Adil Xudadatov: “Bələdiyyələr vətəndaşlarla birbaşa təmasda olaraq hüquqi məlumatların çatdırılmasında körpü rolunu oynayır”
Sumqayıtda məhkəmə qərarlarının icrasına dair tədbir keçirilib
Sumqayıt
Dövlət Dram Teatrında “Məhkəmə qərarlarının icra olunmaması nəticəsində yaranan
məsuliyyət tədbirləri” mövzusunda maarifləndirici dəyirmi masa keçirilib. Əvvəlcə
Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla
yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş
tutan tədbirdə hüquq-mühafizə orqanlarının nümayəndələri, məhkəmə və icra strukturlarının
əməkdaşları, təhsil müəssisələrinin təmsilçiləri, ictimai təşkilatların rəhbərləri,
media nümayəndələri və şəhər ictimaiyyətinin üzvləri iştirak edib.
Tədbiri açılış nitqi ilə Sumqayıt şəhər İcra Hakimiyyəti
başçısının birinci müavini Teymur Səmədov açaraq mövzunun aktuallığından bəhs
edib. O qeyd edib ki, məhkəmə qərarlarının icrası hüquqi dövlət quruculuğunun
ayrılmaz tərkib hissəsidir və bu sahədə maarifləndirmə işlərinin aparılması cəmiyyət
üçün mühüm əhəmiyyət daşıyır.
Teymur Səmədov vurğulayıb ki, Azərbaycan Respublikasında məhkəmə
hakimiyyətinin müstəqilliyi və məhkəmə qərarlarının icrasının təmin olunması
Konstitusiya ilə təsbit edilib.
Bu cür maarifləndirici tədbirlərin keçirilməsi vətəndaşların
hüquqi biliklərinin artırılmasına, qanuna hörmət hissinin gücləndirilməsinə və
hüquqi münasibətlərdə şəffaflığın təmin olunmasına xidmət edir.
Daha sonra məruzə nitqi ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin
Hüquq şöbəsinin müdiri Layiqə Hidayətova çıxış edib. O, mövzu ilə bağlı geniş və
əhatəli məruzə ilə çıxış edərək məhkəmə qərarlarının icra mexanizmləri, icra
olunmaması nəticəsində yaranan hüquqi məsuliyyət tədbirləri və mövcud
qanunvericilik normaları barədə ətraflı məlumat verib.
Layiqə Hidayətova qeyd edib ki, Azərbaycan Respublikası
Konstitusiyasına əsasən, məhkəmə qərarları dövlət adından çıxarılır və onların
icrası məcburidir. Əsas məqsəd məhkəmə qərarlarının vaxtında və qanuna uyğun
icrasını təmin etməkdir. O əlavə edib ki, hüquqi maarifləndirmə bu sahədə
problemlərin qarşısının alınmasında mühüm rol oynayır.
Tədbirdə Sumqayıt Şəhər Bələdiyyəsinin sədri Adil Xudadatov
da geniş çıxış edib. O bildirib ki, yerli özünüidarəetmə orqanları da məhkəmə qərarlarının
icrası və hüquqi maarifləndirmə prosesində mühüm rol oynayır. Adil Xudadatov
qeyd edib ki, bələdiyyələr vətəndaşlarla birbaşa təmasda olan qurumlar olaraq
hüquqi məlumatların çatdırılmasında körpü rolunu oynayır. Onun sözlərinə görə,
bələdiyyələrin maarifləndirici tədbirlərdə fəal iştirakı və hüquqi dövlət
prinsiplərinin təbliği cəmiyyətin hüquq mədəniyyətinin formalaşmasına müsbət təsir
göstərir.
Tədbirdə həmçinin Sumqayıt Regional Ədliyyə İdarəsinin rəisi
Hüseyn Məmmədov, Sumqayıt şəhər Məhkəməsinin hakimi Samir İsmayılov, Regional vəkil
bürosunun müdiri Anar Qasımlı, Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin müstəntiqi
Samir Əliyev, Sumqayıt şəhər 1 saylı Mediasiya təşkilatının sədri Etibar Həsənov,
İcra İdarəsinin rəis müavini Bayram Bayramzadə və digər çıxış edənlər mövzu ilə
bağlı fikirlərini bölüşüblər.
Qeyd olunub ki,məhkəmə qərarlarının qərəzli şəkildə icra
edilməməsi inzibati və cinayət məsuliyyətinə səbəb ola bilər.
Çıxışlarda icra sənədləri üzrə borcun ödənilməsi zamanı tətbiq edilən qanuni mexanizmlər, könüllü icra müddətləri, eləcə də borclunun gəlirlərindən tutulmalarla bağlı qanunvericilikdə nəzərdə tutulmuş limitlər – xüsusilə gəlirlərin maksimum 70 faizinə qədər tutulma qaydaları diqqətə çatdırılıb. Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və tədbir yekun sözü ilə başa çatıb.
Rəylər
0 Rəy