlər ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməsi tələb edildikdə, bələdiyyənin vəzifəli şəxsləri onları dərhal qəbul etməlidirlər.
Müraciətdə qaldırılan məsələnin digər müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin səlahiyyətinə aid olduğu aşkar edilərsə, müraciət edən şəxsə qəbul zamanı aidiyyəti üzrə müraciətetmə qaydası izah olunmalıdır.
Qeydiyyat-nəzarət vərəqəsinin forması və doldurulması qaydası, eləcə də qanunla müəyyən edilmiş şəxslərin müraciətlərinin qəbulu, qeydiyyata alınması, baxılması, cavablandırılması və arxivləşdirilməsi ilə bağlı kargüzarlığın aparılması Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası” ilə tənzimlənir.
Bələdiyyələrin vəzifəli şəxsləri etik davranışı və peşəkar fəaliyyəti ilə yerli özünüidarə orqanlarına inamı artırmalı və möhkəmləndirməlidir.
Lakin inzibati nəzarət qaydasında vətəndaş müraciətlərinə baxılması nəticələri təhlil edilərkən bu sahədə bir sıra bələdiyyələrin vəzifəli şəxsləri tərəfindən çoxsaylı pozuntulara yol verildiyi məlum olur.
Bir sıra hallarda vətəndaşlar bələdiyyə sədrini, eləcə də bələdiyyənin digər vəzifəli şəxslərini iş yerində tapa bilmədiklərindən narazılıq edirlər. Bələdiyyənin vəzifəli şəxslərinin qəbul qrafikinin müəyyənləşdirilməsi, əhalinin bu barədə məlumatlandırılması və ən azı qrafikə uyğun qəbul saatlarında həmin vəzifəli şəxslərin iş yerində olması vacibdir.
Ən çox rast gəlinən hallardan biri də torpaq tələbi barədə vətəndaşların müxtəlif mərkəzi icra hakimiyyəti orqanlarına, hətta ölkə rəhbərliyinə müraciət etdikləri hallarda bələdiyyə sədrlərinin həmin vətəndaşların bələdiyyəyə bu barədə ərizə ilə müraciət etmədiklərini arqument kimi göstərmələridir. Müxtəlif dövlət orqanlarına müraciət edən vətəndaşın bələdiyyəyə müraciət etməməsi əlbəttə inandırıcı deyildir.
Aydın olur ki, bələdiyyə sədrinə və ya bələdiyyənin digər vəzifəli şəxslərinə torpaq sahəsinin ayrılması ilə bağlı şifahi müraciət edildikdə onlar vətəndaşların müraciətlərinə laqeyd yanaşır, qanunvericiliyin tələblərini, o cümlədən bələdiyyəyə ərizə ilə müraciət edilməli olduğunu izah etmirlər.
Bələdiyyələrin fəaliyyətindən edilən şikayətlərin səbəblərindən biri də torpaq tələbi barədə müraciətlərə bələdiyyə iclasında baxılaraq torpaq sahəsinin ayrılması proseduruna başlanılması barədə qərar qəbul edilərək müvafiq rəylərin alınması, ilkin torpaqayırma sənədlərinin hazırlanması, bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün aidiyyəti dövlət orqanlarına müraciət edilməsinə baxmayaraq həmin müraciətlərin uzun müddət həll olunmaması halları ilə bağlıdır. Bu hallarda vətəndaş məlumatlı olmadığından müraciətinin həll olunmaması, süründürməçiliyə yol verilməsi barədə bələdiyyədən şikayət edir. Bələdiyyələr vətəndaşların müraciətlərinə baxılması, qəbul edilən qərarlar, aidiyyəti dövlət orqanlarına müraciət edilməsi barədə müraciət müəllifi olan vətəndaşları rəsmi qaydada məlumatlandırmalıdırlar. Bu bir tərəfdən müraciət müəllifinin öz müraciətinə baxılması vəziyyəti barədə məlumatlandırılması baxımından, digər tərəfdən isə bələdiyyələrin fəaliyyətindən əsassız şikayətlərin qarşısının alınması baxımından vacibdir.
Həmçinin, bəzi vətəndaş müraciətlərindən aydın olur ki, bir sıra hallarda bələdiyyənin vəzifəli şəxsləri müraciət edən vətəndaşlarla kobud, etik davranış qaydalarına zidd rəftar edirlər. Bu yolverilməz haldır. Hər bir bələdiyyənin vəzifəli şəxsləri, üzvləri, qulluqçuları daim vətəndaşlarla ünsiyyətdə olmalı, onları dinləməli, bələdiyyənin səlahiyyətləri və imkanları daxilində qaldırılan məsələlərin həllinə çalışmalıdırlar. Yerli əhalinin inamını, dəstəyini qazanmayan bələdiyyə fəaliyyətində uğur əldə edə bilməz.
Əlavə olaraq bildirilir ki, həm də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində vətəndaş müraciətlərinə baxılması zamanı yol verilən pozuntulara görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məcəllənin 594-1.1.3-cü maddəsinə əsasən vətəndaşların qəbulunun “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təşkil edilməməsinə görə vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir.
Göstərilənlərə əsasən vətəndaşların, xüsusilə şəhid ailələri və qazilərin müraciətlərinə qayğı və diqqətlə yanaşılması, onların qəbulunun təşkili, bu sahədə qanunvericiliyin tələblərinə əməl olunması məsələlərinin gündəlik diqqətdə saxlanılması, ölkə Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq bu sahədə işin daha da yaxşılaşdırılması üçün təsirli tədbirlər görülməsi tövsiyə olunur.
Bələdiyyələrlə iş mərkəzi