Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.
24-06-2023, 16:43

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Metodik Tövsiyə
- +
Nağdsız maliyyə əməliyyatlarının istisnasız olaraq Hökumət Ödəniş Portalı vasitəsilə həyata keçirilməsi barədə

Yerli özünüidarəetmə fəaliyyətində müasir innovativ üsul və vasitələrdən istifadə etməklə aşkarlığın və şəffaflığın gücləndirilməsi, o cümlədən korrupsiya hüquqpozmalarına şərait yaradan halların aradan qaldırılması qarşıya qoyulmuş əsas prioritetlərdən biridir.

Ümumilikdə, vətəndaşların dövlət qurumları və yerli özünüidaretmə orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili, dövlət idarəçiliyində aşkarlıq və şəffaflığın artırılması, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasının təmin edilməsi üçün müasir innovativ sistemlərin tətbiqi zəruridir. Belə uğurlu tətbiqlərdən biri də Hökumət Ödəniş Portalıdır.

Hökümət Ödəniş Portalı ölkə iqtisadiyyatında nağdsız hesablaşmaların genişləndirilməsi və bütün regionlarda maliyyə xidmətlərinə çıxış imkanlarının artırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən yaradılmışdır. Portal vasitəsilə mərkəzləşdirilmiş qaydada vergi, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin, həmçinin kommunal, rabitə və başqa kütləvi xidmətlər üzrə ödənişlərin internet üzərindən ödəniş kartlarından, bank hesablarından istifadə edilməklə, həmçinin bankların və milli poçt operatorunun maliyyə xidməti nöqtələrində nağd qaydada toplanılması təmin edilir.

Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2018-ci il tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin genişləndirilməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi və bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsi istiqamətində bir çox mühüm tapşırıqlar verilmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müvafiq Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində Milli Ödəniş Sistemi infrastrukturundan daha səmərəli istifadənin təmin olunması, ölkənin bütün regionlarında elektron ödəniş xidmətlərinə çıxış imkanlarının yaradılması və innovativ ödəniş həllərinin tətbiq edilməsi ilə nağdsız ödənişlərdən istifadənin genişləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir.

Məlum olduğu kimi, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağan edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 27 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın   1.8-ci bəndində də yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikası Mərkəzi Bankının Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş informasiya Sistemi və elektron terminallar vasitəsilə həyata keçirilməsinin təmin edilməsi barədə tapşırıq nəzərdə tutulmuşdur.

Lakin bir sıra hallarda yerli büdcəyə nağdsız ödənişlər Hökümət Ödəniş Portalından kənar qaydada həyat keçirilir.

 Yerli (bələdiyyə) vergi və ödənişlər Mərkəzi Bank tərəfindən yaradılmış “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş bank xidməti göstərən qurumlarda və ya ödəniş terminallarında istənilən vasitələrlə, o cümlədən nağd formada, portalın internet səhifəsindən (www.gpp.az), mobil vasitələrdən istifadə etməklə isə ödəniş kartları vasitəsilə nağdsız qaydada aparıla bilər.

Ödənişlərin həyata keçirilməsi zamanı ödəyicinin identifikasiyası üçün bələdiyyələr “Yerli Vergi Ödəyicisinin Kodu” (YVÖK) təqdim etməlidirlər. Ödəyicilər bu kodu müvafiq bələdiyyə orqanlarına müraciət etməklə əldə edə bilərlər.

Məlumat üçün bildirilir ki, bələdiyyələrin fəaliyyətində korrupsiya risklərinin qarşısının alınması məqsədilə yerli büdcəyə nağdsız ödənişlərin yalnız Hökümət Ödəniş Portalı vasitəsilə həyata keçirilməsinin təmin olunması barədə bank xidməti göstərən qurumlara müvafiq təlimat göndərilməsi ilə bağlı 26.01.2023-cü il tarixdə Mərkəzi Banka Bələdiyyələrlə iş mərkəzi tərəfindən müraciət edilmiş, Mərkəzi Bankın rəhbərliyi tərəfindən aidiyyəti qurumlara müvafiq təlimat verilmişdir.

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ciddi əməl olunması, nağdsız hesablaşmaların yalnız Hökumət Ödəniş Portalı vasitəsilə həyata keçirilməsi, bunun üçün bələdiyyələrin səlahiyyətlərinə aid məsələlərin icrasının təmin olunmasına diqqətin artırılması tövsiyə olunur.

 

Bələdiyyələrlə iş mərkəzi

 

Digər tövsiyələr